12xal olaraq Avroviziya namizədlərimizi sizlərə daha yaxın etməyə davam edirik. Bu səfər isə sizinlə danışan beynəlxalq müsabiqələr laureatı, bəstəkar və pianoçu Etibar Əsədlidir.
Avroviziya 2024 seçimlərinə Mila Miles və İlkin Dövlətovla qatılan Etibar Əsədli, Bakıda və Avropa verdiyi caz konsertləri ilə tanınan bir isimdir.
İfaçı 2017-ci ildə ilk dəfə “Projects” albomunu dinləyicilərə təqdim edib və ilk dəfə olaraq bütün Azərbaycanın milli musiqi alətlərini elektronlaşdıraraq yeni virtual alətlər proqramını yaradıb. Bu qədər böyük uğurlara imza atmış Etibara elə biz də 12xal olaraq, 12 sual ünvanladıq ki, onun haqqında maraqlı və bilinməyən faktları sizlərə çatdıraq.
Etibar ilk olaraq deyir ki, musiqi ilə məşğul olması üçün onun ən böyük ilham mənbəyi Vaqif Mustafazadə olub. Əslində bu cavab bizi o qədər də təəccübləndirmədi, çünki söhbət caz-muğam üslubunun banisindən gedir. Onun musiqi sahəsində istedadını isə ilk dəfə anası kəşf edib.
Etibarın heyvanlara qarşı çox böyük bir sevgisi var. Ən çox sevdiyi heyvanlar arasında isə balıqlar, itlər, atlar və tutuquşular yer alır.
Avroviziya azarkeşləri uzun zamandır giley-güley edirdilər ki, niyə Etibar Əsədli Avroviziyaya maraq göstərmir, onun kimi məşhur bəstəkarımız varkən hansı səbəbdən xarici musiqiçilərlərlə işləyirik? Voila! Bəstəkar bu ilki müsabiqəyə qatılaraq yerli azarkeşlərin arzularını yerinə yetirir. Yerli demişkən, Etibar Əsədlinin ən çox sevdiyi Avroviziya mahnısı Elnur və Samirin “Day after Day” mahnısıdır.
Etibar Əsədli Avroviziya yolunda yalnız deyil. İfaçı bu yolda Mila Miles və İlkin Dövlətovla birgə addımlayır. Bu şəxslər seçim turunda qalib olsalar, trio olaraq ölkəmizi təmsil edəcək ilk qrup olacaq. Bəstəkar qeyd edib ki, seçiləcəyi təqdirdə səhnədə zurna ifa etmək fikri var. Etibar deyir ki, seçim turunda qalib olsalar ilk olaraq tərəf müqabilləri olan Mila və İlkinə zəng vuracaq. Seçildikdən sonra bəstəkarın sevimli yeməkləri olan Bún bò Huế və 3 bacı dolmasını dadmaqla qalibiyyəti qeyd etmək olar.
İstedadlı bəstəkar hər zaman öz ifalarında milli musiqimizi avropa musiqisi ilə harmonik şəkildə təqdim etmişdir. Etibarın öz köklərinə bağlılığı tək bununla sonlanmır. Belə ki onun ən çox sevdiyi bayram Novruz bayramıdır.Əlavə olaraq sənətçi Techno Paradeni sevdiyini vurğulayıb.
Eti pianistin yaxınları tərəfindən ona edilən ən sevidiyi xitab formasıdır. Əsədli, həm bəstəkar, həm pianistdir, bundan əlavə o, digər musiqi alətlərində ifa etməyi də bacarır. Yəqin elə bu səbəblərdən o hansısa supergücə sahib olmaq arzusunda deyil. Hər halda, istedadlı musiqiçi olmaq özü elə supergüc sayıla bilər.
Öz yaradıclığında daim fəlsəfi izlər buraxan bəstəkar, bütün dünyaya danışmaq şansı olsa, “Hey insanlar, hardasız insanlar?” deyərdi. Etibar iddia edir ki, qorxu filmində oynasa, sona qədər sağ qalmağı bacaran şəxs olardı. Yəqin elə bu səbəbdən də, mikrafonu olsa, insanları axtarardı. Axı həyatda hər kəs sona qədər sağ qalmağı bacarmır !?
Son olaraq sizi düşünən Etibar vaxtınızı maraqlı keçirmək üçün bir neçə tövsiyələr verib.
Mahnı – Pıçıldaşın, Ləpələr
Film – Interstellar
Kitab – No Excuse (Brian Tracy)
Beləliklə, Avroviziya namizədlərimizi sizə tanıtmaq üçün hazırladığımız 12sual layihəsində ilk namizədimizi geridə qoyduq. Növbəti günlərdə digər namizədlər haqqında maraqlı məlumatları sizə çatdıracağıq.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






