Avroviziya Mahnı Müsabiqəsində səsvermənin hər zaman məsum olmadığı artıq bir çoxlarına məlumdur. Xüsusən də son illərdə səsvermədə edilən dəyişikliklər və yeniliklər qalmaqalların artmasına səbəb olub.
İndi isə gəlin son 15 ildəki səsvermədə baş verən böyük və kiçik qalmaqallara tək-tək nəzər yetirək.
• Avroviziya 2009 – Moskva, Rusiya;
Avroviziya 2009-da Azərbaycanın Avroviziya tarixindəki ən böyük səsvermə qalmaqallarından biri baş verib.
Belə ki, həmin il təxminən 43 Azərbaycanlı Ermənistanın “Jan Jan” adlı çıxışına səsvermə zamanı SMS göndərmişdi. Bundan xəbər tutan Azərbaycan höküməti isə həmin şəxslərin kimliyini mobil telefonların köməyi ilə təyin edərək, Milli Təhlükəsizlik Nazirliyinə çağırmışdı. Nazirlikdə həmin şəxslər dindirildikdən sonra isə sərbəst buraxılmışdı.
Bu hadisə həmin vaxt yerli və xarici mediada gündəm mövzusuna çevrilmişdi. Xüsusi ilə BBC, The Guardian və Euronews xəbər kanalları bu addımı sərt şəkildə tənqid edərək faktın səsvermənin şəffaflığına zidd olaraq qiymətləndirmişdi. Lakin nə AYB, nə də Azərbaycan rəsmi olaraq bu məsələ ilə bağlı açıqlama verməmişdi.
• Avroviziya 2010 – Oslo, Norveç;
Avroviziya 2010-da rəsmi olaraq səsvermə pozuntusu və ya qalmaqalı baş verməyib. Lakin ümumi nəticə ilə bağlı günümüzə qədər uzanan bir məsələnin təməli elə həmin il qoyulub.
Bu məsələ Türkiyəni həmin il təmsil edən maNga qrupunun ikinci olması ilə bağlıdır. Belə ki, bir çox türkiyəli azarkeş bu günə qədər Avroviziya 2010-un nəticələrini ədalətsiz hesab edir və Almaniya əvəzinə qalibin Türkiyə olmalı olduğunu düşünür.
• Avroviziya 2011 – Düsseldorf, Almaniya;
Avroviziya 2011-də ciddi bir qalmaqal baş verməsə də yenə qaliblə bağlı, xüsusi ilə qərb ölkələrinin izləyiciləri tərəfindən müxtəlif tənqidi fikirlər və iddialar səsləndirilib.
Belə ki, bəzi qərb ölkələrinin izləyiciləri tərəfindən Azərbaycanın xalları “satın” aldığı iddia edilib. Amma bu iddialar heç vaxt rəsmi sübutlarla təsdiqlənməyib və AYB (Avropa Yayım Birliyi) səsvermənin qaydalara uyğun aparıldığını bildirib.
• Avroviziya 2012 – Bakı, Azərbaycan;
Avroviziya 2012-də baş vermiş kiçik qalmaqallardan biri səsvermə zamanı baş verib. Həmin il Almaniyanın xallarını açıqlayan Avroviziya 2011 aparıcısı Anke, xallarını açıqladığı anda Azərbaycana fikir səsləndirib. Anke səsvermə zamanı:
“Bu gün heç kim öz ölkəsinə səs verə bilmədi. Amma səs vermək yaxşı bir şeydir, seçiminin olması yaxşı bir şeydir. Macəranızda uğurlar, Azərbaycan. Avropa sizə baxır.” – deyə fikir səsləndirmişdi.
• Avroviziya 2013 – Malmö, İsveç;
Avroviziya 2013-də səsvermə zamanı bir çox qalmaqallı hadisələr və texniki xətalar olub.
Yaşanmış ən qalmaqallı hadisə Litva və Azərbaycan arasında olub. Belə ki, Litva mediası, xüsusilə 15min.lt xəbər portalı, 2013-cü ilin finalından əvvəl iki rusdilli şəxsin Litvalılara pul qarşılığında Azərbaycan üçün səs verməyi təklif etdiyini ifşa etmişdi.
Bu şəxslər, müxtəlif ölkələrdə – o cümlədən Litvada – insanlara 20 avro qarşılığında çoxsaylı səs vermək üçün SIM kartlar təqdim edirdilər. Jurnalistlərin gizli çəkdikləri videoda, həmin şəxslər bu əməliyyatın 15 ölkədə həyata keçirildiyini etiraf etmişdilər.
Avropa Yayım Birliyi (AYB) bu iddialarla bağlı araşdırma aparacağını bildirmişdi. AYB-nin rəhbər nümayəndəsi Jon Ola Sand, bu şəxslərin Azərbaycan nümayəndə heyəti və ya İctimai Televiziya ilə əlaqələrinin təsdiqlənmədiyini vurğulamışdı. AYB, xalq səsverməsi prosesində mümkün manipulyasiyaların qarşısını almaq üçün xüsusi sistemlərin mövcud olduğunu və bu cür halların ciddi nəzarət altında saxlanıldığını qeyd etmişdi.
Bundan başqa, Azərbaycan Avroviziya 2013-də səsvermə zamanı Rusiyaya xal verməmişdi. Bu hadisə isə daha sonra AYB tərəfindən “texniki xəta” kimi adlandırılmış və Azərbaycanın xalı Rusiyanın hesabına əlavə olunmuşdu.
Bir digər baş vermiş hadisə isə yenə Almaniyanın xallarını açıqlayan Lena ilə bağlı olub. Lena canlı yayım zamanı ölkənin 10 xalını Danimarka əvəzinə Norveçə təqdim etmiş və səhvini tez düzəltmişdi.
Müsabiqənin səsvermə baxımından ən qaranlıq illərindən biri də 2013-cü ildir. AYB bu günə qədər həmin ilə aid münsif və tamaşaçı səsverməsinin nəticələrini ayrı-ayrılıqda açıqlamayıb. Bu isə bir sıra şübhə və iddiaların meydana çıxmasına səbəb olub.
İddialar arasında ən böyüyü isə Azərbaycanın qalibiyyəti ilə bağlıdır. Bəzi iddialara görə, Avroviziya 2013-ün əsl qalibi Azərbaycan olub, lakin baş vermiş qalmaqallar səbəbilə Avropa Yayım Birliyi bu nəticəni gizlədərək fərqli şəkildə təqdim edib.
• Avroviziya 2014 – Kopenhagen, Danimarka;
Qısaca desək, 2014-cü ildəki Avroviziya musiqidən çox sosial və siyasi qalmaqallarla yadda qalıb. Səsvermədə konkret ciddi bir problem aşkar edilməsə də, münsif və xalq səsverməsi arasındakı ziddiyyətlər, siyasi münasibətlərin nəticələrə təsiri və Conchita Wurstun qələbəsinin yaratdığı mübahisələr bu ili Avroviziya tarixində ən qalmaqallı illərdən birinə çevirib.
• Avroviziya 2015 – Vyana, Avstriya;
Avroviziya 2015-də baş vermiş qalmaqalların başında Rusiya təmsilçisi Polina Gagarinanın ikinci olması gəlir. Xüsusi ilə Kırım mövzularına görə Rusiyanın Avroviziyada nüfuzunun itirməsi bu mübahisələrə səbəb olub.
Bundan başqa həmin il İtaliyanın II Volo qrupu ilə müsabiqədə qalib ola bilməməsi də müzakirə mövzusunda çevrilmişdi. Qrupun xalq səsverməsinin qalibi olmasına baxmayaraq, nəticədə münsiflər üzündən üçüncü olması böyük etirazlara səbəb olmuşdu.
• Avroviziya 2016 – Stokholm, İsveç;
Avroviziya 2016-da ilk dəfə yeni bir səsvermə sisteminin tətbiqinə başlanılıb. Bu səsvermə sisteminə görə münsif və xalq səsverməsi ayrı-ayrılıqda təqdim olunurdu.
Lakin bu səsvermə sistemi xüsusi ilə Rusiya mediasında etirazlara səbəb olmuşdu. Rusiya mediasına görə, bu səsvermə sistemi həmin il Avstraliya və Rusiyanın qarşısını siyasi səbəblərlə kəsmək üçün təqdim edilmişdi.
• Avroviziya 2019 – Tel-Aviv, İsrail;
Avroviziya 2019-da baş vermiş əsas rezonanslardan biri Belarusiya xalları ilə bağlı olub. Belə ki, Belarusiya münsif heyəti finaldan əvvəl məxfi səsvermə qaydalarını pozduqları üçün diskvalifikasiya edilmişdi.
Nəticədə, AYB ölkənin xallarını statistik metodla, yəni digər ölkələrin oxşar nəticələrinə əsaslanaraq simulyasiya edib elan etmişdi. Daha sonra isə bu xalın da səhv hesablandığı ortaya çıxmış və yekunda Şimali Makedoniya münsif qalibi elan edilmiş, xalq səsverməsinin qalibi olan Norveçin xalı isə 5 xal aşağı düşmüşdü. Azərbaycanın da səsvermədəki yeri bir pillə aşağı sürüşmüşdü.
Bir digər qalmaqal isə yenə Belarusiya ilə bağlı yaşanmışdı. Belarusiya münsiflərindən biri yarımfinal səslərini ‘tərs’ şəkildə təqdim etmişdi. Nəticədə, Polşa və Macarıstanın final şansı aşağı düşmüş, Belarusiya isə bu səhv nəticəsində səsvermədə önə keçərək finala vəsiqə qazanmışdı.
Bunlardan savayı, həmin il baş vermiş ən böyük qalmaqallardan biri də Norveçin aldığı münsif xalları ilə bağlı idi. Xalq səsverməsində 291 xalla birinci olan Norveç, münsiflərdən cəmi 40 xal alaraq ümumi sıralamada sadəcə 6-cı yeri tuta bildi. Bu da öz növbəsində böyük etirazlara və münsif xalların ləğvi kimi fikirlərin səslənməsinə səbəb olmuşdu.
• Avroviziya 2021 – Rotterdam, Niderland;
Avroviziya 2021 səsverməsində müsabiqə tarixində ilk baş verərək dörd ölkənin xalq səsverməsindən sıfır xal alması faktı baş verib.
“Böyük Beşlik” ölkələri olan Birləşmiş Krallıq, İspaniya, Almaniya və ev sahibi Niderland eyni anda xalq səsverməsindən sıfır xal aldılar. Bu müsabiqə tarixində nadir hadisələrdən biri kimi yaddaşlarda qalıb. Hətta bu ölkələrdən Birləşmiş Krallıq həm münsiflərdən, həm də xalq səsverməsindən sıfır xal çəkmişdi.
• Avroviziya 2022 – Turin, İtaliya;
Müsabiqə tarixinin səsvermə tərəfindən ən böyük qalmaqallarının baş verdiyi illərdən biri 2022-ci ildir.
Həmin il müsabiqədə ən yüksək ikinci xalla (631) qalib olan Ukrayna ciddi etiraz dalğası ilə qarşılaşmışdı. Bir sıra Avroviziya ekspertləri və azarkeşlər, Ukraynanın Rusiya ilə müharibə şəraitindən istifadə edərək qələbə qazandığını iddia etmişdilər. Kalush Orchestra isə 439 xalla Avroviziya tarixinin ən yüksək xalq səsverməsi nəticəsini əldə edərək birinci yerə yüksəlmişdi.
Lakin Avroviziya 2022-də qalmaqallar bununla sərhədlənmədi. Turində keçirilən müsabiqədə nə az, nə çox — altı ölkənin münsif səsverməsi ‘mütəşəkkil manipulyasiya‘ şübhəsi ilə ləğv olundu. Bu ölkələr Azərbaycan, Gürcüstan, Rumıniya, Polşa, San Marino və Monteneqro idi. Hadisə müsabiqənin tarixində nadir və mübahisəli qərarlardan biri kimi yadda qaldı.
AYB, adıçəkilən ölkələrin münsif xallarını ləğv edərək, əvəzində öz ‘statistik modellərinə əsaslanan’ nəticələri tətbiq etmişdi. Bu qərarın nəticəsi olaraq, Azərbaycanın münsif səsverməsində verdiyi 12 xal Ukraynaya deyil, Birləşmiş Krallığa yönləndirilmişdi.

Bu yarışma tarixində ilk dəfə belə açıq şəkildə tətbiq edilən kütləvi münsif xalları ləğvi idi.
Hadisədən sonra Azərbaycan yayımçı kanalı İctimai Televiziya buna rəsmi olaraq etiraz etmişdi. Daha sonra Rumıniya və Gürcüstan da etirazlarını AYB-yə rəsmi şəkildə bildirmişdi.
• Avroviziya 2023 – Liverpul, Birləşmiş Krallıq;
Avroviziya 2023-də ciddi bir səsvermə qalmaqalı baş verməsə də, İsveçin münsiflərin izafi dəstəyi ilə qalib olması fikirləri hündürdən səsləndirilmişdi.
Çünki, “Tattoo” mahnısı, heç bir ölkənin xalq səsverməsindən 12 xal almayan yeganə qalib mahnı olaraq tarixə düşmüşdü. Münsif səsverməsində isə vəziyyət tamamilə fərqli idi, burada mahnı çoxlu 12 xal almışdı. Bu da böyük etirazlara səbəb olmuş və sistemin ədalətli olub-olmaması barədə suallar doğurmuşdu.
Əlavə olaraq, 2023-cü ildə ilk dəfə olaraq finalistlər xalq səsverməsinin nəticələrinə əsasən təyin edilmişdi. Bu sistem, diasporası az olan ölkələr tərəfindən tənqid edilmiş və münsif səsverməsinin geri gətirilməsini müdafiə etmişdilər.
• Avroviziya 2024 – Malmö, İsveç;
Avroviziya 2024 də müsabiqənin ən “dramalı” illərindən biri hesab olunur. Çünki, İsrailin iştirakı müharibə səbəbilə böyük etirazlara səbəb olmuşdu.
Bu il baş vermiş ən böyük səsvermə qalmaqalı isə İsrail, Ukrayna və Xorvatiyanın eyni anda xalq səsverməsindən 300+ xal alması göstərilir. Bu müsabiqədə asanlıqla təkrarlanmayacaq hadisə kimi tarixə düşüb.
Avroviziyanın qalmaqalları və rezonans yaradan hadisələri təbii ki, bunlarla bitmir. Bəlkə də Avroviziyanın günümüzdə “ən uzunömürlü qlobal mahnı müsabiqəsi” adını alması da elə bu hadisələrlə bağlıdır.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






