Tanış Ol – Sarah Engels

Almaniyanı “Avroviziya 2026″da təmsil edəcək sənətçi alman müğənnisi Sarah Engelsdir.

Sarah Engels 15 oktyabr 1992-ci ildə Almaniyanın Köln şəhərində anadan olub. O, geniş auditoriya tərəfindən ilk dəfə 2011-ci ildə məşhur televiziya musiqi yarışması “Deutschland sucht den Superstar”da iştirak etdikdən sonra tanınıb. Müsabiqədə final mərhələsinə qədər irəliləyən Engels qısa müddətdə Almaniyada populyar gənc müğənnilərdən birinə çevrilib. 

Sarah Engelsin musiqi karyerasında ilk böyük uğurlardan biri onun debüt sinqlı “Call My Name” mahnısı olub. Mahnı 2011-ci ildə yayımlanıb və qısa müddətdə Almaniya musiqi siyahılarında yüksək pillələrə yüksələrək geniş populyarlıq qazanıb. Bu mahnı gənc müğənninin musiqi sənayesində tanınmasında böyük rol oynayıb və onun gələcək karyerası üçün vacib başlanğıc sayılır. 

Sarah Engels karyerası ərzində pop janrında bir çox mahnılar təqdim edib. Onun repertuarında həm romantik balladalar, həm də enerjili pop kompozisiyaları yer alır. Müxtəlif illərdə yayımladığı sinqllar və albomlar Almaniyada radio efirlərində və rəqəmsal platformalarda geniş dinlənilib.

Onun diskoqrafiyasında yer alan mahnılar arasında “Call My Name”, “Te Amo Mi Amor”, “Weekend”, “Für immer”, eləcə də son dövrlərdə təqdim etdiyi “Liebe gibt nie auf” yer alır. Müğənni müxtəlif televiziya layihələrində və musiqi proqramlarında iştirak edərək populyarlığını daha da artırıb.

2026-cı ildə Sarah Engels Almaniyanın Avroviziya təmsilçisini müəyyən edən “Das deutsche Finale 2026” müsabiqəsində iştirak edib. Final mərhələsində təqdim etdiyi “Fire” mahnısı tamaşaçı səsverməsində qalib gələrək Almaniyanın Avroviziya təmsilçisi seçilib. Müsabiqədə ilk mərhələdə beynəlxalq münsiflər heyəti ən yaxşı üç ifaçını seçib, superfinalda isə qalib tamamilə tamaşaçıların səsverməsi ilə müəyyənləşdirilib. Bu mərhələdə Engels ən çox səs toplayaraq qalib olub. 

Sarah Engelsin Avroviziya üçün təqdim etdiyi “Fire” mahnısı 30 yanvar 2026-cı ildə sinql kimi yayımlanıb. Mahnı müğənninin özü də daxil olmaqla bir neçə müəllif tərəfindən yazılıb və pop janrında motivasiyaedici məzmunu ilə seçilir.  Kompozisiyanın əsas mesajı insanın öz gücünü tapması, çətinliklərə baxmayaraq arzularının arxasınca getməsi və özünə inanmasıdır.

Sarah Engels üçün Avroviziya səhnəsi karyerasında yeni və mühüm mərhələ hesab olunur. Almaniya yarışmada “Böyük beşlik” ölkələrindən biri olduğuna görə birbaşa final mərhələsində çıxış edəcək.  Güclü vokalı və səhnə təcrübəsi sayəsində Engelsin Avropa auditoriyasının diqqətini cəlb edəcəyi gözlənilir.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Tanış Ol – ALICJA

Tanış Ol – Akylas

Rəy bildir