Estoniyanın builki Avroviziya təmsilçisi Tommy Cash, NME-yə verdiyi müsahibədə “Espresso Macchiato” mahnısının ilham mənbələri, müsabiqədə qalib olmaq ümidləri və final performansına dair planlarından danışıb.
Tommy Cash, Estoniyanın milli seçim turu Eesti Laulda xalq səsverməsində qalib gələrək ölkəsini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanıb. O, 13 may ilk yarımfinada səhnəyə çıxaraq final uğrunda mübarizə aparacaq.
Mübahisəli mahnı və reaksiyalar
“Espresso Macchiato” mahnısının sözləri İtalyan mədəniyyəti ilə bağlı istinadlar edir, məsələn: That’s why “I’m sweating like a mafioso” (“Mafiya kimi tərləyirəm”) və ya “Life is like spaghetti, it’s hard until you make it” (“Həyat spagetti kimidir, onu bişirənə qədər sərtdir”). Bu ifadələr bəzi izləyiciləri narahat etsə də, mahnı böyük maraq doğurub və sosial mediada sürətlə yayılıb.
Cash, əvvəllər “PUSSY MONEY WEED” kimi cəsarətli mahnılar və qalmaqallı videolarla tanınsa da, bu dəfə daha fərqli bir üsluba üstünlük verib. Lakin yenə də mahnı qalmaqal yaratmağı bacarıb.
İndi isə gəlin müsahibəyə birlikdə nəzər salaq:
Tommy Cash tənqidlərə nə cavab verib?
Tommy Cash NME-yə müsahibəsində mahnısının heç bir təhqiredici məzmun daşıdığını düşünmədiyini bildirib.
Əksinə, onun İtaliyada populyarlığı sürətlə artır. Müsahibəsində bununla əlaqəli belə bir maraqlı hadisəni də bölüşüb:
“Bir gün Zürixdə restoranların birində sakitcə yemək yeyirdim. Birdən yan masadakı italyanlar ‘Sən Tommy Cashsən?’ deyə soruşdular. Mən isə ağzımda yeməklə cavab verdim: ‘Hə, amma yeməyimi bitirim, olar?’”
Bundan əlavə, sosial mediada mahnıya verilən reaksiyalardan danışaraq, izləyicilərin zamanla fikirlərini dəyişdiyini qeyd edib:
“Əvvəlcə insanlar ‘Bu, Tommy deyil’ deyirdi. Sonra performansı gördülər və fikirlərini dəyişdilər. İndi isə klip yayımlanıb və yenidən münasibət dəyişir. Hər şey yavaş-yavaş düzəlir.”
O, Avroviziyaya ‘trol’ iştirakçısı kimi qatılmadığını, performansına ciddi yanaşdığını vurğulayıb:
“Bəli, bu, ‘trol iştirakçısı’ adlanan mahnılar sırasına aid edilə bilər. Amma mən bunu tam ciddiyətlə edirəm. Səhnəyə böyük qəhvə fincanında çıxmıram. Mənim məqsədim ifaçılığın ən saf formasına qayıtmaqdır-Prince, Michael Jackson və James Brown kimi əfsanəvi sənətçilər kimi”
“Nənəm mahnımı eşidəndə ağladı”
Tommy Cash-in dediyinə görə, “Espresso Macchiato” gözlənilməz şəkildə nənəsini ağlatmağı bacarıb.
“Nənəm mənə qonaq gəlmişdi, ona dedim ki, otur, sənə Avroviziya mahnımı dinlədəcəm. Mahnını qoydum, o isə əllərini birləşdirdi və gözləri doldu. Mahnı bitəndə ayağa qalxıb nənə rəqsi etdi və ‘Bu, möhtəşəmdir!’ dedi.”
Final performansında nə gözlənilir?
O, minimalizmdən istifadə edərək güclü çıxış etməyi planlaşdırır. Bundan əlavə, final üçün yeni elementlər əlavə ediləcəyi və lazımsız elementlərin çıxarıldığını bildirib.
Mən qalib olmaq istəyirəm!
Hazırda Avroviziyada iştirak edəcək bütün təmsilçilər bəllidir. Ənənəvi Avroviziya mərclərində top 10-luqda yer alan Tommy Cash isə Estoniyanın qalibiyyəti üçün əlindən gələni edəcəyini deyir:
“Mən qalib olmaq istəyirəm! Ölkəm üçün bunu bacarmaq istəyirəm və düşünürəm ki, çox yaxşı şanslarımız var.”
Estoniyanın ilk və sonuncu Avroviziya qalibiyyəti 2001-ci ildə ‘Everybody’ mahnısı ilə olmuşdu. Görək, Tommy Cash bu tarixi təkrarlaya biləcəkmi?
Mənbə: nme.com
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






