Siyasət və mədəniyyətin kəsişməsi: Türkiyə Avroviziya arenasında

Avroviziyanın səhnəsində ən çox hiss, həyəcan və dram yaşadan ölkə hansıdır desələr, tərəddüdsüz deyə bilərik: bu, Türkiyədir.

Ölkənin bu beynəlxalq musiqi yarışmasındakı yolu sanki bir film ssenarisidir – içində həm uğursuzluqlar, həm möhtəşəm dönüş nöqtələri, həm də kədərli ayrılıqlar var. İlk illərdə aldığı sıfır xallar, illərlə davam edən haqsızlıq hissi, 2003-cü ildə Sertab Erenerin zəfəri ilə yüksəldiyi zirvə, ardınca yenidən dalğalanan nəticələr və nəhayət, 2013-cü ildə Avroviziya səhnəsinə küskünlüklə vida etməsi…

Elə isə gəlin, hər şeyin başladığı nöqtəyə – 1975-ci ilə qayıdaq.

Türkiyənin Avroviziyada debütü təntənə ilə qarşılanmalı idi – nəhayət ki, ölkə Avropa musiqi ailəsinə qatılırdı. Lakin ilk mənfi reaksiya uzaqdan yox, qonşudan – Yunanıstandan gəldi. Yunanıstan 1975-ci il müsabiqəsindən imtina etdi və bu imtinanın səbəbi təkcə musiqi deyildi. Bir il öncə, 1974-cü ildə baş verən hadisələr hələ də isti idi: Türkiyə bu əməliyyatı “Kipr Sülh Hərəkatı” adlandırırdı, Avropanın bir çox ölkəsi isə bunu “işğal” kimi qəbul edirdi.

Türkiyənin Avroviziya Səhnəsinə ilk addımı, təkcə siyasi hadisələrlə yox, həm də böyük bir sınaq və gərginliklərlə yadda qaldı. Milli seçim turu – “1975 Eurovision TRT Türk Hafif Müziği Şarkı Yarışması” – əsl musiqi marafonuna çevrildi. İştirak üçün təqdim olunan 105 mahnı arasından 32-si final mərhələsinə keçdi. Lakin bu hələ başlanğıc idi – növbəti mərhələdə yalnız 17 mahnı yoluna davam etdi.

Seçimlər zamanı isə gözlənilməz hadisələr yaşandı. Türkiyə pop musiqisinin sevilən siması Nilüferin ifa edəcəyi “Boşver” adlı mahnı, Avroviziya qalibi Anne-Marie Davidin bir mahnısına bənzədiyi üçün plagiat ittihamı ilə müsabiqədən geri çəkildi. O dövrün digər əfsanəvi müğənnisi Şenay isə həyat yoldaşının münsiflər heyətində olması səbəbilə iştirakdan imtina etdi. Bu və digər səbəblərlə finalda iştirak edən mahnıların sayı 8-ə qədər azaldıldı.

Finalda iştirak edən bütün sənətçilər dövrün parlaq ulduzları idi: Yeliz, Ali Rıza Binboğa, Füsun Önal və Cici Kızlar qrupu tamaşaçıların əsas diqqət mərkəzində idi. Xalq səsverməsində Ali Rıza Binboğa açıq fərqlə birinci oldu, lakin münsiflərin qərarı nəticəsində Semiha Yankı və Cici Kızlar eyni xalla zirvəni bölüşdü. Qalibi müəyyənləşdirmək üçün isə bəlkə də tarixdə unikal bir üsula – püşkatmaya müraciət edildi. Və beləcə, qismət Semiha Yankıya güldü. Müsabiqə günü eyni şaç stilində olduğu üçün Füsun Onalın mübahisə etdiyi bu dəli-dolu 17 yaşlı qızcığaz artıq ölkəsini ilk dəfə Avroviziya mahnı müsabiqəsində təmsil edən müğənni oldu. Bununla da, Avroviziya tarixinin ən çiləkeş təmsilçisinin hekayəsi başladı.

Semiha Yankı Avroviziya səhnəsinə doğru yola çıxanda qarşısında yalnız musiqi yox, eyni zamanda bir toplumun qəlibləşmiş baxışları, medianın amansızlığı və patriarxal düşüncənin sərt divarları vardı. Səhnəyə çıxmamış, özünü müdafiə etməyə məcbur oldu. Sarışın saçları jurnalistlərin dilinə düşdü. “Sarışın türk olmaz” – deyə, tənqid atəşinə tutulan gənc müğənni saç rəngini dəyişmək məcburiyyətində qaldı. Sadəcə görünüşü ilə deyil, şəxsiyyəti ilə də müzakirə mövzusuna çevrildi.

Bir jurnalistin birlikdə yemək təklifini rədd etdikdən sonra isə haqsız hücum başladı. Həmin jurnalist tərəfindən yayılan yalan bir sitat ölkə gündəmini qarışdırdı: “Semiha Yankı deyib ki, artıq türk tamaşaçılarına ehtiyacım yoxdur, mənim üçün əsas olan avropalılardır.” Bu yalan açıqlama, sənətçini “Türkiyəni təhqir etmək” ittihamı ilə üç il çəkəcək bir məhkəmə prosesi ilə üz-üzə qoydu.

Amma daha bərbad bir sınaq Fransa səfərində yaşandı. Mahnının ingiliscə versiyasının yazılması üçün Parisə göndərilən Semiha Yankı orada sanki unuduldu. Gənc müğənni 20 gün ərzində sadəcə mürəbbə və pendirlə qidalanaraq, soyuq və yad bir evdə yaşamağa məcbur edildi. Evdən yalnız studiyaya aparılırdı. Amma bir gün onu çox fərqli bir “səfər” gözləyirdi.

Semiha Yankının verdiyi açıqlamaya görə, meneceri Erkan Özerman və nümayəndə heyətinin başqa bir üzvü onu Avropanın seks ticarətinin mərkəzlərindən biri sayılan məşhur “Qırmızı fənər məhəlləsi”nə apardı. Orada gördükləri qarşısında sarsılan və utanan müğənniyə isə lağla dolu bir sual ünvanladılar:

“Bu yaşda bakirəsən?”

Bütün bu iddialara cavab olaraq Erkan Özerman qarşı tərəfi “ağır psixoloji problemləri olan bir şəxs” adlandırıb.

Tarix 22 mart idi. Yer: İsveç. Avroviziya Səhnəsi. Türkiyə ilk dəfə bu beynəlxalq yarışda iştirak edəcək və ölkənin qüruru 13-cü nömrədə səhnəyə çıxacaqdı. Gərginlik, həyəcan və məsuliyyət havada hiss olunurdu. Ancaq səhnəyə çıxmamışdan əvvəl daha bir absurd hadisə baş verdi. Semiha Yankıya “milli geyim” deyə geyindirilən paltarın, əslində, rus milli geyimi olduğu ortaya çıxdı.

Bütün bu çətinliklərə, psixoloji yüklərə və haqsızlıqlara rəğmən Semiha Yankı peşəkarcasına səhnənin ağırlığını qürurla daşıyaraq “Seninle Bir Dakika” adlı mahnını ifa etdi. İfa başa çatdıqda salon gurultulu alqışlarla doldu. Ancaq səsvermə zamanı hər şey dəyişdi. Səhnədə alqışların kraliçası olan Türkiyə nəticələr açıqlandıqda siyasi reallıqların qurbanı oldu. 1974-cü ildə baş verən Kipr hadisələrinin Avropa ictimai rəyindəki əksi bu dəfə səhnəyə kölgə saldı. Türkiyə, yalnız Monakodan 3 xal ala bildi və yarışmanı sonuncu pillədə tamamladı.

Avroviziyadakı sonunculuq xəbərinin ardından Türkiyədə reaksiyalar müxtəlif oldu. Əksəriyyət bu nəticənin musiqi ilə deyil, siyasətlə bağlı olduğuna əmin idi. “Bu, Kiprə görədir!” – deyə başlıqlar atıldı, yazılar yazıldı. Ən çox səslənən fikir isə bu idi: “Biz mahnı ilə yarışmadıq, siyasi gündəmlə cəzalandırıldıq.”

Amma diqqətçəkən paradoksal bir məqam da vardı: Eyni ilin məşhur kinokomediyası “Hababam Sınıfı”nda milli finalda iştirak etmiş Ali Rıza Binboğa və Cici Kızlara parodiya edilsə də, ölkəni təmsil etmiş Semiha Yankının adı bir dəfə də olsun çəkilmir. Daha da diqqətçəkəni isə, həmin filmdə Cici Kızlar qrupunun “Avroviziya Mahnı Müsabiqəsi birincisi” kimi təqdim olunması idi.

1976-cı il Avroviziya Mahnı Müsabiqəsində siyasi gərginlik bu dəfə səhnəyə Türkiyənin yoxluğu ilə əks olundu. Yunanıstanın həmin il müsabiqədə iştirak edəcəyini təsdiqləməsi ilə Türkiyə yarışdan çəkilməyə qərar verdi.

Yunanıstan Avroviziya səhnəsində “Panagiá mou, panagiá mou” adlı mahnı ilə çıxış etdi. Mahnı, 1974-cü ildə baş vermiş Kipr hadisələrinin ardından yaşanan ağrı və itkiləri təsvir edirdi. Yunan müğənninin səsi ilə bir xalqın yasını dünya eşitdi. Amma həmin anda Türkiyədə yayımı canlı verən TRT gözlənilməz bir addım atdı: yayımı kəsdi.

Yunanıstanın çıxışı yerinə Türkiyənin ekranlarında Memleketim səsləndi. Bu mahnı illərdir Türkiyədə vətənə bağlılığın, sürgün və ayrılıq hisslərinin musiqili simvoluna çevrilmişdi. Bu, açıq-aşkar bir mesaj idi – “Biz susuruq, amma bu sükutun da bir səsi var.” Avropa səhnəsində bir mahnı ilə anılmaq istəməyən Türkiyə, öz yaddaşının və acısının musiqisini yaymağı seçdi.

1979-cu il Avroviziya Mahnı Müsabiqəsi hələ başlamamışdan qalmaqallar öz sözünü deməyə başlamışdı. Türkiyədə seçim turları yenə böyük maraqla izlənilirdi. Amma bu maraq tezliklə məyusluğa çevrildi.

Musiqisi ilə gənclərin sevgisini qazanan İlhan İrem Avroviziya səhnəsində ölkəsini təmsil etməyə hazırlaşırdı. Lakin gözlənilmədən qarşısı hərbi maneələrlə kəsildi. Əsgərlik xidmətini hələ keçmədiyi üçün müsabiqəyə qatılması mümkün olmadı. Gənc sənətçinin səsi hələ səhnəyə çıxmamışdan susturuldu.

İlhan İrem isə geri çəkilmədi. Xüsusi icazə alaraq əsgərlikdən qayıtdı, vətən üçün səhnəyə çıxmağa hazır idi. İfa edəcəyi mahnı – “Bir Yıldız” – artıq dinləyicilərin dilində idi. Amma bu dəfə də texniki bir maneə yoluna çıxdı: mahnı milli seçim turundan əvvəl yayımlandığı üçün yarışmadan kənarlaşdırıldı.

Beləcə, İlhan İrem iki dəfə – biri hərbi qaydalar, digəri isə müsabiqə qaydaları səbəbindən yarışmadan uzaqlaşdırıldı.

1979-cu ildə ard-arda yaşadığı məyusedici hadisələr İlhan İremi səhnədən uzaqlaşdıra bilərdi. İllər sonra, 1986-cı ildə, bu dəfə müğənni kimi yox, söz yazarı olaraq Avroviziya səhnəsinə geri döndü. Onun sözlərini yazdığı “Halley” adlı mahnı, Klips ve Onlar qrupu tərəfindən ifa olundu və Türkiyəyə tarixində ilk dəfə ilk onluq uğurunu gətirdi – 9-cu yer. Bu nəticə 1997-ci ilə qədər Türkiyənin Avroviziyadakı ən yaxşı nəticəsi olaraq qaldı.

İllər keçdikcə İlhan İremin şəxsi həyatı da ictimaiyyətin marağında oldu. Onun mistik və fəlsəfi dünyagörüşü, daha sonra bir təriqət lideri kimi tanınması ilə medianın diqqətini çəkdi. Və beləcə, tarixə düşən bir başqa maraqlı fakt doğdu: “Halley” – Avroviziya tarixində iştirak edən və sözləri bir təriqət lideri tərəfindən yazılmış ilk və yeganə mahnıdır.

1979-cu ilin dramları bununla yekunlaşmadı. Seçim turu başa çatmış, mahnı seçilmiş, hazırlıqlar başlamışdı. Maria Rita Epik və onun ifa edəcəyi “Seviyorum” adlı mahnı Türkiyəni 1979-cu il Avroviziya səhnəsində təmsil etməyə hazır idi. Amma son anda hər şey dəyişdi.

4 mart 1979-cu il tarixində Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi, İsrailin həmin il yarışmaya ev sahibliyi etməsinə qarşı diplomatik mövqe sərgilədi. Nazirliyin təklifi ilə TRT rəsmi olaraq müsabiqədən çəkildiyini bəyan etdi. Açıqlamada Fələstinlilərin dövlət qurmaq hüququ, Qüdsün statusu və İsrailin “işğalçı” kimi qiymətləndirilməsi kimi ifadələr yer aldı.

TRT-nin rəsmi bəyanatında həmçinin Maria Rita Epikin başqa bir beynəlxalq festivalda Türkiyəni təmsil edəcəyi qeyd olunurdu. Lakin bu, nə ictimaiyyəti, nə də sənətçini razı sala bildi. Maria Rita Epik açıq şəkildə mövqeyini bildirdi:

Sənətçilər siyasətə alət edilməməlidir.

1979-cu ilin sükutla keçən diplomatik etirazından sonra TRT, artıq həm beynəlxalq aləmdə, həm də daxildə güclü bir imic yaratmaq istəyirdi. Bütün zəif nəticələr, qalmaqallar və çəkilmələrdən sonra 1980-ci ildə, Türkiyə Avroviziya səhnəsinə iddialı qayıdış edəcəyini elan etdi. Bu qayıdışın siması isə təkcə Türkiyənin deyil, bütün Orta Şərqin pop ikonası sayılan bir ad idi: Ajda Pekkan.

TRT bu dəfə işi şansa buraxmadı. Ajda üçün xüsusi seçim turu təşkil edildi. Bir çox məşhur bəstəkar və söz yazarının mahnıları arasından seçilən mahnı isə siyasi bir gücə sahib idi – “Petrol”.

“Petrol” sadəcə ritmik və modern pop mahnısı deyildi. Bu mahnı dünyanın 1979-cu ildə yaşadığı neft böhranına bir cavab idi. Benzin növbələri, enerji çatışmazlığı, iqtisadi çöküş – dünyanın super gücləri belə bu böhran qarşısında aciz qalmışdı. “Petrol” məhz bu qlobal problemə diqqət çəkirdi və Ajda Pekkan səhnədə bu çarəsizliyin musiqili tərcüməçisi oldu.

TRT bu mesajın daha geniş kütlələrə çatması üçün klip çəkilişinə start verdi. Klipdəki əsas simvol isə müasirliyin və gücün nişanəsi olan Mercedes avtomobili olacaqdı. Lakin tarixin ironiyası burada üzə çıxdı:
Mahnı petroldan bəhs edirdi, amma benzin yox idi. Çəkiliş zamanı Mercedes maşını üçün bir damcı da benzin tapılmadı. Bu zaman yaradıcı komanda gözlənilməz, lakin son dərəcə simvolik bir qərar verdi: Maşın atlar və insanlar tərəfindən çəkiləcəkdi. Mercedes – Avropanın sənaye gücünün simvolu – atların arxasına qoşuldu. Arxa planda isə Ajda Pekkan ritmik şəkildə “Petrol, petrol, cilovlarım sənin əlindədir” deyirdi. Bu görüntü, nəinki musiqi tarixində, həm də vizual metaforalar içində unudulmaz bir yerə sahib oldu.

Amma klipin bu orijinal ideyası istənilməyən diplomatik əks-səda doğurdu. Almaniya tərəfindən, xüsusilə mətbuat səviyyəsində, Mercedes-in bu şəkildə təqdimatı narazılıqla qarşılandı. Alman mətbuatı bunu “müasir Alman texnologiyasının alçaldılması” kimi yozdu. Rəsmi diplomatik nota olmasa da, Almaniyanın bəzi çevrələrində bu səhnə “qəsdən edilmiş bir simvolik tənqid” kimi qəbul olundu.

Səhnədə peşəkar ifası, dəbli görünüşü və modern tərzi ilə Ajda Pekkan Avropaya Türkiyənin yalnız folklorla deyil, modern musiqi ilə də yarışa gələ biləcəyini sübut etməyə çalışdı. Lakin gözlənildiyinin əksinə olaraq nəticə yenə məyusedici oldu – 23 ölkə arasında 15-ci yer.

Bu nəticə Ajda Pekkanı dərindən sarsıtdı. O, müsabiqədən sonra uzun müddət peşmanlıq və təəssüf ifadə edən açıqlamalar verdi. Amma bir şey dəqiq idi: “Petrol” Avroviziya tarixində siyasi və qlobal böhrana açıq mesaj verən nadir mahnılardan biri idi.

1983-cü il Avroviziya Mahnı Müsabiqəsi üçün Türkiyə bu dəfə güclü bir iddiaçı ilə iştirak etmək istəyirdi. Seçimlərdə Anadolu rokunun banilərindən biri, simvolik sənətkar Barış Manço, “Kazma” adlı fərqli və cəsarətli mahnısı ilə iştirak etdi. Lakin münsiflər heyəti bu musiqi yeniliyini və cəsarətini qəbul etmədi. Onların fikrincə, “Kazma” Avropa səhnəsi üçün “çox yerli”, “çox sərt” və “çox fərqli” idi. Barış Manço seçim turundan kənarlaşdırıldı.

Lakin qərarı xalq verdi. Barış Manço “Kazma” mahnısını sinql kimi yayımladı. Mahnının cəmi bir il ərzində ölkədə 550 min nüsxəsi satıldı. Bu, 1983-cü ildə Türkiyə üçün rekord bir satış idi.

Eyni ildə ölkəni təmsil etmək üçün seçilən ad isə Çetin Alp və ifa etdiyi “Opera” mahnısı oldu. Mahnı, opera janrının parodiyası kimi təqdim edilsə də, nə səhnə performansı, nə də musiqi baxımından Avropa tamaşaçısını inandıra bilmədi. Nəticə: 0 xal. Bu, Türkiyənin Avroviziya tarixindəki ilk “nul point”i (0 xalı) idi.

Nəticələrdən sonra “Gong” jurnalının Barış Manço ilə bağlı suallarına Çetin Alp belə cavab verdi:

Barış Manço bu işin sadəcə saç uzatmaqla olacağını düşünürsə, yanılır… 25 santimetr saç uzatmaqla heç nə əldə olunmaz… Getdik, Avropanı gördük – orada uzun saçlı müğənnilər çoxdur, amma səsi həqiqətən yaxşı olanlar – bax, onlar çox azdır… Barış Manço əvvəlcə bunu yaxşıca düşünməlidir. Biz Avropada səs ala bilmədik, amma olay yaratdıq. Bunu ekrandan izləyənlərdən soruşun. Barış Manço getsəydi, nə edəcəkdi? Eşşəklə, qatırla, bel ilə, balta ilə bu işi bacaracağınımı düşünür? Məncə, bu, gülünc olar.

Çetin Alpin tənqidlərinə cavab verən Barış Manço əsəbləşmədi, kobudlaşmadı. Sadəcə dedi:

Saçlarımla maraqlanmağın xoşdur. Amma saçlarım 25 yox, 40 sm-dir. Üstəlik, bu saçlar 15 ildir zirvədə qalaraq bu günə gəlib… Kazma ilə, eşşəklə bu iş getməz’ deyirsən… Mən bu sözlərinə nə deyim… Allah sənə kömək olsun, arkadaşım çe, arkadaşım tin, arkadaşım Çetin.

Barış Manço, məşhur “Arkadaşım Eşek” mahnısının sözləri ilə həm kinayə etdi, həm də səviyyəsini itirmədən əzəli sənətçi duruşunu qorudu.

Ardıcıl zəif nəticələr, unudulan səhnələr və boşa çıxan ümidlər… 11 illik durğunluq 1993-cü ilin yayında pik həddə çatdı. AYB iştirakçı çoxluğunu əsas gətirərək ən zəif nəticə göstərmiş 7 ölkəni müsabiqədən bir illik kənarlaşdırdı. Və Türkiyə 1994-cü ildə Avroviziya səhnəsində yox idi.

Bu qərar ölkədə şok effekti yaratdı. Məsələyə ciddi jurnalistlər belə biganə qalmadı. Mehmet Ali Birand “32. Gün” verilişinin bir buraxılışını bu xəbərə həsr etdi. Verilişin girişində isə o, bu cümlə ilə gündəmi silkələdi:

Əziz tamaşaçılar, bir dərddən qurtulduq.

Verilişdə o cümlədən vurğulanırdı:

Heç bir ölkə Avroviziyanı Türkiyə qədər siyasiləşdirmir. Heç bir yerdə bir mahnı müsabiqəsi bu qədər siyasi başlıqlarla xəbərə çevrilmir.

1995-ci ildə Türkiyə Avroviziyaya geri döndü. Ardınca uzun illər sakit, qalmaqalsız bir dövr başladı. Bu illərdə ölkə ilk dəfə ilk üçlük içində yer aldı və ümidlər yenidən doğuldu.

Lakin 2002-ci ildə yenidən fırtına qopdu. Türkiyə zəif nəticə səbəbilə növbəti il müsabiqədən kənarlaşdırılmalı idi. Amma TRT buna sərt reaksiya verdi və AYB-ni səsvermədə saxtakarlıqda ittiham etdi. Səbəb isə sadə idi: Almaniyadan gələn 0 xal. TRT bunun qeyri-mümkün olduğunu, orada milyonlarla türkün yaşadığını əsas gətirdi. Gərgin müzakirələrdən sonra Türkiyənin 2003-cü ildə iştirakına icazə verildi.
Və bu, tarix yazacaq qərar oldu. Çünki əgər o il TRT kənarda qalsaydı, Türkiyə ilk və tək Avroviziya qələbəsini yaşamayacaqdı.

2003-cü ildə Türkiyəni Avroviziyada təmsil etmə vəzifəsi Sertab Erenerə verildi. Sertabın “Everyway That I Can” mahnısı yayımlananda isə sükut deyil, səs-küy başladı. Mahnı Türkiyənin tarixində ilk tamamilə ingiliscə Avroviziya mahnısı idi. Türk Dil Qurumu bu hala dərhal etiraz etdi:

Hər bir ölkə Avroviziya mahnı müsabiqəsində adətən ana dilində yazılmış mahnılarla iştirak edir. Ölkəmizin və mədəniyyətimizin tanıdılması baxımından əhəmiyyətli bir yarışma olan Avroviziyaya əvvəlki illərdə olduğu kimi türkcə yazılmış sözlərlə qatılmağımız qədər təbii bir şey ola bilməz.

Mövzu o qədər böyüdü ki, Türkiyə Böyük Millət Məclisinin müzakirə gündəminə qədər gəlib çıxdı. Bir çox millət vəkili Sertabın ingilis dilində oxumasını “milli kimliyə zidd” saydı.

Klipin yayımlanması ilə vəziyyət dahada gərginləşdi. Klipdəki səhnələr – hərəmi xatırladan mühitdə iki qadın arasındakı münasibət, şübhəli baxışlar, və narkotik təsviri kimi yozulan anlar – xüsusilə TRT rəhbərliyinin qəzəbinə səbəb oldu.

Rəsmi açıqlama gəlməsə də, “milli və əxlaqi dəyərlərə zidd” hesab edilən görüntülərin kəsilməsi qərara alındı. Klip bir neçə televiziya kanalında efirdən çıxarıldı, digərlərində isə yalnız redaktə olunmuş versiyası yayımlandı.

Amma Sertab Erener bütün bu ittihamların ortasında sakit və qürurlu şəkildə bu açıqlamaları verdi:

Mən yaxşı bir iş gördüyümə inanıram. Niyə bu qədər etiraz edildiyini başa düşə bilmirəm. Türk mədəniyyətində hamam onsuz da var. İngilis dilində mahnı və bu hamam səhnəli klip məncə çox uğurludur. Hər kəs mənə dəstək verməlidir. Öz oturduğumuz budağı kəsməyək. Bir mahnı gündəmi bu qədər məşğul edə bilərmi? Bu qədər şişirdiləcək nə var, anlamıram. Tənqidlər çox haqsızdır. Halbuki insanların maneə olmaq yerinə dəstək verməsini gözləyirdim. Mən Türkiyənin adını tanıtmağa çalışıram və ən yaxşı şəkildə təmsil etmək üçün bütün gücümlə çalışıram.

Daha sonra mahnının musiqisinin plagiat olduğu ilə bağlı iddialar səsləndirildi. İddialara əsasən, mahnının melodiyası Fuat Sakanın 1992-ci ildə yayımladığı “Dazlak” adlı mahnıdan götürülmüşdü. Lakin mahnının bəstəkarı Demir Demirkan bu fikirləri təkzib edərək bildirdi ki, hər iki mahnının melodiyası ənənəvi “Çiftetelli” rəqsindən ilham alınaraq bəstələnmişdir.

Sertabın sınaqları bununla da bitmir. Səhnəyə çıxmasına cəmi bir gün qalmış, qəfil halı pisləşən sənətçi məşq zalının koridorunda huşunu itirir. Gərgin hazırlıq prosesi, stress və təzyiqlər artıq öz sözünü deməyə başlamışdı. Həmin il Yunanıstanı təmsil edən Mandonun sözlərinə görə, Sertab səfər zamanı özü ilə gətirdiyi bütün şəxsi əşyalarını itirmişdi və bu səbəbdən də final gecəsi səhnəyə ayaqyalın çıxmaq məcburiyyətində qalmışdı. Ancaq bütün bu çətinliklər onu dayandıra bilmədi. Sertab Erener səhnədə gücünü, istedadını və iradəsini ortaya qoyaraq, Türkiyə musiqi tarixində yeni bir səhifə açdı. O, ölkəsini layiqincə təmsil etdi və Türkiyəyə Avroviziya mahnı müsabiqəsində ilk tarixi qələbəni qazandırdı.

Lakin qələbədən sonra belə TRT kanalı Sertabdan əl çəkmir. İllər keçsə də, bu uğurun arxasında sakitlik hökm sürmür. Sertab Erenerin son müsahibələrindən birində bildirdiyinə görə, dövlət kanalı onu məhkəməyə verib. Səbəb soruşulduqda isə sənətçi acı bir təbəssümlə cavab verir: “Mahnını özləri yazdıqlarını fikirləşirdilər…” Bu sözlər bir tərəfdən sənətçinin yaşadığı haqsızlığa işarə edir, digər tərəfdən isə bir müğənninin uğur qazandıqdan sonra belə hansı maneələrlə üzləşdiyini göz önünə sərir.

TRT ilə problem yaşayan təkcə Sertab Erener deyildi. Türkiyənin Avroviziya səhnəsindəki digər təmsilçiləri də zaman-zaman oxşar çətinliklərlə üzləşmişdi. 2006-cı ildə ölkəni təmsil edən Sibel Tüzün, “Süperstar” adlı mahnısının bir hissəsini ingilis dilində ifa etmək istəmiş, lakin TRT bu təklifə qəti şəkildə qarşı çıxmışdı. Rəsmilərin etirazına baxmayaraq, Tüzün canlı yayımda səhnəyə çıxaraq mahnının bir hissəsini ingiliscə ifa etdi. Bu cəsarətli addım TRT ilə sənətçi arasında gərginliyə səbəb oldu.

İllər sonra qonaq olduğu radio verilişində “Niyə bütün mahnını ingilis dilində oxumadınız?” sualına “Niyə oxumadım ki? Mikrofon əlimdə idi” cavabını verən müğənni, “Vanda ötürücü təmir etməyə göndərilməklə” şantaj olunduğunu da əlavə edib.

2009-cu ildə Türkiyəni təmsil edən Hadise də səhnə arxasında müxtəlif çətinliklərlə üzləşmişdi. Bu dəfə müzakirə mövzusu ifa deyil, geyim idi. Hadisənin səhnə kostyumu bəzi dairələrdə narazılıqla qarşılandı və xüsusilə TRT ilə sənətçi arasında ciddi fikir ayrılıqları yarandı. İllər sonra tanınmış jurnalist Ali Eyüboğlu bu məsələ ilə bağlı maraqlı açıqlamalar verib:

Əgər bu gün Türkiyə Eurovisiona qatılmırsa, ilk zərbəni Hadisədən və o dövrdəki hadisələrdən alıb. O zamanın TRT baş direktoru bunu mənə şəxsən danışdı; Hadisənin geyindiyi qalmaqallı geyimə görə, TRT rəhbərliyi ilə hakimiyyət arasında ciddi problemlər yaşanıb. Bundan sonra kanal bir daha qadın müğənni göndərməməyə qərar verib.

2012-ci ilin sonunda Türkiyə Avroviziya səhnəsindən geri çəkildiyini elan edib. TRT sadəcə müsabiqədən deyil – bir dövrün simvoluna çevrilmiş bir musiqi səyahətindən də imtina edib. Qərarın özü qədər onun səbəbləri də qalmaqallı idi. TRT geri çəkilmənin səbəbi kimi səsvermə sistemindəki dəyişiklikləri göstərdi. Xüsusilə 50/50 nisbətində tətbiq edilən münsiflər heyəti və xalq səsverməsi sistemi, həmçinin “Böyük Beşlik” (Fransa, Almaniya, İtaliya, İspaniya və Birləşmiş Krallığın avtomatik finala çıxması) qaydası ciddi narazılığa səbəb olub. TRT bu sistemin ədalətsiz olduğunu bildirib və illərlə uğurla iştirak etdiyi müsabiqədən çəkilmək qərarına gəldiyini açıqlayıb.

2021-ci ildə “Eurovision Legends” podkastına verdiyi müsahibədə Avroviziya müsabiqəsinin sabiq icraçı rəhbəri Jon Ola Sand TRT-nin irəli sürdüyü səbəbləri təkzib edib:

Bizə AYB-nin türk üzvündən – yəni TRT-dən – müsabiqədən niyə çəkildikləri ilə bağlı heç bir rəsmi izahat təqdim olunmadı. Biz də sizin kimi bəzi xəbər agentlikləri və bloqlardan problemin səsvermə sistemi ilə bağlı olduğunu oxuduq. Amma məncə bu, qaydalarla əlaqəli bir məsələ deyildi… Biz Avropa Yayım Birliyinin ən yüksək səviyyəsində bu vəziyyətin niyə bu hala gəldiyini anlamaq üçün dəfələrlə cəhd etdik, lakin heç bir izahat ala bilmədik.

Bəzi TRT nümayəndələri müsabiqədə təqdim olunan bəzi səhnə şoularını və mövzuları Türkiyənin mədəni və əxlaqi dəyərləri ilə uyğun olmadığını ifadə etmişdi. Bu da çəkilmə qərarına təsir edən amillərdən biridir.

Türkiyənin Avroviziya müsabiqəsinə qayıtması ilə bağlı iddialar 2012-ci ildən etibarən davamlı olaraq gündəmdə olub. Bu müddət ərzində çoxsaylı müzakirələr aparılıb və müxtəlif dövrlərdə siyasi bəyanatlar verilib. Məsələn, 2023-cü ildə CHP-nin (Cümhuriyyət Xalq Partiyası) prezident seçkilərindəki namizədi, əgər qalib gəlsə, Türkiyənin Avroviziyaya qayıdacağına dair açıqlama vermişdi. Bu cür bəyanatlar həm Avroviziyanı izləyənlər, həm də Türkiyə mədəniyyəti ilə maraqlananlar üçün vacib bir mövzuya çevrilib. Lakin hələlik bu açıqlamalar yalnız siyasi şərhlər olaraq qalır və rəsmi olaraq Türkiyənin Avroviziyaya qayıdışı ilə bağlı heç bir konkret qərar verilmiş deyil.

Türkiyə Avroviziya tarixində yalnız siyasi məsələlərlə deyil, həm də unudulmaz mahnıları ilə də yadda qalıb. 2003-cü ildə Sertab Erenerin birinci olduğu “Everyway That I Can” mahnısı, hələ də ölkənin Avroviziyadakı ən böyük uğuru olaraq qəbul edilir. Həmçinin, 2004-cü ildə “For Real” mahnısı ilə Athena qrupu və 2009-cu ildə Hadise ilə əldə edilən uğurlar da Türk musiqisinin beynəlxalq aləmdə tanınmasına böyük təsir göstərib. Ancaq 2013-cü ildən etibarən Türkiyənin müsabiqədən uzaqlaşması, bir çox Avroviziya fanatı üçün hələ də cavabsız qalan suallardan biridir.

Türkiyənin Avroviziyaya geri qayıdacağına dair ümidlər hər il artmaqda davam edir. Hər yeni il ilə birlikdə, müzakirələr yenidən başladıqca, Avroviziya izləyiciləri bu məsələnin həllini gözləyir, lakin rəsmi bir addım atılmadığı müddətcə, bu, yalnız bir arzu olaraq qalacaq. Avroviziya, həm də bir ölkənin musiqi mədəniyyətini dünyaya tanıtmağın və beynəlxalq səhnədə yer tutmağın əhəmiyyətini ortaya qoyur. Bu baxımdan, Türkiyənin geri dönməsi, həm onun mədəniyyətinə, həm də musiqi dünyasına yeni bir nəfəs gətirə bilər.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Nəğməyə çevrilən kimliklər: Avroviziya və etnik azlıqlar (2012–2025)

Avroviziyada “Böyük Beşlik” niyə var?

Rəy bildir