On il öncəni necə xatırlayırsınız? Yəqin ki, bir çoxumuz hər şeyin daha fərqli, daha azad və daha səmimi olduğunu düşünür. Bu bir yerdə Avroviziyada da keçərli idi deyə bilərik.
Günümüzün sosial şəbəkə hesablarında trend olmuş “2016” temalı paylaşımlardan yəqin ki, bir çoxunuzun xəbəri var. Biz də bu trenddən ilhamlanaraq, sizi on il öncə baş tutan “Avroviziya 2016”ya aparmaq istəyirik.
Əslində “Avroviziya 2016” müasir Avroviziyanın səsvermə sisteminə təsir edən bir müsabiqə kimi tarixə keçib. Həmin il ilk dəfə xalq səsverməsi ilə münsif səsverməsi ayrılmışdı. İndi isə gələn həmin ilə yenidən qayıdaq.
İsveçin qalibiyyəti və ev sahibliyi;
2015-ci ildə Avstriyanın paytaxtı Vyanada baş tutan müsabiqənin qalibi İsveç təmsilçisi Mans Zermerlöw olmuşdu. Bu qalibiyyətdən dərhal sonra İsveç yayımçı kanalı SVT şəhər və məkan üçün müraciətlər toplamağa başladı. Uzun çəkən dəyərləndirmələrdən sonra kanal və AYB, Stokholmun təklifini məqbul bilib şəhəri ev sahibi kimi elan etdi.
Müsabiqənin 10, 12 və 14 may tarixlərində “Stockholm Globe Arena (Ericsson Globe)” adlanan məkanda keçirilməsi planlandı. Bu arena daha əvvəl 2000-ci ildə də müsabiqəyə ev sahibliyi etmişdi və 14-16 min tamaşaçı tutumuna malik idi.
İştirakçı ölkələr:
2016-cı ildə baş tutan müsabiqəyə 43 ölkə qatılmışdı ki, bu müsabiqə tarixindəki ən yüksək qatılım saylarından biri idi.
Avstraliya 2015-ci ildəki dəvətdən sonra ilk dəfə Avroviziyaya iştirakçı ölkə kimi dəvət edilmiş və nəticədə ölkə yarımfinalda yarışmaq haqqı qazanmışdı.
Ukrayna, Xorvatiya və Bolqarıstan qısa fasilədən sonra müsabiqəyə qayıdarkən, Bosniya və Hersoqovina uzun illərdən sonra ilk dəfə Avroviziyaya qayıtmışdı. Ancaq bu iştirak hələlik ölkənin sonuncu iştirakı olaraq tarixə keçib.
Azərbaycan “Avroviziya 2016”da
Azərbaycanın iştirakı 2016-cı ildə kifayət qədər səs gətirmişdi. Ölkəmiz əslən bakılı olan Səmra Rəhimli tərəfindən təmsil edilmişdi.
Səhnə adı ilə Samra “Avroviziya 2016”da Azərbaycanı “Miracle” adlı mahnı ilə təmsil edirdi. Mahnı pop-elektron musiqi elementləri daşıyan ingilis dilli bir parça kimi təqdim edilmişdi. Ancaq qalmaqallar da elə bundan sonra başlamışdı.
Mahnı əvvəllər İsveç milli finalı olan “Melodifestivalen 2016”da yarışacaq Molyy Petterson üçün hazırlanmışdı və orada seçilmədiyi üçün Azərbaycan tərəfindən alındığı iddia olunmuşdu.
İddialara isə kanal ya da müğənni tərəfindən cavab gəlməmişdi. Maraqlısı bundadır ki, bu qalmaqal günümüzdə belə aktuallığını qoruyub saxlayır.
Bundan başqa, Samranın Avroviziyadakı səhnə geyimi də ölkə mediasında gündəm olmağı bacarmışdı. Bir çox şəxs geyimin “milli dəyərlərə” uyğun olmadığını və Azərbaycanın bu şəkildə təmsil edilməsini düzgün hesab etmirdi. Samranın səhnədə İsveçli beş bekvokalçı ilə çıxış etməsi də yerli fanatlar tərəfindən birmənalı qarşılanmamışdı.
Bütün bunlara baxmayaraq, Samra 10 mayda baş tutan yarımfinalda finala vəsiqə qazanmış və finalda 117 xal ilə 17-ci olmağı bacarmışdı. Bu, Azərbaycan üçün 2008-ci ildən bu yana ən aşağı nəticələrindən biri sayılısa da, günümüzdə bir çox yerli və xarici azarkeş “Miracle”ı sevir və dinləməyə davam edir.
Ölkəmizdə də həmin ilki müsabiqə kifayət qədər gündəm olmuş və izlənmişdi. Hətta İTV müsabiqə müddətində “Avroviziya 2016” yarımfinallarının təkrarlarını günorta saatlarında yenidən yayımlayırdı.
Reytinqlər;
Avropa Yayım Birliyinin məlumatına görə “Avroviziya 2016” 204 milyon insan tərəfindən izlənərək, son illərin ən yüksək reytinq rəqəminə çatmışdı.
Ölkələr arasında izlənmə faizinə görə İslandiya birinci sırada, Almaniya isə sonuncu sırada qərarlaşmışdı. Müsabiqəni “YouTube” platformasında 5,3 milyon insan canlı izləmişdi.
Qalmaqallar;
“Avroviziya 2016” qalmaqalların bol olduğu illərdən biri olub. Bunların başında təbii ki, Ermənistan təmsilçisi Iveta Mukuchyanın “bayraq qaldırma” məsələsi gəlir.
Belə ki, Ermənistan təmsilçisi Iveta Mukuchyan ilk yarımfinalda “green room” çəkilişi zamanı sözdə Dağlıq Qarabağ (Artsax) bayrağını kameraya qaldırmış və bu, Azərbaycan mediasında böyük qalmaqala səbəb olmuşdu.
Azərbaycan yayımçı kanalı İTV dərhal məsələni AYB-yə bildirmiş və tədbir görülməsini tələb etmişdi. AYB isə Ermənistan dövlət kanalına rəsmi xəbərdarlıq etmiş və bayraq arenadan çıxarılmışdı.
Müğənninin ya da ölkənin müsabiqədən diskvalifikasiya edilməməsi isə Azərbaycan mediasında “Avropanın ikiüzlülüyü” kimi qələmə verilmişdi.
Hadisədən sonra Fransa kanalının jurnalisti təmsilçimiz Samraya məsələ ilə bağlı sual ünvanlamış və Samranın cavabı xarici və yerli fanatlar tərəfindən gündəm mövzusuna çevrilmişdi.
Bir digər qalmaqal isə Ukraynanın qalibiyyəti ilə bağlı olub. Belə ki, Ukrayna təmsilçisi Jamala müsabiqəyə “1944” isimli mahnı ilə qatılmış və kifayət qədər də bəyənilmişdi. Mahnı 1944-cü ildə SSR prezidenti Stalinin əmri ilə Krım tatarlarının deportasiyasından və minlərlə insanın günahsız yerə öldürülməsindən bəhs edirdi.
Bundan başqa, mahnını səsləndirən Jamalanın nənəsi və ailəsi də məhz bu sürgünün iştirakçısı olmuş və Krım tatarları “xəyanətdə” ittiham edilərək Orta Asiyaya sürgün edilmişdi.
Belə bir mesajlı mahnı isə 2014-cü ildən bəri Krım məsələsinə görə Ukrayna ilə arası gərgin olan Rusiya tərəfindən “siyasi mesajlı” mahnı kimi dəyərləndirildi və AYB-yə mahnının diskvalifikasiyası üçün müraciət edildi. Lakin AYB- mahnının real tarixi hadisələrə söykənməsi səbəbi ilə müsabiqədən kənarlaşdırmadı.
Bunun üstünə, Jamala “1944” ilə müsabiqənin qalibi oldu. Rusiya təmsilçisi Sergey Lazarev xalq səsverməsinin qalibi olsa da, münsiflərdən nisbətən az xal toplamış və nəticədə müsabiqədə üçüncü olmuşdu.
Müsabiqədən sonra rus mediası qalibiyyəti “siyasi sifariş” adlandırmış və bir sıra rusiyalı deputatlar isə “Avroviziya artıq musiqi yox, geopolitikadır” kimi ifadələr səsləndirmişdi. Qalibiyyətin ləğvi üçün petisiya belə başladılsa da bir işə yaramadı.
Səsvermə sistemində tarixi dəyişiklik;
2015-ci ilə qədər Avroviziyada xalq və münsif səsləri birləşdirilib təqdim edilirdi. 2016-cı ildə baş tutan müsabiqə zamanı AYB şəffaflığı qorumaq və şounun daha həyəcanlı olması səbəbi ilə xalq və münsif səslərinin ayrı elan olunacağını açıqlamışdı. Bu isə artıq bir ölkənin müsabiqə zamanı 12 xal deyil də, 24 xal verəcəyi mənasına gəlirdi.
Bu dəyişiklik Avroviziyanın səsvermə sistemini geri dönməz şəkildə dəyişdirdi və günümüzdə də bu sistemdən istifadə edilir.
Nəticələr;
“Avroviziya 2016” qalibi 534 xal ilə Ukrayna təmsilçisi Jamala olmuşdu. İkinci sırada 511 xal ilə Avstraliya təmsilçisi Dami Im, üçüncü sırada isə 491 xal ilə Rusiya təmsilçisi Sergey Lazarev qərarlaşmışdı.
Birinci yarımfinal qalibi Ukrayna, ikinci yarımfinal qalibi isə Rusiya olmuşdur.
Azərbaycan birinci yarımfinaldan 5-ci olaraq finala keçmiş, finalda isə 117 xal ilə 17-ci sırada qərarlaşmışdı.
Günümüzdə hələ də bəzən açıb izlədiyimiz “Avroviziya 2016” müasir Avroviziyaya bu gün belə təsir edən və bir çox hadisələrin günümüzdə belə aktual olduğu nadir müsabiqələrdən biri kimi tarixə keçib.
Petre Medenin ikonik aparcılığı da müsabiqəyə ayrı hava qatmış və özündən söz etdirməyi bacarmışdı.
Müsabiqə keyfiyyətli mahnıları və səhnə performansları ilə yanaşı, böyük təşkilatçılıq və kreativ səhnə dizaynı ilə bu gün belə bir çox illərlə müqayisə edilir.
Müsabiqənin bu qədər bahalı və göstərişli olmasının səbəbi təbii ki, əbəs yerə deyildi. Məqaləmizi də elə həmin ilin ikonik anlarından biri olan İsveçin xallarını canlı yayım zamanı açıqlayan xanımın nitqi ilə yekunlaşdırmaq istəyirik:
“If there is room in the heart, there is room in butt”.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






