Alis Kallaçi Albaniyada dünyaya göz açmış olan gənc və istedadlı musiqiçidir. 23 yaşlı sənətçi artıq qısa müddət ərzində musiqi səhnəsində özünəməxsus yer qazanmağı bacarıb.
Piano üzrə peşəkar təhsil alan Alis Kallaçi müxtəlif mahnı və piano müsabiqələrində qazandığı mükafatlarla musiqi qabiliyyətini dəfələrlə sübut edib. Pianodan əlavə, Alis Kallaçi gitarada da ifa edir. Bu, ona musiqi imkanlarını genişləndirməyə, fərqli janr və üslublarla eksperiment aparmağa şərait yaradıb.
Onun karyerasında dönüş nöqtəsi “X Factor Albania” müsabiqəsinin beşinci mövsümündə Albaniyanın Avroviziya 2020 təmsilçisi Arilena Aranın komandasında çıxış edərək qalib gəlməsi olub. Bu uğur gənc ifaçı üçün musiqi sənayesində yeni üfüqlər açıb.
Müsabiqədən sonra Alis Kallaçi Arilena Ara ilə birgə ifa etdiyi “Se të dua” adlı ilk mahnısını təqdim edib. Mahnı dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb və gənc ifaçının Albaniya musiqi səhnəsində perspektivli sənətçi kimi tanınmasına töhfə verib.
2024-cü ildə Alis Kallaçi Albaniyanın ən nüfuzlu musiqi müsabiqələrindən biri olan “Festival i Këngës”də “Mjegull” adlı mahnı ilə üçüncü yerə layiq görülüb.
O, əldə etdiyi nəticədən məyus olmayaraq növbəti il yenidən müsabiqəyə qatılıb. Bu dəfə Alis Kallaçi “Nân” adlı mahnı ilə səhnəyə çıxaraq həm münsiflər heyətinin, həm də tamaşaçıların səsverməsində 152 xalla birinci yerə yüksəlib.
Beləliklə, Alis Kallaçi Albaniyanı Avroviziya 2025 Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanıb. Müğənni albanca “ana” mənasını verən “Nân” adlı mahnının sözlərini də məhz alban dilində saxlamaq qərarına gəlib. Bu seçim həm milli kimliyə sadiqliyin, həm də ana mövzusuna verilən xüsusi önəmin bariz nümunəsi kimi dəyərləndirilir. Üstəlik, son illərin təcrübəsi göstərir ki, Albaniya üçün mahnıların orijinal dildə təqdim olunması Avroviziya səhnəsində daha çox uğur gətirir.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






