“Avroviziya 2026”-da əldə etdiyi qələbədən sonra Bolqarıstan 2027-ci ildə keçiriləcək müsabiqəyə ev sahibliyi etmək üçün hazırlıqlara start verib.
Ölkənin Nazirlər Şurasında “Avroviziya 2027”-nin təşkili ilə bağlı yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib. İclasa Baş nazirin müavini İvo Hristov sədrlik edib.
Toplantıda mədəniyyət, səhiyyə, gənclər və idman, daxili işlər, xarici işlər və turizm sahələrinə cavabdeh dövlət rəsmiləri ilə yanaşı, “Bulgarian National Television”-nin baş direktoru Milena Milotinova da iştirak edib.
İclas zamanı “Avroviziya 2027”-nin təşkili ilə bağlı əsas prioritet istiqamətlər müəyyənləşdirilib. Bunlar arasında logistika, təhlükəsizlik tədbirləri, infrastrukturun hazırlanması, beynəlxalq koordinasiya, media fəaliyyəti, həmçinin Bolqarıstanın turizm potensialının beynəlxalq auditoriyaya təqdim olunması yer alır.
İvo Hristov çıxışında bildirib ki, Avroviziya kimi iri miqyaslı beynəlxalq tədbirin uğurla təşkili dövlət qurumlarının, yerli hakimiyyət orqanlarının və ictimai yayımçının sıx əməkdaşlığını tələb edir. Onun sözlərinə görə, qarşıdakı aylarda hazırlıq prosesi daha intensiv mərhələyə keçəcək.
Baş nazirin müavini həmçinin Avroviziya Mahnı Müsabiqəsinin icraçı direktoru Martin Qrinlə keçirdiyi görüş barədə komitə üzvlərinə məlumat verib. Görüş zamanı Avropa Yayım Birliyinin (EBU) ev sahibi ölkə qarşısında qoyduğu əsas tələblər və gözləntilər müzakirə olunub.
Qeyd edək ki, “Avroviziya 2027”-yə ev sahibliyi etmək uğrunda dörd Bolqarıstan şəhəri mübarizə aparır. Namizədlər arasında paytaxt Sofia ilə yanaşı, Plovdiv, Varna və Burgas şəhərləri yer alır.
BNT rəhbərliyinin açıqlamasına görə, müsabiqənin keçiriləcəyi şəhərin bu ilin iyul ayında elan olunması planlaşdırılır. Yayımçı qurum ev sahibi şəhərlə birgə “Avroviziya 2027” layihəsini həyata keçirəcək tərəfdaş axtarışını davam etdirir.
Namizəd şəhərlər Avropa Yayım Birliyi (EBU) tərəfindən müəyyən edilmiş bir sıra tələblərə cavab verməlidir. Bu tələblər sırasında minimum 10 min tamaşaçı tutumlu qapalı arena, geniş mətbuat mərkəzi, iştirakçı heyətlər üçün xüsusi iş sahələri, kifayət qədər mehmanxana fondu və müasir nəqliyyat infrastrukturu var.
Bolqarıstan “Avroviziya 2027”-yə ev sahibliyi edərək həm ölkənin mədəni irsini, həm də turizm imkanlarını beynəlxalq auditoriyaya tanıtmağı hədəfləyir.
Xatırladaq ki, Bolqarıstan “Avroviziya 2026”-da DARA-nın ifa etdiyi “Bangaranga” adlı mahnı ilə qalib olub. Ölkə müsabiqədə ümumilikdə 516 xal toplayaraq tarixində ilk Avroviziya qələbəsini qazanıb. DARA münsiflərdən 204, tamaşaçılardan isə 312 xal əldə edib.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






