“12 sual” rubrikasının növbəti qonağı potensial Avroviziya 2024 təmsilçisi Fəxri İsmayıldır. Sənət yolunda yeni addımlamasına baxmayaraq dinləyicilərin qəlbinə yol tapmağı bacaran bu gənc sənətçi bu günə qədər bir neçə sevilən mahnıların müəllifi olmuşdur. O, ilk dəfə 2022-ci ildə “Dance” adlı ilk mahnısını bəstəlmişdir. Fəxri müsabiqəyə əslində 2023-cü ildə qatılmaq istədiyini, lakin ötən il özünü hazır hiss etmədiyinə görə müraciət etmədiyini bildirib. O qeyd edir ki, elə keçən il hazırladığı mahnı ilə bu il qatılaraq son mərhələyə qədər gəlib çıxmışdır.
Bugünkü rubrikada 12xal komandası olaraq Fəxriyə 12 fərqli və bir-birindən maraqlı suallar ünvanladıq. İlk olaraq ona ünvanladığımız “Musiqiçi olmaq üçün kimdən ilham almısınız?” sualına o, ilham aldığı konkret bir şəxsin olmadığını, lakin dünya üzrə şöhrət qazanmış musiqiçilərin onu bu sənətə gəlməsində rol oynadığını qeyd etmişdir. Əminik ki, həmin musiqiçilər Fəxri kimi bir çox istedadlı gəncləri bu sənətə gəlməyə sövq etmişdir. O şan-şöhrət və milyonlar tərəfindən sevilmək duyğusu kimləri bu sənətə cəlb etməyib ki?
Oxumaq istedadının valideynləri tərəfindən kəşf edildiyini bildirən Fəxri, təmsilçi olaraq seçilsə, ilk anasına bildirəcəyini deyib.
Fəxri sevdiyi yeməyin “Düşbərə” olduğunu qeyd edib. Əsl qış yeməyi olan bu təamın istiqanlı namizədimizin xarakteri ilə bağdaşmasa da, necə deyərlər, zövqlər və rənglər mühakimə olunmamalıdır…
Baxmayaraq ki, 1 sentyabr tarixindən etibarən Avroviziya 2024 mövsümü başlayıb, biz hələ 2024-cü ilə qədəm qoymamışıq. Amma çox az qalıb. Bu bayramı əminik ki, yetərincə gözləyən insanlar var. Nəticə etibarı ilə axı bu bayramı özəl edən çox şey var… Namizədimizin isə gözü Novruz bayramındadır. Ona ünvanladığımız ən sevdiyiniz bayram hansıdır sualına. Papaq atmaq, tonqal üzərindən tullanmaq adətləri ilə insanları bir araya toplayan Novruz bayramıdır söylədi.
Adətən “Hansı heyvanı sevirsiniz?” sualına “it yaxud pişik” cavabı səsləndirildiyi halda Fəxri Kanada vaşaqı deyəndə təəccüblənmədik deyil. Amma biz bu dəfə də yanılmadıq. O ev heyvanlarından çox sədaqətli və bir o qədər də canayaxın itləri sevdiyini də əlavə edib.
Namizədimiz ən sevdiyi Avroviziya çıxışımız olaraq “Day After Day”i qeyd edib. 2008-ci il… Ölkəmizin Avroviziyada ilk ili… Muğam və popun sintezi… Elnur və Samirin möhtəşəm çıxışı…
“Sizə necə xitab ediləndə xoşunuza gəlir” sualına “Sadəcə, öz adımla – Fəxri” deyə cavab verməsi, yəqin ki, namizədimizin öz adından kifayət qədər məmnun olmasından irəli gəlir. O, həmçinin, insanların fikirlərini oxumaq, nə düşündüklərini anlamaq kimi supergüclərə sahib olmaq istədiyini qeyd edib.
Ondan qorxu filmində necə personaj olmaq istədiyini soruşanda o, çoxbilmiş xilaskar olmaq istədiyini bildirdi. Bəh, insanların fikirlərini oxuya bilən, hərşeydən anlayışı olan xilaskar… qorxu filmlərinin əvəzedilməz personajı…
Sən demə, namizədimizin ürəyi dolu imiş. Ona ünvanladığım “Təsəvvür edin ki, bir mikrofon var və ona danışanda bütün dünya sizi eşidəcək. İnsanlara nə deyərdiniz?“ sualına o, “Heç kimə qulaq asmayın. Bacara bilməyəcəyiniz heçnə yoxdur. Sizin gücünüz gördüyünüzdən də çoxdur. Əsas odur ki, özünüzü inkişaf etdirəsiniz. Ürəyinizdə daim sevgi olsun. Hər zaman mehriban və düzgün insan olmağa çalışın. Pis insan olub pislik etmək çox asandır. Bu həyatda istədiyiniz hədəflərə qısa yollarla, yəni pislik etməklə çata bilərsiniz, lakin unutmayın ki uzun yolun (yaxşı bir insan olmağın) macəraları, xoş xatirələri və ən əsası təcrübələrlə dolu olduğunu yaddan çıxarmayın. Hər çətin yolun bəhrəsi çox uzun müddət dadını saxlayır“. Tam bir “TedTalk” çıxışı kimi səslənir, elə deyilmi?!
Fəxri sonda sizləri də unutmadı. Ondan boş vaxtlarınızda işinizə yarayacaq mahnı, kitab və film tövsiyəsi aldıq:
- Mahnı: USA for Africa – We are the world
- Kitab: Adam Fawer – Gnosis
- Film: The Greatest Snowman
Fəxri İsmayıl barədə sizə çatdıracaqlarımız hələlik bu qədər. “12 sual” rubrikasında digər namizədlərin cavablarını isə növbəti yazılarımızda sizlərə təqdim edəcəyik. Sağlıqla qalın!
Digər namizədlər haqqında oxumaq üçün aşağıdakı addımları izləyin:
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






