Avroviziya 2021-2025: “siyasət”, musiqi və səhnə arasında dəyişən tendensiyalar

Dünyanın ən böyük musiqi yarışması – Avroviziya 2025 davam edir. Biz də sizin üçün Avroviziya və onun dəyişən tendensiyaları haqqında bir məqalə hazırlamaq istədik. Burada həm hamının bildiyi, həm də çoxlarının fərqində olmadığı bir sıra dəyişikliklərdən və yeni trendlərdən söz açacağıq.

Hamının şikayət etdiyi bu siyasət nə imiş belə?

Bu müsabiqədə təbii ki, siyasətin rolu çox böyükdür. Yox, bu dəfə söhbət klassik siyasi münasibətlərdən getmir. Burada musiqi siyasəti, səhnə siyasəti eləcə də mahnı seçmə strategiyalarından danışacağıq.

Gəlin, ilk olaraq mahnı seçimi və musiqi siyasətinə birlikdə nəzər salaq:

2021-2024 illəri arasında Milli Final və Daxili Seçim ilə bağlı Top 10-da olan ölkələrin məlumatları.

Görünən dağa nə bələdçi? Statistik analizimiz onu göstərdi ki, son 4 ildə top 10 olan çıxışların mütləq əksəriyyəti milli final yolu ilə seçilən iştirakçılardır. Qaliblərin isə hamsı, Nemo xaric, milli final qalibləridir.

Avroviziyada Dil Faktoru: İngilis dili üstünlüyünü itirirmi?

Avroviziya Mahnı Müsabiqəsi uzun illər boyunca “ingilis dilində oxusan, daha çox xal alarsan” düşüncəsinin hökm sürdüyü bir platforma olub. Xüsusilə 2000-ci illərdə və 2010-cu illərin əvvəlində əksər ölkələr mahnılarını ingiliscəyə tərcümə edərək təqdim edir, bu yolla daha geniş auditoriyaya çata biləcəklərinə inanırdılar. Ələlxüsus, Albaniya bir zamanlar bu işin peşəkarı olmuşdu.

Lakin son 3 ildə bu yanaşma ciddi şəkildə dəyişməkdədir. İndi getdikcə daha çox ölkə öz ana dillərində ifa edərək mədəni fərqliliklərini qoruyur və həm də Avropada öz müxtəliflikləri ilə önə çıxırlar.

Görəsən, bu, doğrudanmı belədir?

Avroviziya 2017-nin qalibi Salvador Sobral müsabiqə tarixinin ən yüksək xalı – 758 xal toplayaraq qalib olub və o bu mahnını portuqal dilində ifa etmişdi. Çıxışının sonunda isə belə bir fikir səsləndirdi:

Musiqi hisslərdir. Atəşfəşanlıq yox.

Düzdür, bu fikir bəzi izləyicilər üçün bəlkə də bir az mübahisəli səslənə bilər. Lakin Salvadorun “musiqi hisslərdir” fikri, musiqini həqiqətən anlayan və özünü peşəkar hesab edən hər bir insanın qəbul etməli olduğu məqamdır.

Çünki musiqinin dili olmur – musiqinin duyğusu olur.
Bu duyğu özünü bəzən kədərlə, bəzən isə oynaq, alovlu enerji ilə göstərə bilər, necə deyərlər, fişənglərlə.

Gəlin, indi başqa bir məqama nəzər salaq: Dil mahnıya nə qatır?

Yunan dili – qədim insanlıq və sivilizasiya dili, fəlsəfənin öz dilidir. Yunan dilində oxunan mahnıların bu qədər mistik səslənməsinin, finala keçib-keçməməsindən asılı olmayaraq sevilməsinin əsas səbəbi, çox güman ki, dil faktorudur, mahnının özü ilə birgə.

Asteromata mou mikri, Gyre na se filiso – Ah, mənim ulduz gözlüm, yaxınlaş, qoy səni öpüm.

İtalyan dili – İtaliya, musiqinin, memarlığın, incəsənətin beşiyidir. Hər il bu dili Avroviziya səhnəsində eşidirik – yalnız İtaliya tərəfindən yox, həm də qonşu ölkələrin təqdimatında.
İtalyan dilinin mahnıya qatdığı şey isə aydındır: səviyyə, eleqantlıq və romantika.

İndi isə bir qədər şərqə doğru gələk – Azərbaycan dili.
Müsabiqədə ilk dəfə ölkəmizdə bolqar Sofi Marinova mahnısında bir cümlə “Səni sevirəm” demişdi. Uzun müddət sonra 2021-ci ildə “Mata Hari”-də hamımıza tanış o cümlə eşidildi:

Yalan da mən, yanan da mən, yaman da mən

Efendinin dillərə dastan misraları… məsəli analiz edin… min bir məna çıxarın…Bəs adi bir qısa məsəldə istifadə edilən neçə ədəd bədii təsvir və ifadə vasitəsi tapa bilərsiniz?

Məsələn: Hamımızın yəqin ki, can yandırıb üzüldüyümüz məqamlar olur, amma sonra pis olan, yəni yaman olan biz oluruq. Onda, bu cümlə yerinə düşür, elədirmi?

Qeyd edək ki, bu son deyil. Yüzlərlə bu cür interpritasyalar yaratmaq mümkündür.

Daha sonra, 2024-cü ildə təmsilçimizin ifasında Azərbaycan dilində nəqarət yer almışdı. Bu frazalar Avropa tamaşaçısını sevindirdi. Nəhayət ki, Şərqin ən ekzotik, ən zəngin dillərindən biri – Azərbaycan dili Avroviziya səhnəsinə çıxmışdı. Avropalılar bu yeni “rəngin”, bu “ədva”nın Avroviziyaya əlavə dəyər qatdığını yorulmadan bəyan etdilər.

Xülasə, dilin ifadə vasitələri, ahəngliyi və imkanları sonsuz sayda əsərlər yazmağa icazə verir. Yaxşı bəs niyə eşitmirik? O qədər kompleks sualdır ki, dissertasiya mövzusu ola bilər. Yazarından tutdun, motivasyasına, xalqın bu gün dinlədiyi meyxanaya qədər gəlib çıxır bir ucu.

Ümumiləşdirsək, sevinclə deyə bilərik ki, Avropa izləyicisi sevir fərqliliyi, sirliliyi və müxtəlif səsli dilləri. Bu il Avroviziya 2025-də də 22 qeyri ingiliscə mahnı iştirak edir. Onlar dünyanın müxtəlif dillərində tam və ya qarışıq formada mübarizələrini davam etdirirlər. Bonus olaraq əlavə edək ki, birinci yarımfinalda finala keçməyən 5 ölkənin 5-i də ingiliscə ifa etmişdi. Finalda isə sadəcə 5 ölkə tam ingiliscə oxuyur: Birləşmiş Krallıq, Norveç, Danimarka, Malta və Avstriya.

Göz oxşayır, amma nəsə o deyil

Son illərin səhnə performanslarına baxdıqda maraqlı bir tendensiya ortaya çıxır:
Avropa tamaşaçısı artıq çox “şou”, çox “imic” istəmir – o, səmimiyyət axtarır. Ələlxüsus, 90 faiz ölkə qlamur, bahalı təsiri bağışlamaq istədiyi məqamda.

Son iki ildə, bu tendensiya açıq-aşkar hiss edilir. Bu il müsabiqədən öncə ilk 10 favorit arasında göstərilən ölkələrdən ikisi – Çexiya və Belçika, səhnəyə çox “ekstravaqant” və stilizə olunmuş, amma emosional baxımdan boş çıxışlarla gəldilər. Eləcə də, öz fərqli imici ilə seçilən Avsrtaliya təmsilçisi Go-Jo. Bəli, görünüşcə fərqli, vizual olaraq cazibədar idilər. Lakin tamaşaçı ilə bağ qura bilmədilər.

Xatırladaq ki, bu hal ilk dəfə baş vermir. Belçika son illərdə bir neçə dəfə eyni problemə düşüb:
Güclü mahnı, yaxşı vokal… amma tamaşaçıya səmimiyyət ötürməyən ifa.

Portuqaliya fenomeni: “Ay da, axı çox sadə idi, heç nə yox idi”

Avroviziyada bəzən elə ölkələr var ki, onlar nə şou göstərirlər, nə abartılı geyim, nə də trend olan janrların dalınca qaçırlar. Amma yenə də finala keçirlər, sevilirlər və yadda qalırlar. Bu ölkə elə mənim də, sevdiyim ölkələrdən biri Portuqaliyadır. Melonxolik, duyğu dolu, həm də sadəliklə seçilən Portuqaliya.

Son illərdə Portuqaliyanın çıxışlarına soydaşlarımız tərəfindən gələn rəylər əsasən mahnının finala niyə çıxması, çox boş olması və siyasətlə əlaqələndirilir. Bəs bu işin sirri nədədir?

Hər kəsin təmtərqalı olduğu yerdə, sadə və minimalist olmaq.

Portuqaliyanın bu yanaşması uzun müddətdir ki, davam edir. Bu strategiya son 5 ildə ölkəni həmişə finala aparıb. Nəinki, finala aparmaq, münsiflərdən yüksək xallar alaraq ilk onluqda qərarlaşmaq.

Bu formula hər ölkə üçün uğurlu olmur. Artıq Portuqaliya bu işi bilir və yəqin ki, uzun müddət elə bu yolla davam edəcək. Elə buna görə də bunu “Portuqaliya fenomeni” adlandırdıq.

2025-ci il ilk yarımfinalda 14 faiz finala keçmə ehtimalı olan Portuqaliya, bütün mərcləri yanıldaraq, Avroviziya tarixində rekorda imza atmışdır.

Sonda isə qeyd etməyə dəyər ki, dünya sürətlə dəyişir. Eləcə də Avroviziya. Zamanla birlikdə janrlar, səhnələr, dillər və gözləntilər də dəyişir. Ancaq bir şey dəyişmir — hisslərin gücü. Bəzən səs, bəzən bir baxış, bəzən sadəcə bir hərəkət tamaşaçı ilə ifaçı arasında görünməz bir bağ qurur.

Bu məqalədə də gördüyümüz kimi, uğurun konkret formulu yoxdur. Amma görünür ki, səmimiyyət, emosional ötürmə və musiqiyə olan inam hər zaman qələbəyə gedən yolda mühüm rol oynayır.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Avroviziya 2025-in son finalistləri bəlli oldu

Ermənistan təxribatının qarşısı alınıb – İTV-dən şikayət

Rəy bildir