Zəhra Bədəlbəyli Avroviziyadan yazdı – “Mənim Azərbaycanım buna layiq deyil!”

Azərbaycanın “Avroviziya 2026” təmsilçisi və mahnısı açıqlandığı andan etibarən sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Çoxluq daxili seçim prosesini və son illərdəki nəticələri xatırladaraq delegasiyanın strategiyasını tənqid edib.

Şair, pianoçu və prodüser Zəhra Bədəlbəyli də Avroviziya Mahnı Müsabiqəsi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək fikirlərini bölüşüb.

O bildirib ki, uzun illər bu mövzuda susmağa üstünlük versə də, artıq düşüncələrini gizlətməkdə çətinlik çəkir. Onun sözlərinə görə, məsələ təkcə şəxsi əməyinə görə deyil, həm də ölkəsinə olan sevgisi ilə bağlıdır:

“Mənim Azərbaycanım buna layiq deyil. ‘Avroviziya’ mahnı müsabiqəsini uşaqlıqdan sevmişəm. Sonralar isə həyat elə gətirdi ki, bu layihənin müxtəlif mərhələlərində iştirak etdim. Seçim turlarının təşkilindən tutmuş şair, münsif, tur menecer və rejissor kimi müxtəlif vəzifələrdə çalışmışam”, – deyə o qeyd edib.

Z.Bədəlbəyli müsabiqədə uğur qazanmaq üçün əsas amillərdən birinin güclü və peşəkar komanda olduğunu vurğulayıb. Onun fikrincə, ifaçının istedadı uğurun yalnız kiçik hissəsini təşkil edir.

Komanda çox vacibdir. Peşəkar komanda və ona rəhbərlik edən peşəkar insan olmayanda nəticə əldə etmək çətin olur. İstedadlı ifaçı ümumi işin təxminən 10 faizidir. Yaxşı mahnı 30 faiz, səhnə quruluşu isə təxminən 20 faiz rol oynayır. Qalan 50 faiz isə hazırlıq prosesindən, konseptual yanaşmadan və detallara diqqətdən asılıdır”, – deyə prodüser bildirib.

O həmçinin qeyd edib ki, Azərbaycan çox istedadlı sənətçilərin ölkəsidir və belə ifaçıların mənfi reaksiyalarla üzləşməsi təəssüf doğurur:

“Xalqımız çox istedadlıdır. Bu ifaçıları niyə belə vəziyyətə salırıq? Niyə onlar bu qədər neqativ reaksiyalarla qarşılaşmalıdır? Niyə biz bu müsabiqənin adını çəkərkən peşmanlıq hissi keçirməliyik? Sadəcə təəssüf… O qədər zəhmətin nəticəsi bu olmamalı idi”, – deyə Z.Bədəlbəyli paylaşımında yazıb.

Xatırladaq ki, Z.Bədəlbəyli Azərbaycanın “Avroviziya 2008” mahnı müsabiqəsində səslənən və ölkəyə ilk böyük uğurlardan birini qazandıran “Day After Day” mahnısının söz müəlliflərindən biridir.

Elnur Hüseynov və Samir Cavadzadə tərəfindən duet şəklində təqdim olunan mahnı həmin il Avroviziya finalında 8-ci yerə çıxmışdı. 

Qeyd edək ki, Azərbaycanı “Avroviziya 2026”da “Just Go” mahnısı ilə JIVA təmsil edəcək. Müsabiqə bu il Vyana şəhərində keçiriləcək.

Müsabiqənin birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may tarixlərində baş tutacaq. 


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Azərbaycanın “Avroviziya 2026” mahnısı yayımlandı – JIVA “Just Go” deyəcək!

Murad Arif: “Pulu basdınız isveçli, ukraynalı, yunan mütəxəssislərə…” – Zəhra Bədəlbəyliyə cavab gecikmədi

One thought on “Zəhra Bədəlbəyli Avroviziyadan yazdı – “Mənim Azərbaycanım buna layiq deyil!”

Rəy bildir