“Avroviziya 2026” bu gün ənənəvi Açılış Mərasimi və “Firuzəyi Xalça” tədbiri ilə rəsmi start götürür.
Hər il olduğu kimi builki müsabiqənin də ilk böyük tədbiri iştirakçı ölkələrin nümayəndə heyətlərini, media nümayəndələrini və minlərlə fanatı bir araya gətirəcək.
“Firuzəyi Xalça” Avroviziya Mahnı Müsabiqəsinin illərdir davam edən ənənələrindən biridir. Tədbir müsabiqənin canlı şou həftəsinin rəsmi başlanğıcı hesab olunur. Burada iştirakçı ölkələrin nümayəndələri ilk dəfə geniş auditoriya qarşısına çıxır, media nümayəndələrinin suallarını cavablandırır və fanatlarla görüşürlər.

Bu il “Firuzəyi Xalça” mərasimi Vyana şəhərinin mərkəzində yerləşən “Wiener Rathausplatz” meydanında keçiriləcək. Tədbirdə müsabiqədə iştirak edən 35 ölkənin nümayəndə heyəti rəsmi şəkildə qarşılanacaq.
Tədbirin xüsusi məqamlarından biri də “Vienna Radio Symphony Orchestra”nın canlı çıxışları olacaq. Orkestr gecə ərzində müxtəlif musiqi parçalarını ifa edərək mərasimə xüsusi atmosfer qatmağa çalışacaq.
“Firuzəyi Xalça” mərasimi Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Tədbiri rəsmi “YouTube” yayımı vasitəsilə və Avstriyanın “ORF 1” kanalında canlı izləmək mümkün olacaq.
Bundan əlavə, 12xal komandası da tədbiri yerindən işıqlandıracaq. Saytın oxucuları “Firuzəyi Xalça”dan eksklüziv görüntülər, müsahibələr və ən son yeniliklərlə tədbir bitdikdən sonra tanış ola biləcəklər.
Açılış mərasimindən sonra nə baş verəcək?
“Firuzəyi Xalça” tədbirindən sonra iştirakçı 35 nümayəndə heyəti” Wiener Rathaus” binasında keçiriləcək qapalı rəsmi qəbul mərasimində iştirak edəcək. Bu tədbirdə nümayəndə heyətləri rəsmi şəkildə şəhərə “xoş gəldin” eşidəcək və müsabiqə həftəsinin başlanğıcı elan olunacaq.
Eyni zamanda, Rathausplatz meydanında toplaşan fanatlar üçün açıq hava konserti də təşkil ediləcək. Konsert proqramında Eric Papilaya & The Good Vibe Tribe və məşhur “What Is Love” hitinin ifaçısı Haddaway səhnəyə çıxacaq.
“Avroviziya 2026” qarşıdakı günlərdə yarımfinallar və böyük final ilə davam edəcək. Bu gündən etibarən isə, Avropanın ən böyük musiqi yarışmasının həyəcanı rəsmi olaraq başlayır.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






