“Das Deutsche Finale 2026”nın formatı və səhnə dizaynı təqdim olunub

SWR telekanalının proqram direktoru Klemens Bratsler DWDL-ə verdiyi müsahibədə Avroviziya Mahnı Müsabiqəsi üçün Almaniyanın milli seçim turu – “Eurovision Song Contest – Das Deutsche Finale 2026” barədə yeni detalları açıqlayıb.

Almaniya milli seçiminin səhnə dizaynı tanınmış səhnə dizayneri Florian Wieder tərəfindən hazırlanıb. O, indiyədək bir neçə Avroviziya səhnəsinin müəllifi olub, o cümlədən builki Vyana 2026 səhnəsini də dizayn edib.

Klemens Bratsler Almaniya milli finalında səsvermənin niyə iki mərhələdə keçiriləcəyini də izah edib. Bildirildiyinə görə, ilk mərhələdə Avroviziyada iştirak edən 20 ölkədən 20 üzvdən ibarət beynəlxalq münsiflər heyəti səs verəcək. Bu mərhələnin nəticələrinə əsasən ən yaxşı 3 mahnı növbəti mərhələyə keçəcək.

Son mərhələdə isə qərarı ictimai səsvermə verəcək. Bratsler bu barədə deyib:

“İctimaiyyət son sözü deyir və Almaniyanı Avroviziyada təmsil edəcək mahnını ən yaxşı üçlük arasından seçir. Lakin biz münsiflər və tamaşaçı səsverməsini paralel aparmaq istəmədik. İlk mərhələdə məqsədimiz 20 ölkədən olan musiqi ekspertlərinin Avropa auditoriyası və münsiflər üçün potensialı qiymətləndirməsidir. Əvvəlki illərin təhlili göstərir ki, uğurumuz səsvermələrin üst-üstə düşdüyü hallarda olub. Bu sistemdə mahnı ardıcıl iki maneəni keçməlidir və nəticələr bir-birini kompensasiya etmir. Eyni zamanda, məşhurluq və sosial media təsiri azalır, əsas diqqət mahnının və ifanın gücünə yönəlir. Üstəlik, bu format şouya əlavə gərginlik və maraq qatır.”

Bratslerin sözlərinə görə, SWR-ə ümumilikdə 400 mahnı təqdim olunub. Musiqi mütəxəssislərindən ibarət olan komanda bu mahnıları 60-a endirib. Daha sonra Avropanın müxtəlif ölkələrindən olan ekspertlər bu 60 mahnını dəyərləndirib və nəticədə 9 ifaçı Almaniyanı təmsil etmək uğrunda yarışacaq.

Almaniyanın Avroviziya 2026 milli finalı 28 fevral tarixində Berlin şəhərindən canlı yayımlanacaq. Şounun aparıcıları Barbara Şöneberger və Hazel Brugger olacaq. Onlar 2025-ci ildə milli seçim turunun aparıcıları olublar.

Finalçılar:

  • BELA – “Herz”
  • Dreamboys The Band – “Jeanie”
  • Laura Nahr – “Wonderland”
  • Malou Lovis – “when I’m with you”
  • Molly Sue – “Optimist (Ha Ha Ha)”
  • MYLE – “A OK”
  • Ragazzki – “Ciao Ragazzki”
  • Sarah Engels – “Fire”
  • wavvyboi – “black glitter”

Qeyd edək ki, Almaniyanı “Avroviziya 2025” müsabiqəsində Abor & Tynna dueti “Baller” mahnısı ilə təmsil edib və 151 xal toplayaraq 15-ci yeri tutub.


sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

“Eurovizija.LT 2026”: Üçüncü yarımfinal başa çatdı

“Avroviziya 2026” üçün Yunanıstan milli seçimləri başlayır

Rəy bildir