Xalq artisti Aygün Kazımovanın yaradıcılığının 40 illiyinə həsr olunan “Best of Aygun 40” albomu təqdim olunub. Layihə çərçivəsində Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində müxtəlif illərdə təmsil etmiş ifaçılar bir araya gələrək sənətçinin məşhur mahnılarını yeni aranjimanda və fərqli interpretasiyada səsləndiriblər.
Alboma daxil edilən ifalar arasında Nigar Camal “Bir parça keks”, Aysel Teymurzadə “Mən aydan gəlmişəm”, Samirə Əfəndi “Ey mənim dünyam”, Eldar Qasımov “Kölgə ol”, Çingiz Mustafayev “Namə yaz göndər”, Safurə Əliyeva “Bu sevgi”, Nadir Rüstəmli “İndi sənsiz” və Səmra Rəhimli “Kişilər” mahnılarını ifa ediblər.
Layihədə xüsusi diqqət çəkən ifalardan biri Azərbaycanı 2021-ci ildə “Mata Hari” adlı mahnı ilə “Avroviziya” mahnı müsabiqəsində təmsil etmiş Samirə Əfəndinin səsləndirdiyi “Ey mənim dünyam” mahnısıdır.
1989-cü ildə Xalq Artisti Aygün Kazımova tərəfindən ifa edilən, musiqisi Vaqif Gərayzadəyə, sözləri Sərvər Quliyevə məxsus olan əsər yeni aranjimanda təqdim olunub. Etibar Əsədli tərəfindən hazırlanan yeni versiya sosial şəbəkələrdə maraqla qarşılanıb.
Mahnının klipinin yaxın günlərdə yayımlanacağı bildirilir. Klip üzərində Sia, Kylie Minogue, Ava Max və Kygo kimi dünya ulduzları ilə çalışmış komandanın işlədiyi qeyd olunur.
Layihədə yer alan “Avroviziya 2010”-da Azərbaycanı “Drip Drop” mahnısı ilə təmsil etmiş Safurə Əliyeva isə Xalq artisti Aygün Kazımova haqqında illər sonra səmimi açıqlama verib.
Müğənni bildirib ki, Kazımova onun “Avroviziya” mahnı müsabiqəsində qələbə qazanmasında mühüm rol oynayıb və ilk addımlarından etibarən ona dəstək göstərib:
“Çox sevinirəm ki, Aygün xanımın repertuarından bir mahnını ifa etməyə dəvət aldım. Sirr deyil ki, o mənə hər zaman dəstək olub. ‘Yeni ulduz’ yarışmasından etibarən yanımda olub və həmişə deyirdi ki, Safura mənim davamçımdır. Bu sözlər mənim üçün çox dəyərlidir. Qalibiyyətimdə böyük rolu olub və bunu heç vaxt unutmuram. Aygün xanımı çox sevirəm və onun mənim qəlbimdə xüsusi yeri var”.
Layihənin rəhbəri Ruslan Ağayev, musiqi prodüseri İsmayıl Əsədov, meneceri isə Elvin Elxandır. Albomun məqsədi Aygün Kazımovanın illər ərzində hitə çevrilmiş mahnılarını yeni nəsil ifaçılar vasitəsilə yenidən dinləyicilərə təqdim etmək, Azərbaycan şou-biznesində birliyi nümayiş etdirmək, musiqiyə hörməti ön plana çıxarmaq və milli estradaya yeni nəfəs gətirməkdir.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






