Tanış ol: Mamagama

Mamagama – 2021-ci ildə Bakıda qurulmuş, indie-pop və alternativ rock janrlarında ifa edən qrup hazırda 3 nəfərdən ibarətdir: Solist – Asəf Mişiyev, gitarist – Həsən Heydər və zərb alətləri ifaçısı – Arif İmanov.

Mamagama – bu qrup öz adı kimi fərqli və unikal sənət yolu ilə seçilir. Belə ki, qrup müasir popu ənənəvi musiqi ilə sintez edərək, izləyiciləri musiqilərin harmoniyası ilə sehirli bir atmosferə salmağı hədəfləyib. Qrup qeyd edir ki, ifalarında hər zaman qrupun etnik kimliyi vurğulayan elementlər şübhəsiz ki qamma şüaları kimi enerjili və ana səsi qədər müqəddəs bir dalğa ilə izləyicilərin könlünü xoş edir. Qrupun əvvəlki tərkibində Roman Zilyanev və Klim Gudin kimi musiqiçilər fəaliyyət göstərmişdir. Əvvəlki tərkib demişkən, onu da qeyd edək ki, məhz Asəf Mişiyev və Roman Zilyanev 2021-ci ildə Albaniyada keçirilən beynəxalq “Kenga Magjike” müsabiqəsində “Dreamer” adlı mahnı ilə “Ən yaxşı beynəxalq artist” nominasyası üzrə qalib olmuşdur.

Müsabiqədə iştirakdan sonra izləyicilərdə maraq doğuran qrup 2023-ci ildə ölkəmizi Avroviziya 2023-də “River” adlı mahnı ilə təmsil etmək uğrunda müsabiqəyə qatılsa da, müsabiqədə iştirak şansını TuralTuranX qardaşları qazanır.

Qrup bu dəfə 2025-ci ildə yenidən şansını yoxlamaq qərarına gəlir və seçimlərə bir neçə janrda olan fərqli mahnılar yollayır. Bu mahnılar arasından seçilən “Run With U” mahnısı Avroviziya 2025-də Azərbaycanın səsi olaraq ölkəmizi Bazel səhnəsində təmsil edəcək.

İndi isə gəlin, qrupun üzvləri ilə ayrı-ayrılıqda tanış olaq:

Asəf Mişiyev, 31 Oktyabr 1992-ci ildə Qubadan olan dağ yahudisi ailəsində gözlərini açmışdır. Asəfin sənət yolu uşaqlıqdan bəri musiqi ilə başlamışdır. Uşaq yaşlarından mahnı bəstələyən ifaçı qeyd edir ki, hazırda 400-dən artıq mahnısı işıq üzü görməyi gözləyir. Bakı şəhərində yahudi məktəbində təhsil alan Asəf, bundan başqa, İsraildə keçirilən yahudilər üçün təşkil olunmuş yarışda Azərbaycanı təmsil edərək birinci pilləyə yüksəlmişdir.

2020-ci ildə “The Voice” layihəsinin Rusiya versiyasında iştirak edən Asəf Polina Gagarinanın komandasında nokautlar mərhələsinə qədər yüksəlməyi bacarır.

Dünyada öz sənət və səsini nümayiş etdirdikdən sonra, Asəf 2025-ci ildə “Səs Azərbaycan” müsabiqəsinin 4-cü sezonuna qatılaraq 4 ustadı da özünə tərəf döndərməyi bacarır. “Adventures of Lifetime” adlı mahnı ifa edən ifaçının son seçimi Eldar Qasımov olur. Qeyd edək ki, müsabiqənin buraxılışları Avroviziya seçimlərindən əvvəl çəkilib. İfaçının müsabiqdə davam edib-etməməsi hələ də sual altındadır.

Həsən Heydər – gitarist, prodüser və aranjimançı Həsən Heydər öz çoxşaxəli etnik kökü ilə seçilir. Həsənin anası əslən Qarabağın Şuşa şəhərində, atası isə Livanda dünyaya göz açıb. Bakıda böyüyüb boya-başa çatan Həsən bir çox ifaçılarla əməkdaşlıq etmişdir. Əlavə edək ki, o Avroviziya 2024 mahnımız “Özünlə Apar”-ın yazarlarından biridir. Elə Həsən mahnının təqdimat videosunda da gitarist olaraq rol almışdır. 12xal-a olan ekskluziv müsahibəsində musiqiçi qeyd etmişdir ki, qrupun fərqli millətlərdən olan nümayəndələri bir-birlə vəhdət təşkil edərək, Azərbaycanın multikultural və tolerant, hər kəs üçün təhlükəsiz olan, inkişaf etdirən və dəstəkləyici ruhunu təcəssüm etdirir.

Arif İmanov – qrupun zərb alətləri ifaçısı olan Arif əslən Bakıdandır. Kiçik yaşlarından musiqiyə həvəsi olan Arif musiqiçilikdən başqa həm də müəllimliklə də məşğul olur. Kiçikdən-böyüyə hər kəsə öz sənətini öyrədən Arif bundan böyük qürur duyduğunu bildirir. O qeyd edir ki, Bazel səhnəsinə çıxmaq və öz enerjisini milyonlarla tamaşaçıya ötürmək üçün səbrsizlənir.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Tanış ol – Louane!

İsveç seçimini etdi – Bazeldə ölkəni KAJ təmsil edəcək!

Rəy bildir