Müsahibə: Masha Kondratenko – Mərclərin birincisi

Avroviziya 2025-də Ukraynanı təmsil etmək üçün ən böyük potensiallardan birinə malik Masha Kondratenko ilə müsahibəmiz baş tutdu. Vidbir 2025-in mərclər üzrə birincisi kimi təqdim olunan artistin özünəxas cavabları ilə yadda qalan müsahibəsini sizə təqdim edirik:

Salam, əziz Masha ümidvaram ki, hər şey qaydasındadır. Mən Elvin, bu gün “12xal” olaraq sənə bir neçə sualım olacaq. Hazırsansa suallarımıza başlayaq? 👀

Salam, Elvin! Salam, “12xal” oxuyucuları. Bəli, məmnuniyyətlə hazıram. Başlayaq!

Əla! İlk sualımız hər zaman olduğu kimi tanışlıq məqsədi daşıyır. “Masha Kondratenko kimdir?” sualı versək bizə bildiyimiz məlumatlardan əlavə olaraq nələri deyə bilərsiniz? Məsələn mənim velosiped sürmək və hiking üçün ürəyim gedir… 🫠

Mən Masha Kondratenko, 25 yaşım var. Yaşıl gözlərim var. Boyum balaca, ambisiyalarım isə böyükdür. Mən Ukraynadan olan müğənni, yazıçı və aktrisayam. Şostkada anadan olmuşam, Xarkovda yaşamışam və artıq 10 ildir ki, Ukraynanın paytaxtı Kiyevdə yaşayıram. Həyatımı burada qururam. Mən rəsm çəkməyi, rəqs etməyi və yeni şeylər sınamağı sevirəm. Həyatımı musiqisiz təsəvvür edə bilmirəm. Ətrafımdakı insanlara və özümə çox gülürəm.

Ahahaha! Musiqi zövqün çox maraqlıdır. Kimləri dinləyirsən müğənnilərdən?

Əslində fərqli musiqilərə qulaq asıram. Uşaqlıqdan Edit Piafı sevirəm. O, əsl ilhamvericidir. Lady Gaga, The Weeknd, Billie Eilish-i sevirəm. Əslində bu siyahını hələ davam etdirə bilərəm.

Okay, o zaman bizə playlistindən 1 ədəd mütləq dinləməli olduğumuz, 1 ədəd də çox bəyəndiyin musiqinin klipini deyə bilərsiniz?

Yaxşı, gəl, yoxlayaq.

Mütləq dinləməli olduğunuz: Amy Winehouse – Back to Black

Musiqi videosunu ən çox bəyəndiyim: Pink – Try

Musiqilərdən söz düşmüşkən istərdim bir qədər də Vidbir 2025-də iştirak etdiyiniz “No Time To Cry” mahnısından bəhs edəsiniz. Mahnı necə ərsəyə gəldi? Seçimlərə qoşulmağa sizi nə vadar etdi?

Əslində, bu mənim Vidbirdə iştirak etmək üçün ilk müraciətimdir. Bu addıma hazır olduğumu hiss etdim. Komandam ilə məsləhətləşib işə başladıq. Mənim üçün sadəcə mahnı yazmaq yox, Ukraynada və bütün dünyada tamaşaçılarda rezonans doğuracaq bir hekayə danışmaq vacib idi.

“No Time to Cry” ukraynalıların bugünkü vəziyyətindən bəhs edir. Zərər və ağrı normal həyat və rutinlə birlikdə getdiyi bir zamanda… Mahnı yaşamağa məcbur olduğumuz “normal anormallıq” haqqındadır. Səhər raket hücumuna oyananda və günorta işə tələsmək məcburiyyətində qalanda. Çünki həyatı dayandırmaq olmaz. Hətta müharibə zamanı belə. Mahnı işıqla qaranlığın mübarizəsindən bəhs edir. Hamımız zəiflik və narahatlıq anlarını yaşayırıq, lakin biz həmişə gücün və işığın tərəfini seçirik.
Bu mahnını yazanda üfüqdə hardasa bir ev təsəvvür etdim. Orada işıq var, ailə yaşayır. Uşaq oynayır, ana yemək bişirir, gülümsəyir, ata isə televizora baxır. Və deyəsən hər şey qaydasındadır, amma evin ətrafı qaranlıqdır. Və bütün bu dünya plastik, saxta, kukla kimi görünür. Və oradakı insanlar hər şeyin sadəcə “normal” olduğu öz reallıqlarını icad etdilər. Ətrafdakı kədərə baxmayaraq həyatlarını yaşayırlar və yalnız kiçik bir işıq parıltısı daha yaxşı gələcəyə ümid verir.

Vidbirdə yer alan favorit nömrələrdən biri və hətta proqnozlara görə ilk yerdəsiniz. Musiqi cəhətdən və ifanız cəhətdən tamaşaçı işinizi yetərincə sevib. Bəs səhnə üçün planlar nə yerdədir? Qələbəyə bu qədər hazır ikən onun səhnəsini də tamamlamaq və mükəmməl bir iş təqdim etmək lazım gələcəkdir. Bunun üçün planlarınız nədir?

Oyy, bunu eşitmək əladır! Əlbəttə, mənim və komandamın İsveçrədəki çıxışımız üçün azarkeçləri necə təəccübləndirməli olmağımızla bağlı fikirlərimiz var. Amma hələlik konkret nəsə deməyə hazır deyiləm. Hələlik bunlar sadəcə xəyallardır. Birincisi, bu şənbə günü canlı ifa ilə Ukraynadakı tamaşaçıları fəth etməliyəm. Odur ki, mənim üçün dəstəyiniz vacbidir! Davamını isə sonra görərik.

Bəs Masha nə düşünür? Qalib olmağa və Ukraynanı təmsil etməyə hazırdı?

Tamamilə hazıram. Mən bunun üçün ilhamlanmışam! Mən öz bacarığıma, təcrübəmə, təqdim etdiyim mahnıya arxayınam. Hazıram və qalib gəlmək üçün hər şeyi edirəm. Sonda isə seçim tamaşaçıların ixtiyarındadır. Əminəm ki, yanılmayacaqlar.

Ukrayna üçün Azərbaycanın, o cümlədən, digər bir çox dünya ölkələrinin nə dərəcədə dəstək olduğundan yəqin ki, xəbərdarsınız. Əvvəla onu deyim ki, qısa zamanda torpaqlarınız üzərində sülh çalınacağına ümid edirəm. Az bir müddət deyil ki, bu şəraitdə yaşayırsınız. Bu hadisə sizə necə təsir etdi? Musiqinizə, kariyeranıza olan təsiri haqqında fikirlərinizi bizimlə bölüşməyiniz mümkündür?

Əlbəttə! Əvvəla, biz sizə çox minnətdarıq. Dəstək həqiqətən kömək edir, bizə tək olmadığımızı, dünyada bir çox insanla rezonans doğuran dəyərlər uğrunda mübarizə apardığımızı xatırladır. Bu çox vacibdir, çünki dördüncü ildir ki, müharibə şəraitində olan ölkədə yaşamaq həqiqətən çətindir.
Bir çox ukraynalılar evlərini, doğulduqları şəhərləri, ən pisi isə geri qaytarılması mümkün olmayan yaxınlarını itiriblər. Buna baxmayaraq, hamımız reallığa uyğunlaşmalı və yaşamağa, mübarizə aparmağa, gələcəyə inanmağa və işığın qaranlığa qalib gələcəyinə ümid etməyə davam etməliyik.

Masha üçün Avroviziya nə deməkdir? Bu səhnə sizin üçün nəyi təmsil edir?

Hesab edirəm ki, Avroviziya bir mahnı müsabiqəsindən çoxdan kənara çıxıb. Bu, hər bir iştirakçının, hər bir ölkənin öz dəyərlərini, ideyalarını və mesajlarını çatdırdığı beynəlxalq platformadır. Mənim missiyam bütün dünyaya Ukraynalıların gücünü və çətin tərəflərini göstərmək üçün danışmaq fürsətindən istifadə etməkdir. Müharibə zamanı yaşadığımız normal anormallıqdan danışmaq, dünyanın hər yerindən dinləyicilərin qəlbinə və ağlına çatmaq.

Bəs müsabiqəni nə dərəcədə izləyir və sevirsiniz? Bəyəndiyiniz nömrələr var?

Avroviziya da idmanda olduğu kimi, sən özünü alqışlayırsan. İlk növbədə uşaq vaxtı məni heyran edən Ruslananı qeyd etmək istəyirəm. Təbii ki, çox güclü mahnı və inanılmaz ifa təqdim edən Jamala və əsl Avroviziya ilham pərisi – Verka Serduchka. Xarici sənətçilərə gəlincə, Loreen, Duncan Laurence, Nemo və Måneskin qrupu məni çox təsirləndirdi.

Azərbaycandan sevdiyiniz kimlərdir? Avroviziyada Azərbaycan deyəndə ilk ağlınıza kimlər gəlir?

Bu yaxınlarda bütün Avroviziya qaliblərinə baxırdım, 2011-ci ildə müsabiqənin qalibi olmuş gözəl duetinizi xatırlayıram. Ell və Nikki.

Yavaş yavaş müsahibəmizin sonuna gəlirik. İstərdim ki, öz dinləyicilərinizə ürək sözlərinizi bildirəsiniz. Yeri gəlmişkən, onları başqa hər hansı yeniliklər gözləyir?

Hər bir reaksiyaya, hər rəyə və hər bəyənməyə görə təşəkkür etmək istəyirəm. Bu indi mənim üçün çox vacibdir. İndiyə qədər bütün fikirim və əməllərim Vidbirdə iştiraka həsr olunub. Odur ki, Vidbir-də məni sevindirin. Və yaxın gələcəkdə sizi mütləq yeni mahnılarla təəccübləndirəcəyəm.

Uğurlar Masha. Dəvətimizi qəbul etdiyiniz və suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik! Sizə Vidbir 2025-də uğurlar diləyirik. Kim bilir bu bəlkə də bizim Bazel öncəsi ilk müsahibəmiz idi? 😉

Gözəl müsahibə üçün təşəkkür edirəm. Sizi tezliklə İsveçrədə görməyə ümid edirəm!

Müsahibə: Ziferblat – Ukrayna milli finalının favoriti

Hərkəsə salam! Ukrayna milli finalı Vidbir 2025-də iştirak edən Ziferblat qrupunu yəqin ki, artıq tanıyırsınız. Qrupun milli final öncəsi “12xal” ilə yazılı müsahibəsi baş tutdu ki, onlar öz səmimi cavabları ilə suallarımıza qarşılıq verdi. Müsahibəni sizə təqdim edirik:…


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Tanış Ol – JJ

Finlandiya Avroviziya 2025-ə Erika Vikman’ı göndərir!

Rəy bildir