Bu gün İsveçdə “Melodifestivalen 2026” mahnı müsabiqəsinin ilk turu keçiriləcək.
İsveçin 66 ildir ənənəvi olaraq təmsilçisini və mahnısını seçdiyi “Melodifestivalen” bu gün rəsmi olaraq başlayır. İlk tur bu gün Bakı vaxtı ilə saat 23:00–00:30 aralığında keçiriləcək. Yarışmaya Linköping şəhərində yerləşən məşhur “Saab Arena” ev sahibliyi edəcək. Minlərlə tamaşaçının canlı izləyəcəyi şou televiziya qarşısında olan milyonlarla izləyici üçün də əsl musiqi bayramı vəd edir.
Gecənin aparıcılığını “Melodifestivalen” səhnəsinin tanınmış simalarından olan Gina Dirawi və Hampus Nessvold edəcək. Onların enerjisi və səhnə təcrübəsi şounun ritmini daha da yüksəldəcək. Gina Dirawi builki aparıcılığı ilə öz rekordunu yeniləyərək müsabiqəyə 4 dəfə aparıcılıq etmiş yeganə qadın olacaq.
Bu turda nəticə tamamilə tamaşaçı səsverməsi əsasında müəyyənləşəcək. Yəni, münsiflər heyəti yoxdur, ifaçıların taleyini yalnız və yalnız xalqın səsi həll edəcək. Bu da yarışmaya əlavə maraq və gərginlik qatır.
Birinci turda 6 ifaçı səhnəyə çıxacaq. Onlardan:
- 2 ifaçı birbaşa finala vəsiqə qazanacaq;
- 1 ifaçı isə “final qualification” (son şans mərhələsi) adlanan əlavə mərhələyə yüksələcək;
- Qalan iştirakçılar üçün isə “Melodifestivalen 2026” macərası bu turda başa çatacaq.
Bu axşam səhnədə aşağıdakı ardıcıllıqla çıxışlar olacaq:
- Greczula – “Half of Me”;
- Jacqline – “Woman”
- Noll2 – “Berusade ord”
- Junior Lerin – “Copacabana Boy”
- Indra – “Beautiful Lie”;
- A*Teens – “Iconic”.
“ABBA” qrupunun mahnılarını öz tərzlərində ifa etməklə məşhur olan “A*Teens” qrupunun səhnəyə geri dönüşü və “Iconic” adlı mahnısı artıq indidən böyük maraq doğurur.
Dünən baş tutan məşqlər zamanı keçirilən mətbuat səsverməsində nəticələrdə Greczula birinci yerdə qərarlaşarkən fanatların sevimlisi Jacqline sonuncu olub. Bu isə indidən səsvermənin necə qərgin keçəcəyindən xəbər verir.

“Melodifestivalen 2026”nın ilk turunu yayımçı kanalın rəsmi veb-səhifəsi və ya “SVT Play” platforması vasitəsilə canlı izləmək mümkündür.
Beləliklə, Melodifestivalen 2026 bu axşam Linköpingdən start götürür. Hansı ifaçıların finala yüksələcəyi, hansı mahnıların İsveç tamaşaçısının qəlbini fəth edəcəyi isə artıq bir neçə saatdan sonra bəlli olacaq. Musiqi, şou və intriqanın mərkəzində qalmaq istəyənlər üçün bu gecə qaçırılmamalıdır.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






