Jurnalist Elvin Elxan builki Avroviziya təmsilçimiz Jiva (Cəmilə Həşimova) haqqında sərt fikirlər səsləndirib.
O, bu barədə Türkan Məmmədlinin “Çərçivədən kənar” proqramında danışıb.
Bildirib ki, Cəmilənin səsi gözəl olsa da, Avroviziya üçün kifayət qədər enerji və səhnə işığı yoxdur:
“Cəmilə Həşimovanın gözəl səsi var. Mən heç kəsə istedadsız deyə bilmərəm. Musiqişünas deyiləm, amma yaxşı analiz edə bilirəm. İstedaddan əlavə, artistin enerjisi və işığı olmalıdır. Məsələn, bir opera ifaçısından şou tələb edə bilmərəm – o, opera ifaçısıdır. Və ya repçidən muğam oxumağı tələb edə bilmərəm; bacarar, amma muğam ifaçıları kimi təqdim edə bilməz. Həmin xanımdan isə Avroviziya formatını tələb edə bilmərik. Təqdim olunan mahnı çox bəsit və monotondur. Azərbaycan estradaçısı üçün normaldır, amma Avroviziya formatına uyğun deyil.”
Elvin Elxan şəxsi mövqeyini də açıq şəkildə ifadə edib:
“Mən şəxsən Cəmilənin ifasına səs vermərəm. SMS göndərmərəm, əlim quruyar. Həqiqətən yaxşı iş deyil. Mənə 3,000 AZN versələr və desələr ki, filan artisti ora hazırla, daha gözəl zövqlə işləyərəm… Yenə də finala keçməyəcəyik. Bizim nə gözəl işlərimiz vardı, haradadır o Azərbaycan? Belə işləri ölkəmin adına istəmirəm.”
O, keçmiş Azərbaycan təmsilçilərini nümunə göstərərək builki seçimi tənqid edib:
“Fərid Məmmədov çox qəşəng layihə idi, ‘Hold Me’. Samir & Elnur isə ilk idi, ona görə maraqlı görünürdü. Səbinə Babayeva ilə Alim Qasımov və Əfəndi-nin mahnıları az büdcə ilə maraqlı hitlər idi. Çox gözəl ifalarımız olub. Sonuncu dəfə bəyəndiyim isə Səmra Rəhimli olub. Ondan sonra iş olaraq heç birini bəyənməmişəm. ‘Mata Hari’ və ‘Cleopatra’ mahnılarını da bəyənsəm də, təqdimatı zəif idi.”
Elvin Elxan yekun olaraq bildirib ki, Avroviziya formatı üçün artistin səhnə enerjisi, işığı və təqdimatı əsasdır və builki seçim Azərbaycanın adına uyğun deyil.
Qeyd edək ki, JİVA (Cəmilə Həşimova) bu il ölkəmizi “Avroviziya 2026” səhnəsində “Just Go” adlı mahnı ilə təmsil edəcək. Müsabiqə bu il Vyana şəhərində keçiriləcək.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






