Bu gün Bazeldə Avroviziya 2025-in ilk məşq günü başa çatıb. Yeddi ölkənin təmsilçiləri ilk məşqlərini həyata keçirmək üçün səhnəyə çıxıb.
AYB-nin yeni qaydalarına əsasən bu il ilk məşqlər mediaya tam bağlı şəkildə keçirilir. Sabah bu günün məşqlərindən hər ölkə üçün üç görüntü təqdim olunacaq. Lakin buna baxmayaraq, səhnədə nələrin olduğu ilə bağlı gün ərzində AYB tərəfindən izləyicilərə məlumatlar verilir.

Günün ilk məşqi İslandiyada idi.
VÆB bu qədər gənc olmasına baxmayaraq, böyük səhnəni çox yaxşı ələ ala bilir. İkilinin səsi çox yaxşıdır və ledlər olduqca gözəl görünür.
Mükəmməl rəqs xareoqrafiyası 13 may gecəsi Bazeli silkələyəcək və hoppanma hərəkəti onların xanasına üstəgəl olaraq yazılacaq.
Çıxış olduqca pozitivdir və İslandiya nümayəndə heyəti bundan razı qalacaq. Geyimlər milli finaldakı geyimləri ilə eynidir, sadəcə rəng tonu fərqi var.

Daha sonrakı məşq isə Polşaya aid idi.
Justyna sözün əsl mənasında arenanı silkələdi. Üç dəqiqə boyunca çıxışı izləyəndə bəzən nəfəs almağı unutduq.
Justyna çıxışın əvvəlində səhnəyə iplərlə yuxarıdan enir və dörd rəqqas (iki qadın, iki kişi) onu müşayiət edir. Müğənninin paltarı milli finaldakı paltarının lələksiz versiyasıdır. Qara dərili libası və yüksək dikdabanları ilə Justyna səhnədədir.
Çıxışın əvvəlində ledlərdə planetlərin fırlanması, su, şimşək və alov qrafikləri göstərilir. Sanki kainatın yaranmasını izləyirik. Finalda Justyna alovlu ledlərlə birlikdə çıxışın ortasında iplərlə yuxarıya qaldırılır.
Bu Game Of Thrones və Avroviziyanın mükəmməl qarışığı kimi görünürdü və başdan sona möhtəşəmdir. Çıxış zamanı alovlar və dumanlardan bolca istifadə olunur.

Növbəti ölkə Sloveniya idi.
Səhnənin ledləri minlərlə ulduzdan ibarətdir və parıldayır. Performans boyu rənglər göydən qırmızıya doğru dəyişir.
Klemen EMA-dan fərqli bir görünüşə sahibdir. Göy və üzəri daşlarla işlənmiş pencək geyinib. Müğənni milli finalda olduğu kimi mahnını çıxışın ortasında iki rəqqasın köməyi ilə tərs çevrilərək oxuyur. Vokallarda problem yoxdur.

Daha sonra isə Estoniya ilk məşqini həyata keçirdi.
Tommy “Eesti Laul”da gördüyümüz şəkildə uzun qırmızı qalstuku və göy kostyumu ilə səhnədədir. Estoniyalı müğənniyə iki mühafizəçi və iki rəqqas qatılıb. Rəqqaslar çıxışın bəzi yerlərində səhnədə görünür.
LED qrafiklər səhnədə “Alp dağlarına” uyğun şəkildə hazırlanıb və milli finaldakı qrafiklərlə demək olar ki, eynidir. Şənlikli, görkəmli və əyləncəli bir atmosfer yaradılıb və milli finaldakı xareoqrafiya ilə eynidir.

Növbəti ölkə Ukraynadır.
Qrup Daniel, Valentin və Fedordan ibarətdir. Ziferblat özlərini Ukrayna musiqisinin yeni bir parçası olaraq görür. Səhnə milli finaldan tamamilə fərqlənir.
Qrupun hər üzvünün özünə aid parlaq, simli və tək rəngli libasları var. Arxadakı bəkvokalistlər parlaq qızılı tonlarda paltar geyiniblər.
Milli finaldakı çəmən rekviziti Avroviziyada yoxdur. Bunun yerinə LED ekranlarda mahnının ritminə görə titrəyən və dönən, nəqarət hissəsində isə partlayan çəhrayı-yaşıl neon ornamentli qrafiklər var. Çəkiliş texnikası və səs çox yaxşıdır. Səhnənin sonunda fişənglərdən istifadə edilir. Səhnəyə xəfif buxar da buraxılır.

İsveç səhnədə idi.
Səhnə “Melodifestivalen”dən az da olsa fərqlənir. Eyni olan şeylər də çoxdur. Yenə eyni tünd yaşıl kostyumlar, səhnədəki ocaq artıq daha çox odun bir sauna qızdırıcısına bənzəyir.
Başlanğıcdakı sosiska “Melodifestivalen”dəkindən önəmli ölçüdə daha böyükdür. LED arxa plan marallarla dolu bir meşə yaradır və son hissədə bütün arena neon lazer partisinə çevrilir. Səhnədə bir neçə dənə şam ağacı da var. Bunların real olub-olmadığını deyə bilmərik.

Sonuncu məşq edən ölkə isə Portuqaliya idi.
Qrupun səhnəsi “Festival da Canção” ilə eynidir, lakin Bazel səhnəsinə xüsusi bir neçə detal əlavə olunub.
Qrup üzvlərinin geyimləri dəyişib. Belə ki, bütün üzvlər fərqli rənglərdə uzun qollu pencək və ya köynək geyiniblər. LED divarların rəngləri LED kəmərlə birlikdə ahəng içərisindədir.

Sabah isə daha səkkiz ölkə ilk məşqini tamamlayacaq.
Credit: EBU
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






