Hərkəsə salam! Ukrayna milli finalı Vidbir 2025-də iştirak edən Ziferblat qrupunu yəqin ki, artıq tanıyırsınız. Qrupun milli final öncəsi “12xal” ilə yazılı müsahibəsi baş tutdu ki, onlar öz səmimi cavabları ilə suallarımıza qarşılıq verdi. Müsahibəni sizə təqdim edirik:
Salamlar! İlk sualımda istərdim ki, sizi daha yaxından tanıyaq. Daha əvvəlki çıxışlarınızdan sizi azdan-çoxdan tanısaq da, öz dilinizdən eşitmək daha yaxşı olardı.
Danylo: Salam, mən özümü hərkəsin işinə hörmətlə yanaşan və onu sevən bir şəxs hesab edirəm. Tennis izləməyi, kitab oxumağı və musiqi dinləməyi sevirəm. Mən ev adamıyam, böyük şənliklər üçün kifayət qədər enerjim yoxdur.
Valentyne: Salam! Mənim 28 yaşım var və gitara ifaçısıyam. Yaxşı kitabları sevirəm, yaxşı insanlarla ünsiyyətdən həzz alıram, bəzən isə mahnı oxuyuram. Satış üzrə işləyirəm.

Bu üçlük arasındaki harmoniya mükəmməldir! Avroviziyada belə stilə malik xatırladığım sonuncu qrup Måneskin idi. Ancaq bizə söz verin ki, onlar kimi ayrılmayacaqsız! Beləliklə, gəlin sizi komanda olaraq daha yaxından tanıyaq: Ən sakit, ən yaradıcı, ən gülməli, həmişə Instagram hekayələri yayımlayan və həmişə gecikən kimdir?
Danylo: Məncə, yaxın gələcəkdə qrupun dağılma təhlükəsi yoxdur. Ancaq üçümüz həqiqətən də fərqliyik. Düşünürəm ki, mən qrupun ən sakitiyəm və ən gülməli üzvü deyiləm. Həm də həmişə gecikirəm – əsasən tənbəl olduğum üçün…
Valentyne: Ən çox danışan mənəm və aktivəm. Mən də qardaşım kimi qrup üçün mahnılar yazıram. Düşünürəm ki, ən gülməli elə özüməm – ən azından mənə elə gəlir.
Özünə xas stilinizlə Avroviziya azarkeşlərinin könlünü ötən ildən qazanmısınız. ‘Place I Call Home’ mahnınız bir çoxlarının pleylistində hələ də yer almaqdadır. Sizi musiqiləri yaratmaqda ilhamlandıran artistlər var? Səsinizi və ya stilinizi formalaşdıran biriləri var?
Danylo: Çox sağ olun! Bunu eşitmək bizim üçün çox xoşdur. Uşaqlığımdan bəri mən klassik musiqi və rok-n-rolldan ilham almışam. Mənim kumirlərim Moris Ravel və Şopen idi. Rok-n-rolla gəldikdə isə mən həmişə art-rok üslubunu sevmişəm, ona görə də mənə ən çox təsir edən Peter Gabriel, Kate Bush və Robert Fripp olub. Mənim musiqi zövqümü ən çox bu sənətçilər formalaşdırıb.
Valentyne: Musiqi zövqüm illər ərzində çox dəyişib. Onlar mənim qardaşlarıma bənzəyirlər. Biz birlikdə böyümüşük. Düzünü desəm, əvvəlki kimi çox musiqi dinləmirəm. Amma mənə ən böyük təsir Led Zeppelin kimi 70-ci illərin qrupları idi. Damon Albarn, Blur-dan Gorillaz-a qədər bir çoxlarını sevirəm. Günümüzdəki modern artistlərə gəldikdə isə Angel Olsen və Tyler the Creator mənim üçün xüsusi yerə sahibdir.

Atalar üçdən deyib. Vidbir 2023, Vidbir 2024 və indi də Vidbir 2025. Sizcə bu dəfə şeytanın qıçını qırmağı bacaracaqsınız?
Danylo: Yananın (Jerry Heil – Avroviziya 2024 Ukrayna təmsilçisi) təcrübəsini bir işarə kimi qəbul etsək (o da 3 dəfə cəhd edib) – bəli, indi bizim vaxtımızdır! Hər bir halda bu məqsədə çatmaq üçün çox çalışırıq.
Bu ilki mahnınız yetərincə səs-küy yaradıb. Mahnınınızın yaranma prosesi haqqında məlumat verə bilərsinizmi?
Danylo: Mahnılarımız haqqında danışmağı sevmədiyimdən deyil amma bu xüsusi bəstəni qardaşım yazıb, ona görə də bu barədə onun danışmasını istəyirəm.
Valentyne: Bu mahnı Ukraynada son üç ildə, daha dəqiq desəm, on ildən artıqdır ki, baş verən hadisələri əks etdirir. Bu, ümid nəğməsidir, işıqlı gələcəyə ümiddir. Mən burada quşdan azadlıq və azadlığın simvolu kimi istifadə etdim. Yadımdadır, bunu bir axşam akustik gitarada yazdım, çoxları onu mürəkkəb hesab etdiyi üçün bu dediyim təəccüblü görünə bilər. Amma əslində istənilən alətdə ifa etmək və oxumaq olduqca asandır.
Ötən ilki Vidbir çıxışınızı xatırlayıram və çox xoşum gəlmişdi. Amma Alyona Alyona and Jerry Heil səhnə performansı ilə könlümü fəth etmişdi. Ukraynalı artistlərin ölkənizdə baş verənləri müxtəlif səhnələrdə bu qədər güclü şəkildə çatdırmaları həqiqətən təqdirəlayiqdir. Bu bacarığınıza görə sizi alqışlayıram! Bəs bu il planlarınız necədir? Artıq performansınız üçün bir planınız var?
Danylo: İlk növbədə Ukrayna üçün göstərdiyiniz bu cür dəstəyə görə təşəkkür edirəm. Bəli, biz ölkəmizdə gedən müharibəni görməməzlikdən gələ bilmərik, ona görə də biz öz emosiyalarımızı çıxışımız vasitəsilə mütləq göstərəcəyik.
Valentyne: Bizim ifamız daha çox xoşuma gəlirdi (gülümsəyir). Ancaq bəli, bütün sənətçilər, hətta milli seçim səviyyəsində də çox səy göstərirlər. Ukraynada Avroviziya çox şey deməkdir, hətta müharibə vaxtı da. Builki çıxış haqqında isə hazırda heç nə deyə bilmərəm, təşkilatçılar buna icazə vermir…
İstərdim ki, elə Avroviziyaya bir qədər də fokuslanaq. Sizin üçün bu müsabiqə nə deməkdir?
Danylo: Bu, bizim uşaqlığımızdır, bizi pop musiqi mədəniyyətini sevməyə ruhlandırandır. İnanın, Avroviziya mütləq musiqiyə, xüsusən də onun müxtəlifliyinə aiddir. Trendləri müəyyən etmək özü elə Avroviziyadır. Ona görə də bu müsabiqədə iştirak etmək bizim üçün vacibdir.
Avroviziya Mahnı Müsabiqəsində ürəyimdə iz qoyan çoxlu çıxışlar var. Adətən bunların əksəriyyəti melodik və gözəl mahnılardır. Sevimlilərimdən biri 90-cı illərin sonunda Norveçi təmsil edən Secret Garden qrupunun çıxışıdır. O mahnının sözləri az olsa da, musiqisi çox idi! İnanılmaz! Lena Meyerin “Taking by a Stranger” mahnısını da çox sevirəm. Və bu onun bir il əvvəl Avroviziyada qalib gəldiyi mahnı olmamasına baxmayaraq, bu mahnı öz dövründən də irəlidə idi.

Sonda isə sualım elə favoritlərlə bağlıdır, Azərbaycanla bağlı necə? Avroviziyada Azərbaycan dedikdə, ilk ağlınıza gələn kim olur? Şəxsi favoritləriniz kimlərdir?
Danylo: Bu an ağlıma ilk təbiiki 2 mahnı gəlir. Birincisi 2010-cu ildəki “Drip Drop”, digəri isə Avroviziya 2011-də qələbə qazanan “Running Scared”.
Beləliklə, suallarımızın sonuna çatdıq. Suallarımızı cavablandırdığınız üçün sizə təşəkkür edir və 8 fevral baş tutacaq Vidbir 2025 finalında sizə uğurlar diləyirik!
Oxuduğunuz üçün təşəkkür edirik!
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






