Dəyişiklik üçün 1000-dən çox imza toplanıb – Fan icması tələb edir!

Təxminən 3 gün əvvəl Azərbaycanın ilk Avroviziya bloqu olaraq ölkəmizin son illərdə Avroviziyada ardıcıl şəkildə uğursuz nəticələr əldə etməsi ilə bağlı narahatlığımızı ifadə etmək və dəyişiklik tələblərimizi çatdırmaq məqsədilə bir petisiya başlatmışdıq.

Petisiya məqaləmiz

Bu petisiyanı başlatmağımızın əsas səbəbləri ölkəmizin son illərdə, xüsusilə də son iki müsabiqədə sonuncu sırada qərarlaşması, nümayəndə heyətinin fan bloqları və müsabiqə izləyiciləri ilə qurduğu qeyri-obyektiv münasibətlər, eləcə də seçim prosesində şəffaflığın və aydın meyarların yetərincə təmin olunmaması və digər məsələlərlə bağlı idi.

Petisiyamızın əsas tələbləri sırasında milli final formatının seçim üsulu kimi yenidən dəyərləndirilməsi, nümayəndə heyətinin fəaliyyətinin araşdırılması və yeri gələrsə ciddi struktur dəyişikliklərinin aparılması, fan icmaları ilə açıq, şəffaf və tərəfsiz kommunikasiya mühitinin qurulması, ictimai rəy və tənqidlərin nəzərə alınmasının təmin edilməsi, eləcə də seçim prosesinin daha şəffaf, demokratik və ictimaiyyət üçün aydın şəkildə həyata keçirilməsi yer alır.

Hazırda isə qeyd olunan tələblər və narahatlıqlarla razılaşan 1000-dən çox insan petisiyamızı imzalayaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən rəsmi açıqlama verilməsini və müsabiqə ilə bağlı yanaşmada real dəyişikliklərin həyata keçirilməsini tələb edir!

Qeyd etmək istərdik ki, petisiyamız həm yerli, həm də xarici media platformalarında geniş şəkildə işıqlandırılıb və ictimaiyyətin petisiyaya cəlb olunmasına ciddi dəstək göstərilib.

“12xal” komandası olaraq bizə dəstək olan və mövzunu gündəmdə saxlayan Olay.az, Axşam.az, Aqreqator.az, Ölkə.az, Bizim.media, Yenisabah.az, Bakuplus.az və Songfestival Azərbaycan media platformalarına ayrılıqda təşəkkürümüzü bildiririk.

Xarici medialardan isə Eurovision Türkiye, esc_news_, eurovisionstarscom, escportugal.pt və eurovision.lat media platformalarına göstərdikləri dəstək və petisiyanı xarici fanatlara çatdırdıqları üçün təşəkkür edirik.

Petisiyamızı imzalayanlar arasında adları hazırda məxfi olsa da bəzi tanınmış simalar da yer alır.

Ümumillikdə petisiyamızda 56 ölkədən imzalar göndərilib ki, bunlardan 670 imza Azərbaycandan, 51 imza Türkiyədən, 18 imza Almaniyadan, 17 imza Amerikadan və 16 imza isə Polşadan göndərilib.

İmzalar arasında Avstraliya, Rusiya, Gürcüstan, İtaliya, Birləşmiş Krallıq, İsrail, Bolqarıstan, Çin, Peru və s. kimi ölkələrdən olan imzalar da üstünlük təşkil edir.

Bu isə dəyişiklik tələbinin təkcə yerli auditoriya tərəfindən deyil, eyni zamanda beynəlxalq auditoriya tərəfindən də dəstəkləndiyinin açıq göstəricisidir.

Petisiyamız isə burada yekunlaşmır, əksinə daha böyük vüsət almağa davam edir. Bizlər “12xal” komandası və fan icması olaraq İTV rəhbərliyindən sözügedən məsələlərlə bağlı yazılı açıqlama verməsini və dəyişikliklərin həyata keçirilməsini tələb edirik.

Siz isə petisiyamızı paylaşaraq daha böyük kütlə tərəfindən imzalanmasına dəstək ola bilərsiniz.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Nigar Camal Avroviziya komandasına: İnsanın başı çıxmırsa nə öyrətmək?

“Başqa mahnı olsaydı, finala keçərdik” – Nigar Camal

Rəy bildir