Aylardır davam edən İsrail məsələsinə nəhayət bu gün aydınlıq gəlib. Əslində bir çox ölkənin gözləntisi doğrultusunda İsrailin “Avroviziya 2026”da iştirakı təsdiqlənib.
İsraillə bağlı “səsvermə” baş tutdu
AYB-nin bu gün baş tutan plenar iclasında ilk olaraq “Avroviziya 2026”nın yeni səsvermə sistemi müzakirə olunub. Daha sonra, bir sıra ölkələr İsrailin “Avroviziya”da iştirakı ilə bağlı mövqelərini ortaya qoyublar.
Gələn məlumatlara görə, İsrailin çıxışı zamanı Türkiyə və Əlcəzair nümayəndə heyətləri zalı tərk edib. İspaniya, Sloveniya və İrlandiya nümayəndələri isə ölkəni sərt şəkildə tənqid edib.
Müzakirədən sonra 12-yə yaxın ölkə AYB-dən gizli səsvermə tələb edib. AYB qaydalarına əsasən, üzv olan ölkələrdən biri ilə bağlı səsvermə etmək üçün minimum 5 ölkə səsvermə tələb etməlidir. Bu səbəbdən də İsraillə bağlı səsvermə keçirilməsi ilə bağlı AYB razılığa gəlib və İspaniyanın başçılığı altında səsvermə baş tutub.
Səsvermənin nəticəsinə əsasən İsrail 738 səs ilə müsabiqədə iştirak haqqı qazanıb. Ümumillikdə 254 səs İsrailin əlehinə verilib.

İclasda baş verən digər detallar aşağıdakı kimi olub:
1. Norveç AYB-nin təklif etdiyi yeni səsvermə sistemini dəstəkləyib;
2. İsveç müsabiqəyə siyasət qatmağın düzgün olmadığını müdafiə edərək Ukrayna və İsrailin müsabiqədə iştirakından yana qərar alıb;
3. Türkiyə, Sloveniya, İspaniya və Belçika İsrail və AYB-ni sərt şəkildə tənqid edib;
4. Ukrayna, Yunanıstan və Almaniya İsrailə dəstək olub;
5. Birləşmiş Krallıq neytral mövqe sərgiləyib və müsabiqənin siyasi arenaya çevrilməsinin düzgün olmadığını vurğulayıb.
Qərardan sonra 4 ölkə “Avroviziya 2026”dan çəkildi!
Qərarın ardından ilk olaraq Niderland dövlət kanalı AVROTROS müsabiqədən çəkildiyini elan edərək, müsabiqəni yayımlamayacağını açıqlayıb.


Daha sonra, “Böyük Beşlik” ölkələrindən İspaniya da “Avroviziya 2026”dan çəkildiyini elan edib. Bununla da ölkə 65 illik iştirakl müddətində ilk dəfə “Avroviziya”dan çəkilmiş olub. Yayımçı kanal RTVE də müsabiqə ilə bağlı heç bir şeyi yayımlamayacağını açıqlayaraq mövqeyini ortaya qoyub.
Bununla paralel, gələn il Barselonada baş tutması planlaşdırılan “Barcelona Eurovison Party 2026”ı da İspaniyanın qərarı sonrası rəsmi olaraq ləğv edilib.
Son olaraq İrlandiya və Sloveniya da müsabiqədən çəkildiklərini açıqlayaraq, çəkilən ölkə sayını dördə yüksəldiblər.
Bəs, çəkilən ölkələr “Avroviziya”ya nə qədər izləyici qazandırırdı?
- İspaniya – 19,2 milyon;
- Niderland – 7,5 milyon;
- Sloveniya – 740 min;
- İrlandiya – 570 min.
Ümumillikdə çəkilən ölkələr “Avroviziya”ya 28,5 milyon izləyici qazandırıb ki, bu da ümumi izlənmənin 17%-i deməkdir.
Qərarın ardından Norveç, İsveç, Danimarka Finlandiya və Portuqaliya müsabiqədə qalacaqlarını açıqlayıblar.
İslandiya isə “Avroviziya 2026” ilə bağlı qərarını 10 dekabrda açıqlayacağını elan edib.
Belçikada isə vəziyyət daha qarışıqdır. Belə ki, Belçikanın iki yayımçı kanalından biri olan VRT “Avroviziya 2026”nı yayımlamayacağını açıqlayıb.
Lakin gələn ilki iştirak haqqı RTBF-ə aid olduğu üçün VRT-nin qərarı bu nöqtədə Belçikanın iştirakına təsir edə bilmir. Kanaldan gələn məlumata görə rəsmi qərar önümüzdəki günlərdə veriləcək.
Sloveniya mediasına görə isə, İslandiya və Belçikanın “Avroviziya 2026”dan çəkilmə ehtimalı çox yüksəkdir.
Bundan sonra nə olacaq?
AYB baş tutan səsvermə ilə bağlı açıqlama yayıb:
Bu səsvermənin nəticəsi, üzvlərimizin dünyanın ən böyük canlı musiqi müsabiqəsi olan “Avroviziya Mahnı Müsabiqəsi”ndə şəffaflığı və etibarlılığı qorumaq mövzusundakı ortaq qərarlılığını göstərir.
Bu müzakirələr, “Avroviziya”nın qaydalarında əhəmiyyətli dəyişikliklərə səbəb olaraq, müsabiqənin birlik və mədəni ortaqlığın yaşandığı bir məkan kimi qalmasını təmin etdi.
Nəticədə bu gün baş tutan iclasda “Avroviziya 2026”da səsvermə sisteminin dəyişəcəyi və İsrailin iştirakı təsdiqlənib.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






