Səsvermədə “qoçaq” ölkələr – Hansı ölkələr obyektiv deyil?

Avroviziya Mahnı Müsabiqəsi yarandığı gündən bu günə qədər, hər zaman siyasətdən uzaq qalmağa çalışıb. Lakin, ölkələrin yarışdığı bir müsabiqədə nə qədər “neytral” qalmaq mümkündür?

Avropa Yayım Birliyi (AYB) müsabiqədə yayımçı kanalların yarışdığını və ölkələrin siyasi fəaliyyətlərinin müsabiqəyə əks olunmadığını hər zaman dilə gətirsə də, bu əslində tam olaraq belə deyil.

Çünki, Avroviziya 70 illik tarixi boyunca dəfələrlə ölkələr arasında olan siyasi problemlərin mərkəzində olub və bundan sonra da olmağa davam edəcək. Siyasətin müsabiqədə bariz şəkildə hiss edildiyi yer isə şüphəsiz ki, yarışmanın səsverməsidir.

Təbii ki, bütün ölkələrə şamil edilməsə də tarixi, coğrafi, iqtisadi, dini və siyasi yaxınlıq səbəbi ilə bir sıra ölkələr müsabiqədə bir-birinə həddindən artıq yersiz yüksək xallar verirlər.

Bu cür səsvermə, əksər halda eyni siyasi bloklarda (məsələn, Avropa İttifaqı, Rusiya ilə əlaqələr və ya postsovet məkanından olan ölkələr) yerləşən ölkələr arasında olur.

Bəzi dövlətlərin daha çox “blok” şəklində birləşməsi (məsələn, Şimali Avropa ölkələri və ya Baltikyanı ölkələr) ilə də müşahidə olunur.

Bundan başqa, keçmişdə bəzi siyasi hadisələr və münaqişələr (məsələn, Rusiyanın Ukraynaya hücumu və ya Ermənistan ilə Azərbaycan arasındakı münaqişələr) də səsverməyə təsir göstərib. Bu səbəblə bəzən Avroviziya səsverməsi daha çox siyasi rəqabət və strateji ittifaqlarla əlaqələndirilir. Bu cür faktorlar isə günün sonunda təəssüf ki, musiqi və müğənninin performansının önündə dayanır.

Bunlar tam olaraq hansı ölkələrdir?

Avroviziyaya bu günə qədər 50-dən artıq ölkə qatılıb və bu gün ən azı 40-a yaxın ölkə qatılmaqda davam edir. Hər bir ölkənin özünə məxsus səsvermə strategiyası ola bilər. Ancaq uzun illər azərkeşlərin və ekspertlərin müşahidəsinə əsasən, aşağıdakı ölkə cütlükləri və ya blokları bu kateqoriyaya aid edilir.

1. Şimali Avropa ölkələri;

Müsabiqədə Şimali Avropa ölkələri bir-birinə əksər halda yüksək xal verən ölkələrdəndir. Azərkeşlər arasında “Skandinaviya” deyə adlandırılan bu ölkələrə İsveç, Norveç Finlandiya və Danimarka aiddir. Xüsusən də İsveç və Finlandiyanın dəfələrlə bir-birinə 12 xalları “paslaşdıqları” situasiyalar heç də az olmayıb. Coğrafi və mədəni yaxınlıq bu ölkələri Avroviziyada da bir-birinə sıx bağlayır. Hətta bu ölkələrdə doğulmuş müğənnilər, asanlıqla bir-birini Avroviziyada da təmsil edə bilir.

2. Baltikyanı ölkələr;

Müsabiqənin bir digər “rəfiqə” ölkələr qrupu Baltiklər adlanır. Bu ölkələrə Litva, Latviya və Estoniya daxildir. Bu ölkələr bəzən bir-birinə çox yüksək xalları verməsələr də, hər zaman az da olsa bir-birinə xal verib, dəstək olmağa çalışırlar.

3. Postsovet ölkələri;

Avroviziyada postsovet ölkələri də siyasi səsverməyə qarışan ölkələrdəndir. Xüsusən də siyasi münaqişələr, müttəfiqliklər, çıxarlar və coğrafi yaxınlıq bu cür səsverməni bu regionda daha da qabardır.

Rusiya və Belarusiya Avroviziyada siyasi səsverməyə qarışan ölkələrin demək olar ki, başında gəlir. Xüsusən də Rusiya siyasi mütəffiqlərini səsvermədə heç vaxt unutmayıb və onlara hər zaman yüksək xal verməyə çalışıb.

Azərbaycan və Gürcüstan da bu şəkildə bir-birinə xal verən ölkələrdən sayılır. Xüsusi ilə Azərbaycan, münasibəti yaxşı olduğu Rusiya və Türkiyəyə zamanında çox yüksək xallar verib.

Bundan başqa, qonşuluq münasibətləri səbəbi ilə Qafqaz ölkələri bir-birinə hər il xal verməyə çalışıb. Təkcə, Ermənistan və Azərbaycan arasında olan münaqişə səbəbi ilə bu iki ölkə demək olar ki, Avroviziyada heç vaxt bir-birinə xal verməyib.

Yalnız, 2009-cu ildə Ermənistan, Aysel və Arashın “Always” çıxışına 1 xal verib. Ermənistan da səsverməyə siyasət qatan ölkələrdəndir. Xüsusi ilə Ermənistan müsabiqədə Fransa və Rusiyaya yersiz yüksək xallar verib.

Türkiyə də qatıldığı illərdə müsbət əlaqələri olduğu ölkələrə yüksək xallar verib.

Ukrayna və Moldova da bir-birinə yüksək xal verən iki ölkədir. Polşa da Ukrayna və Moldovaya əksər halda yüksək xallar verib.

4. Balkanlar;

Balkan ölkələri müsabiqənin həm ən tez küsən, həm də ən çox siyasi səsvermə edən ölkələrindəndir. Serbiya, Bosniya və Herseqovina, Albaniya, Xorvatiya və Monteneqro bu ölkələrə aiddir. Bəzən Yunanıstan da bu siyahıya aid edilir. Bu ölkələr əksər halda müsabiqədə bir-birinə 12 xalları verir və bu fakt uzun illərdir azərkeşlərin müzakirə mövzusudur.

5. Skandinaviya və Baltikyanı ölkələr;

Bu ölkələrdən xüsusi ilə İsveç, Finlandiya, Estoniya və Latviya bu şəkildə səs verən ölkələrdir. Bu ölkələrin mədəniyyət və tarixi yaxınlıqları bu cür səsverməyə şərait yaradır.

6. Kipr və Yunanıstan;

Bu iki ölkə arasında da çoxlu sayda 12 xal “paslaşması” olur. Xüsusi ilə tarixi və mədəni yaxınlıq buna əsas səbəb kimi göstərilir.

Hətta bu iddia o qədər güclənib ki, müsabiqədə canlı yayım zamanı Yunanıstanın 12 xalı açıqlanmadan öncə, arenadakı azərkeşlərin “Kipr” deyə qışqırması və ya bunun tamam əksi faktı dəfələrlə qeydə alınıb.

7. İsrail;

Müsabiqənin Şərqdən qatılan tək ölkəsi olan İsrail də, müsabiqədə özünə yaxın hesab etdiyi ölkələrə xal verməsi ilə gündəmə gəlib. Xüsusi ilə təmsilçinin yəhudi olması və ya ölkənin İsrailə siyasi yaxınlığı səsvermədə İsrail üçün əsas faktorlardan hesab olunur.

8. İtaliya – San Marino;

Bu iki ölkə bir-birinə olan coğrafi yaxınlıq səbəbi ilə hər il bir-birinə yüksək xallar verirlər.

Bundan başqa Portuqaliya – İspaniya, qərb ölkələrindən Belçika, Niderland, Fransa, Almaniya da qeyri-obyektiv səslər verən ölkələrdəndir.

Avroviziyada xalq səsverməsinin də tamamilə neytral olduğunu söyləmək doğru deyil. Çünki, insanlar asanlıqla manipulyasiyaya məruz qala bilir. Təmsilçinin səhnə geyimi, mahnıda verdiyi mesaj, simvollar, siyasi və qlobal vəziyyət xalq səsverməsini də kökündən dəyişə bilir.

Bu səsvermə əlaqələri tam olaraq siyasi motivli olmasa da, bəzi hallarda dövlətlər öz müttəfiqlərinə və qonşularına dəstək verirlər. Lakin, hər zaman bu, musiqi və performansdan daha önəmlidir demək deyil. Bu cür əlaqələr hər bir yarışın nəticəsini təsir edə bilər, lakin yenə də Avroviziya hər ölkəyə öz potensialını göstərmək imkanı verir.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Mamagama Avroviziya səhnəsi haqqında danışıb – “Run With U” fərqli versiyada canlı oxunub

Avroviziya xallarını açıqlayan unudulmaz simalar

Rəy bildir