Dünən gecə İsveçrənin Bazel şəhərində keçirilən 69-cu Avroviziya mahnı müsabiqəsinin ilk yarımfinal şousu baş tutub. Birinci yarımfinalda on beş ölkə final uğurunda mübarizə aparıb və nəticədə on ölkə növbəti mərhələ olan finala adlayıb.
Lakin Azərbaycan finala adlayan ölkələr arasında yenidən yer almayıb. Artıq üç ildir ki, ard-arda finala çıxa bilməyən ölkəmiz üçün dünənki uğursuzluq, onu dördüncü dəfə final üzünə həsrət qoyub.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan Nadir Rüstəmlinin ifa etdiyi “Fade To Black” adlı mahnısı ilə finala qalıb. Lakin indiki sistemlə Azərbaycan 2022-ci ildə də finalsız qala bilərdi.
Bir çox yerli azərkeş, xəbər saytları, bloggerlər, aparıcılar və müğənnilər Azərbaycanın son illərdəki uğursuzluğundan şikayətlənir və nümayəndə heyətində ciddi dəyişikliklər tələb edir. Bəs, səbəb nədir? Nələri dəyişmək olar?
Azərbaycanın müsabiqədə son illərdəki uğursuzluqlarının səbəblərini aşağıdakı şəkildə qeyd etmək olar:
Musiqi və mahnı seçimində zəifliklər.
Avroviziya üçün seçilən mahnılar adətən müsabiqənin dinləyicisi tərəfindən rahat qəbul edilən və izləyiciyə hiss ötürə bilən (məsələn əyləndirən, kədərləndirən, təəccübləndirən, düşündürən və s.) mahnılar seçilir.
Azərbaycanın son illərdə göndərdiyi mahnılar bu mövzuda kasaddır. Mahnının ciddi bir mesajı olmur və yekunda bağlandığı yer ya çox zəif olur, ya da tamamilə olmur. Əksər halda mahnılar “orjinal” qəbul edilmir və ya izləyici tərəfindən “generic” hesab edilir.
İctimai seçimin olmaması:
Keçmişdə mahnı seçimləri üçün yerli və ya ictimai yarışmalar keçirilirdi (Milli Seçim Turu kimi). Bu həm istedadların ortaya çıxmasına, həm də tamaşaçıların maraq göstərməsinə səbəb olurdu.
Son illərdə isə təmsilçi və mahnı birbaşa seçilir və bu da xalqın prosesə marağını azaldır. Qeyri-müəyyən şəxslərin “Focus Group” adı altında mahnımızı seçməsi illərdir yerli Avroviziya azərkeşləri arasında etiraza səbəb olur. Lakin illərdir ki, bu proses bu şəkildə davam etdirilir.
Müsabiqədə milliliyin yalnış və ya kasad istifadəsi:
Azərbaycan çox qədim tarixə malik olan və mədəniyyəti, musiqisi, adət-ənənələri ilə dünyada sözünü demiş bir ölkədir. Sazı, tarı, kamançası ilə dillərə dastan mahnıların yazıldığı bu ölkənin, Avroviziyada son illər milliliyinin təbliği o qədər də sevilmir. Amerikan bazarı üçün yazılmış mahnıya sazın əlavə edilməsi, muğamın yersiz istifadəsi və s. bunlara misal ola bilər.
Bundan əlavə, Azərbaycan Avroviziya səhnəsinə öz təmsilçisini və öz yerli işini göndərsə belə, Avroviziyada yenə özü ola bilmir. Ölkəmizin adət-ənənələrinin ön planda olduğu fərqli və azərkeşlərin “unique” hesab etdiyi çıxışları hazırlamaq ölkəmiz üçün çox da çətin olmamalıdır.
İctimai dəstək və PR zəifliyi:
Digər ölkələr təmsilçiləri üçün aylarla PR aparır, onları tanıdır, sosial mediada trendlərə salır. Bizdə isə bu tərəf zəif işlənir və mahnı yayımlandıqdan sonra hər şey passiv gedir.
Bundan savayı, dünya Azərbaycanlıları da bu prosesdə xeyli zəifdir. Dünyada 50 milyondan çox Azərbaycanlı yaşayır. Nəzərə alsaq ki, Avroviziyada əsas məsələ səsvermədir, o zaman burada ictimai dəstəyə ehtiyacımız olur. Bəlkə də son illərdəki mahnıların heç daxili audiotoriyada belə qarşılığı olmazkən, xaricdən dəstək istəmək də absürd gələ bilər.
Mahnıların audiotoriyasının azlığı və hədəf kütləsinin doğru təyin edilməməsi:
Avroviziya hər yaşdan izləyici üçün çox gözəl bir yarışmadır. Müxtəlif millətlərdən, düşücələrdən, yaş qruplarından milyonlarla insan bu qlobal müsabiqəni izləyir və səs göndərir. Hədəf kütlənin analizi bizim bir çox mahnımız üçün edilmir.
Göndərdiyimiz mahnılar kimin üçündür? Gənc, yaşlı, uşaq, qadın, kişi, həssas qrup, LGBT icması və s.? Bu suallara cavab tapmaq da müsabiqədə uğura bir addım yaxınlaşdıra bilər. Nəzərə alsaq ki, Avroviziyanı izləyən ən böyük kütlə gənclərdir. Bəlkə də onların fikirlərini almaq, qərar verməkdə yaxşı bir strategiya ola bilər.
Səhnə performansında orijinallıq çatışmazlığı:
Əvvəllər Azərbaycan qeyri-adi səhnə quruluşlarıyla yadda qalırdı (məsələn, 2013-dəki aynalı səhnə). Son illərdə isə performanslar ya çox sadə, ya da qarışıq və emosiyasız olur.
Avroviziyanın özündə dəyişən tendensiyalar:
Avroviziya artıq təkcə vokal yarışması deyil, həm də identiklik, sosial mesaj və orijinallıq platformasıdır. Azərbaycan çox vaxt bu mövzulara toxunmur, daha çox “nömrə göstərmək” yolunu tutur.
Dünənki hadisədən sonra bir sıra tanınmış şəxslər və xəbər kanalları indiki sistemə etirazlarını bildiriblər.
Bunlardan ilki ölkənin hökümətyönümlü əsas xəbər kanallarından hesab edilən Real TV-nin tənqidi süjetidir. Süjetdə Azərbaycanın uğursuzluğundan və nələr edilə biləcəyindən geniş söz açılır:
“Hörmətli deleqasiya üzvləri, papağınızı qarşınıza qoyun fikirləşin”.
Bir digər tənqid isə yerli xalq tərəfindən tanınan influenser Aygül Quliyeva (AyaPrima) tərəfindən gəlib:
“Bu il yenə keçmədik. Əsaslı dəyişiklik lazımdır. Gələn il deyəsən özüm gedəcəm”.

Avroviziya 2024 təmsilçilərimiz Fəxri və İlkin Dövlətov isə Avroviziyanı boykot edib.

Avroviziya 2011 qalibi Nigar Camal isə boykota səssiz qalmayaraq belə bir açıqlama verib:
Yalnız finala keçə bilmədikləri üçün Avroviziyanı boykot etməyə çağırmaq… Bu, ən yumşaq ifadə ilə desək, qeyri-ciddi bir yanaşmadır. Bu, dünyanın ən böyük musiqi yarışmasıdır və orada iştirak etmək artıq bir şərəfdir. Finala keçə bilmədiniz? Oldu, başa düşürəm… Belə hallar olur. Boykot çağırışı etməkdənsə, daha yaxşısı budur ki, nələri düzəltmək olar, onu düşünək. Elə bir iştirak göndərək ki, növbəti dəfə mütləq finalda olaq. Konstruktiv tənqid və səhvlər üzərində işləmək – mənə inanın, daha çox fayda verir. Mamagamma komandası çalışdı, əziyyət çəkdi… amma çox təəssüf!!!
Avroviziya 2024 üçün daxili seçimlərdə yer alan müğənnilərdən Mila Miles də mövzuya öz münasibətini bildirib:
Həqiqətən başa düşmürsünüz ki, nümayəndə heyəti münasibətlər qururdu, hamı ilə dostluq edirdi, PR üsullarından istifadə olunurdu ki, biz finala keçək və yaxşı yerlər tutaq?! Təkcə Azərbaycan olmaq və ‘bizim çoxumuzun xoşuna gələn’ bir mahnı oxumaqla finala keçmək, yaxud yaxşı yer tutmaq alınmaz…Bizim üçün vacib olan hər dəfə finala keçməkdir? Yoxsa yaxşı çıxış etməkdir?! Əgər biz hər dəfə uşaq kimi inciyəcəyiksə ki, keçmədik, onda risk etməyin heç bir mənası yoxdur. Bəli, mən düşünürəm ki, finalda Portuqaliya əvəzinə biz olmalı idik. Amma təəssüf, belə şeylər olur. Beynəlxalq müsabiqəyə gedəndə hər şeyə hazır olmaq lazımdır. Qaçıb, ulduz xəstəliyinə tutulub, uşaq kimi ‘Eurovision istefa’ yazmaq yox…

Tanınmış aparıcı Elgiz Əkbər də fikirini canlı yayımda bildirib:
“Zəif idi. Boynumuza alaq. Layiq olduğumuz yeri tutduq. Performans yaxşı idi: işıqlandırma və təqdimat. Vokal çox zəif idi. Mahnının ifası, gəlin razılaşaq ki, zəif idi. Mən demirəm ki, onlar pis ifa elədilər. İkili standart, haqsızlıq demək bu ifaya görə elə haqsızlıq olar. Mahnı pis mahnı deyil. Amma nəysə”.
Əsas məsələlərdən biri isə artıq bu il ən böyük tənqidi yerli azarkeşlərdən daha çox sadə izləyicilər edib. Bu da artıq yerli xalqın bu məsələdən agah olduğunu göstərir.
Əgər xalqın iştirakı artırılsa, istedadlar daha açıq təyin edilsə və mahnılar beynəlxalq auditoriyaya uyğun olaraq daha yaradıcı seçilsə, keçmiş uğurlar geri qaytarıla bilər. Ümid edirik ki, bu sözlər ötən illərdəki kimi sadəcə yazıda qalmayacaq və biz gələn il finala keçəcəyik.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






