Bandidos do Cante Portuqaliyanın Alentejo bölgəsində yaranmış 5 üzvdən ibarət musiqi qrupudur. Qrupun üzvləri uşaqlıq illərindən ailə və dost mühitində Alentejo xalq mahnılarını dinləyib və oxuyublar. Yeniyetməlik dövründə isə tez-tez bir araya gələrək birlikdə vaxt keçirib mahnı oxumaları onların musiqi ilə bağını daha da gücləndirib. Qrupun yaranması isə təsadüf nəticəsində baş verib – dostların bir şam yeməyi zamanı zümzümə etdikləri mahnılar sonradan musiqi layihəsinə çevrilib.
2022-ci ilin sonunda qrup D.A.M.A və Buba Espinho ilə birlikdə ərsəyə gələn “Casa” mahnısında vokal ifa edib və bu mahnı qısa müddətdə milyonlarla dinlənmə toplayaraq böyük populyarlıq qazanıb. Həmin dövrdə qrup “Amigos do Alentejo” adı ilə tanınırdı. 2023-cü ildə isə D.A.M.A və Buba Espinho ilə keçirilən turne zamanı qrupun adı Bandidos do Cante olaraq dəyişdirilib.
Qrup 2024-cü ildə “Amigos Coloridos” adlı debüt sinqlını təqdim edib. Mahnı Portuqaliya radiolarında ən çox səslənən yerli mahnılardan birinə çevrilib və qrup həmin il ölkə üzrə 50-dən çox konsert verib. 2025-ci ildə isə qrup ikinci sinqlı “Já Não Há Pardais No Céu”nu yayımlayıb və “Prémios Play da Música Portuguesa” mükafatlarında “İlin kəşfi” nominasiyasına namizəd olub.
2026-cı ilin yanvarında qrup ilk studiya albomu “Bairro das Flores”i təqdim edib. Albomda ənənəvi “Cante Alentejano” musiqisi müasir elementlərlə birləşdirilib. Albomda məşhur portuqaliyalı sənətçi António Zambujo da qonaq ifaçı kimi iştirak edib.
2026-cı ildə Bandidos do Cante Portuqaliyanın milli finalı olan “Festival da Canção 2026”da qalib gələrək ölkəni “Avroviziya 2026” səhnəsində təmsil etmək hüququ qazanıb. Qrup “Rosa” adlı mahnı ilə çıxış edəcək.
Mahnıda “rosa” (gül) simvol kimi istifadə olunur və sevginin, saflığın və həyatın incə gözəlliklərinin rəmzi kimi təqdim edilir. Mahnının sözlərində insanın duyğuları, xatirələri və həyatın çətinliklərinə baxmayaraq ümidini itirməməsi mesajı ön plana çıxır.
Qrupun “Avroviziya 2026” səhnəsindəki çıxışı maraqla gözlənilir.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






