Avroviziya deyildikdə bir çox insanın ağlına yalnız musiqi və rəqabət gəlmir. Bəzi beyinlərdə bu müsabiqə artıq LGBT hüquqlarının müdafiə platforması kimi formalaşıb. Sosial şəbəkələrdə və mediada Avroviziya tez-tez “rəngarənglik”, “azadlıq” və “fərqlilik” anlayışları ilə assosiasiya olunur. Bəs bu həqiqətən belədir? Bu müsabiqənin məqsədi insan haqları uğrunda mübarizə aparmaqdırmı, yoxsa bu yalnız ictimai rəyin formalaşdırdığı bir təəssüratdır?
Bu suala cavab tapmaq üçün bir vacib məqamı nəzərə almaq lazımdır: Bu müsabiqə, onu təşkil edən Avropa Yayım Birliyinin özü kimi, ümumilikdə Avropanı düşündürən və zaman-zaman bölən dərin ideoloji xəttin bir parçasıdır. Bu xəttin adı isə budur: Qərbi Avropa və Şərqi Avropa fərqliliyi.
Qərbi Avropa ölkələri — xüsusilə Skandinaviya və Benilüks dövlətləri — müsabiqədə çox vaxt “gay cənnəti”, açıq və azad cəmiyyətlərin təmsilçiləri kimi təqdim olunurlar. Digər tərəfdə isə keçmiş kommunist ölkələri — Şərqi Avropa — dayanır. Bu ölkələr tez-tez konservativ dəyərlərlə, ənənəvi ailə modeli ilə və LGBT hüquqlarına münasibətdə daha sərt mövqelərlə tanınır. Avroviziya şərhçiləri və bəzi tamaşaçılar belə ölkələri bəzən dolayısı ilə “mədəni cəhənnəm” kimi qələmə verirlər — istər səhnədəki təqdimata münasibətdə, istərsə də səsvermədəki davranışları səbəbilə.
2014-cü il Avroviziya müsabiqəsi zamanı BBC kanalının şərhçisi Graham Norton açıq şəkildə bəyan etmişdi ki, Ukrayna, Sloveniya və Gürcüstan kimi Şərqi Avropa ölkələrindən Conchitaya səs gəlməyəcək. Hətta həmin ölkələrdən az da olsa xal gəldikdə heyrətini gizlətməmiş, bunu “gözlənilməz jest” kimi şərh etmişdi.
Tərəzinin digər gözündə isə Britaniyanın keçmiş şərhçisi Terry Wogan dayanırdı. O, Conchitanın çıxışını sadəcə qeyri-adi adlandırmamış, “Freak Show” – yəni “əcaiblər şousu” kimi qiymətləndirmişdi. Bu, qərbdə belə, bəzi çevrələrin LGBT kimliyinə münasibətdə nə qədər ikili standartlar sərgiləyə bildiyinin açıq göstəricisi idi.
Qərbin Avroviziyaya yanaşmasındakı ikili standartlar bununla bitmir. Conchita Wurst-un 2014-cü ildə Avstriyanı təmsil etməsi ölkə daxilində böyük müzakirələrə, hətta mitinqlərə səbəb olmuşdu. Mühafizəkar dairələr bu seçimi tənqid etmiş, Conchitanın obrazının Avstriya dəyərlərinə uyğun olmadığını bildirmişdi. Yəni “gay cənnəti” sayılan Qərbin özündə də bu cür açıq kimliklərə qarşı müqavimət mövcud idi. Lakin bu etirazlar Avropa mediasında sadəcə “mübahisəli reaksiyalar” kimi qələmə verildi. Məsələ sanki təbii və ötəri bir fikir ayrılığı kimi təqdim edildi, üstündən yüngülcə keçildi.
Halbuki, oxşar bir vəziyyət 2002-ci ildə Sloveniya ilə bağlı baş verdikdə, reaksiya tamam fərqli oldu. Sloveniyanın ifaçısı Sestre adlı “drag queen” triosu idi. Bu çıxış Sloveniyada müəyyən dairələrin narazılığına səbəb oldu. Lakin burada məsələ sadəcə ölkədaxili bir müzakirə səviyyəsində qalmadı — məsələ Avropa Parlamentinə daşındı. Hətta bəzi deputatlar Sloveniyanın bu çıxış səbəbilə “Avropa dəyərlərinə uyğun olmaması” məsələsini qaldırdılar. Beləliklə, Şərqi Avropa ölkəsindəki mədəni narahatlıq “qəbuledilməzlik” kimi şərh olundu, halbuki oxşar bir durum Qərbi Avropada sadəcə “azad fikir müxtəlifliyi” kimi keçişdirildi.
Avroviziyada LGBT məsələləri yalnız homofob reaksiyalarla bağlı deyil. Bəzən bu hüquqların müdafiəsi adı altında aparılan davranışlar daha incə, lakin daha təhlükəli bir manipulyasiya formasına çevrilir. Söhbət queerbaiting və pinkwashing kimi anlayışlardan gedir — yəni LGBT kimliyindən alət kimi istifadə etmək, amma onu həqiqi dəyər kimi deyil, siyasi və PR məqsədilə vitrinə çıxarmaq.
Bu strategiyaların ən çox təkrarlanan nümunələri isə iki ölkə ilə əlaqələndirilir: İsrail və Rusiya.
Avroviziyada ilk gay öpüşün 2000-ci ildə İsrailin qalmaqallı çıxışı zamanı səhnəyə gətirilməsi təsadüfi deyil. Bəzi Qərb jurnalistlərinin qeyd etdiyi kimi, İsrail bu cür çıxışlarla özünü “tolerant və açıq cəmiyyət” kimi təqdim etməyə çalışır. Bu cür nümayişlərin arxasında duran pinkwashing siyasəti – yəni LGBT hüquqlarının İsrailin hərbi-siyasi fəaliyyətlərinə pərdə çəkmək üçün istifadə olunması – son illərdə beynəlxalq hüquq və media dairələrində ciddi müzakirələrə səbəb olub.
Müxtəlif beynəlxalq media qurumlarının vurğuladığı kimi, İsrail, doğrudur, bəzi qonşu ölkələrlə müqayisədə LGBT hüquqlarını daha açıq şəkildə müdafiə edir. Lakin bu imicin Avroviziya kimi qlobal mədəni platformalarda qabardılması, eyni zamanda Fələstində baş verən insan haqları pozuntularını diqqət mərkəzindən yayındırmaq məqsədi daşıya bilər. Avroviziyanın ən “queer dostu” kimi xarakterizə olunan buraxılışlarından biri – 2019-cu il müsabiqəsi – elə İsrailin ev sahibliyində baş tutmuşdu. Bu isə, bəzi müşahidəçilərə görə, liberal dəyərlərin səmimi müdafiəsindən çox, onların siyasi estetikaya çevrilməsinin göstəricisidir.
Avroviziyada siyasi ikili oyunların ən açıq nümunələrindən biri də məhz Rusiyadır. Bu ölkə illərlə səhnədə bir obraz, küçədə başqa bir reallıq təqdim edərək, həm beynəlxalq imicinə qulluq edib, həm də öz daxilində sərt homofobik rejimini qoruyub saxlayıb.
2003-cü ildə Rusiyanı təmsil edən t.A.T.u. qrupu dünya miqyasında queerbaiting strategiyası ilə tanınırdı. Lezbiyan imicinə bürünən bu duet, əslində LGBT hüquqlarını müdafiə etmirdi — əksinə, bu kimliyi sadəcə kommersiya alətinə çevirmişdi. Amma Rusiya onları Avroviziyaya göndərməklə özünü “proqressiv” kimi göstərmək istəyirdi. Halbuki bu, ölkənin daxilində hökm sürən sərt homofob qanunvericilik və cəmiyyət üçün tam bir riyakarlıq idi.
Daha da ironik olan isə 2009-cu ildə baş verdi. Həmin il Rusiya müsabiqəyə ev sahibliyi edirdi. Moskvada Avroviziya ilə eyni vaxtda təşkil olunan “gay parade” polis zorakılığı ilə dağıdıldı. Onlarla LGBT hüquq müdafiəçisi saxlanıldı, bəzi beynəlxalq fəallar belə döyüldü. Amma bu baş verərkən səhnəyə yenidən “t.A.T.u”. qrupunun çıxarılması, rəsmən “pinkwashing” nümunəsi idi. Rusiya dünyaya “baxın, biz də LGBT görünüşünə açığıq” mesajı verir, amma küçədə azadlıq tələb edən insanları həbsə atırdı.
Bu tərz iddialarla üzləşən ölkələrdən biri də ölkəmiz Azərbaycandır. Bəzən təmsilçilərimizin geyindikləri, bəzən də geyinmədikləri ilə…
Məsələn, 2023-cü il. Azərbaycanın təmsilçiləri açılış mərasimində gender rollarına meydan oxuyan geyimlərlə iştirak etdilər. Rəng, tekstura və siluet baxımından “klassik kişi təmsilçi” obrazından uzaq, daha çox “androgin” üslubu xatırladan bu görünüş bir çox Avropa nəşrlərində dərhal “queer-coded” kimi işıqlandırıldı. Amma ölkə daxilində bu cür stilin nə cəmiyyət tərəfindən açıq şəkildə qəbul edildiyi, nə də LGBTQ+ məsələlərinin azad müzakirə olunduğu bir reallıq var.
Eyni dərəcədə maraqlı və mübahisəli bir hal da 2019-cu ildə baş verdi. O vaxtkı təmsilçimizin klipində üst geyimsiz görünməsi, bədən dili və vizual təqdimatla “açıq cinsəl mesajlar” verməsi sosial mediada və bəzi Qərb mənbələrində “queerbaiting” ittihamları ilə qarşılandı.
Ölkəmiz bu cür iddialarla üzləşərkən, bir məsələni də unutmamaq gərəkdir: 2013-cü ildə Avropanın ən “gaysevər”, ən “demokratik” ölkələrindən biri kimi özünü tanıtmağa çalışan İsveç bir interval aktla LGBTQ+ haqları tərənnüm etdi, azad sevgi, inklüzivlik mesajları verdi. Amma bu parıltılı səhnənin sponsoru “Telia Sonera” idi — hansı ki, Azərbaycanda, “LGBT” haqlarının qorunmadığı bir ölkədə fəaliyyət göstərən və burada ən böyük mobil şəbəkələrdən birinin sahibi olan şirkətdir.
2025-ci ildə AYB-nin atdığı addımlar, iştirak edən müğənnilərin dili ilə desək, “irəliyə yox, geriyə doğru bir addım” kimi qiymətləndirilə bilər. Belə ki, AYB-nin bu il keçirilən müsabiqədə iştirakçılara LGBT bayraqlarını gətirməyi qadağan etməsi cəmiyyətdə ciddi narazılıq doğurdu. Bu qərar nəinki azad ifadə hüququna ziddir, həm də mədəniyyətin əsas prinsiplərinə – müxtəlifliyin və tolerantlığın təşviqinə kölgə salır. Sənətin sərhəd tanımadığı bir dövrdə, belə qadağalar sadəcə arxaik düşüncənin təzahürüdür.
Bütün bunları ümumiləşdirsək, demək olar ki, Avroviziya yarışması bəzilərinin düşündüyü kimi yalnız gay hüquqlarının müdafiəsinə həsr olunmuş bir platforma deyil. Bəli, bu müsabiqə illərdir LGBTQ+ icmasının səsini duyura bildiyi bir səhnə olub, lakin bu o demək deyil ki, yarışma özü sistemli şəkildə bu dəyərləri müdafiə edir. Təəssüf ki, homofobiya burada da öz izlərini buraxır — istər iştirakçı ölkələrin qadağaları, istərsə də təşkilati səviyyədəki susqunluq formasında. Bu da bir daha göstərir ki, insan haqları uğrunda mübarizə yalnız bir bayrağın dalğalanması ilə deyil, dərin struktur problemlərin aradan qaldırılması ilə mümkündür.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






