Avroviziyada “Böyük Beşlik” niyə var?

Avroviziya Mahnı Müsabiqəsi parlaq səhnələr, rəngarəng kostyumlar və mədəniyyətlərarası birlik təəssüratı yaratsa da, arxa planda heç də hər şey bu qədər “şən və ədalətli” deyil. Hər il milyonlarla insanın izlədiyi bu nəhəng tədbirin içində bəzən musiqidən daha çox maliyyə, siyasi nüfuz və qapalı otaqlarda verilən qərarlar ön plana çıxır. Bu sistemin ən çox tənqid edilən və illərlə müzakirə olunan tərəfi isə şübhəsiz ki, “Böyük Beşlik” anlayışıdır.

Avroviziya 1956-cı ildə yaradıldıqda əsas məqsəd, müharibədən çıxmış Avropa ölkələrini musiqi vasitəsilə birləşdirmək idi. İlk illərdə iştirakçı sayı az olduğundan, yarışmada final mərhələsi anlayışı yox idi. Hər kəs birbaşa çıxış edirdi. Ancaq 1990-cı illərdən sonra SSRİ-nin dağılması və Şərqi Avropa ölkələrinin müsabiqəyə qoşulması ilə iştirakçı sayı sürətlə artdı. 2004-cü ildən etibarən isə yarışın formatı dəyişdirildi və yarımfinal mərhələləri tətbiq olundu. Bu dəyişiklik yeni ölkələr üçün fürsət, lakin bəzi köhnə ölkələr üçün təhlükə idi. Çünki artıq finala çıxmaq zəmanət deyildi.

Bu imtiyaz əvvəlcə “Böyük Dördlük” kimi formalaşmışdı. Almaniya, Fransa, İspaniya və Birləşmiş Krallıq Avroviziyanın əsas maliyyə töhfəçiləri idilər və hər biri Avropa Yayım Birliyi üzvü olaraq, müsabiqənin büdcəsinə ən böyük töhfəni verirdilər. 2000-ci illərin əvvəllərində bu ölkələr yarışmada uğursuz çıxışlar edəndə və bəzən finala belə keçə bilməyəndə, yerli media, ictimaiyyət və dövlət qurumları AYB-ya təzyiq etməyə başladılar.

İlk təyziq 1996-cı ildə Almaniyadan gəlmişdi. Ölkəni həmin il Avroviziyada təmsil edən Leon finala keçə bilməməsini ədalətsizlik adlandıraraq etiraz edir. Daha sonra ARD kanalının rəhbərləri AYB-yə açıq şəkildə narazılıqlarını bildirmiş və dəstəyini çəkməklə hədələmişdi.

BBC, müsabiqədə uğursuzluqlar baş verdikdə, yarışmanı ədalətsiz adlandıraraq daxili hesabatlarda AYB-ə təzyiq göstərmiş, İtaliya isə mədəniyyətlərini təqdim edə bilmədiklərini bildirərək 1998-ci ildə yarışmadan çəkilmişdi.

AYB bu təzyiqlərin nəticəsində belə bir qərar verdi ki, bu ölkələr pulla yarışmanı yaşatdıqları üçün, avtomatik final hüququna malik olacaqlar. 2011-ci ildə İtaliyanın qayıdışından sonra bu sistemə “Böyük Beşlik” adı verildi və o gündən bu struktur bu beş ölkə üçün daimi imtiyaz olaraq qəbul olundu.

Bu qərar “Böyük Beşlik” ölkələri üçün yaxşı olsa da, bir çox yayımçı kanal bu qərara öz etirazını bildirdi. Ən sərt etiraz isə qardaş ölkə Türkiyədən gəldi. TRT-nin baş direktoru İbrahim Şahin 2012-ci ildən yarışmadan çəkildiklərini açıqladı :

Yarışma demokratikliyini itirib. Böyük Beşlik birbaşa finala çıxır, digərləri isə çətinliklə mübarizə aparır. Bu, ədalətli deyil. Bu qayda dəyişənə qədər geri dönməyi düşünmürük.

“Böyük Beşlik” sisteminə qarşı təkcə ölkələr və yayım qurumları deyil, Avroviziyada iştirak etmiş bir çox tanınmış müğənnilər də etirazlarını açıq şəkildə ifadə ediblər.

3 qat Avroviziya qalibi olan əfsanəvi Johnny Logan, Şimali Makedoniyadan olan Kaliopi, Danimarkadan Anja Nissen, İsraildən Hovi Star və Türkiyədən Can Bonomo açıqlamalar verərək, “Böyük Beşlik” statusunun yığışdırılmalı olduğu bildirmişdilər.

Əlbəttə bu qərara etiraz edənlər qədər, dəstək olanlar da az deyildi. Avroviziyanın keçmiş rəhbəri Jon Ola Sand “Böyük Beşlik”in önəmini bu şəkildə açıqlamışdı :

Yarışmanın yaşaması üçün maliyyə dayaqları lazımdır. Böyük Beşlik sadəcə iştirakçı deyil, bu şounun bünövrəsidir. Bu şans onlara tanınmalıdır.

Nəticə olaraq, “Böyük Beşlik” sistemi Avroviziya Mahnı Müsabiqəsinin yalnız musiqi yarışması olmadığını, onun arxasında böyük maliyyə və siyasi maraqların da dayandığını aydın şəkildə göstərir.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Siyasət və mədəniyyətin kəsişməsi: Türkiyə Avroviziya arenasında

Avroviziyanın səsvermədəki qaranlıq illəri – Qalmaqallar, etirazlar və daha çoxu

Rəy bildir