1986-cı ildə cəmi 13 yaşlı Sandra Kimin qalib gəlməsindən sonra Avroviziya Mahnı Müsabiqəsində yaş məhdudiyyəti məsələsi ciddi mübahisələr doğurdu. Bunun nəticəsində 1990-cı illərdə yeni bir qayda qəbul edildi və iştirakçıların ən azı 16 yaşında olması tələb olundu. Məqsəd səhnə üçün daha yetkişkin ifa və emosional hazırlıq səviyyəsini təmin etmək idi.
Lakin uzun illər bu qayda səbəbindən 16 yaşdan kiçik istedadlı gənc ifaçılar Avroviziya səhnəsində çıxış etmək imkanından məhrum oldular. Bu boşluğu aradan qaldırmaq və gənc musiqiçilərə öz bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı vermək üçün Avropa Yayım Birliyi (EBU) 2003-cü ildə Avroviziya Uşaq Mahnı Müsabiqəsini təsis etdi. Müsabiqə uşaqlar üçün təhlükəsiz, əyləncəli və yaradıcılığı təşviq edən bir platforma kimi formalaşdı.
Beynəlxalq səviyyədə uşaqların bu cür təqdimatı uzun illərdir mədəniyyət və siyasət arasında maraqlı bir gərginlik yaradır. Avroviziya Uşaq Mahnı Müsabiqəsi bu gərginliyin ən bariz nümunələrindən biridir. Səhnədə parlaq rənglər, gülüş və sülhə çağıran mahnılar olsa da, bu parıltının arxasında səssiz, amma çox incə bir siyasət gizlənir.
Müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyi uşaqları qorumaq məqsədilə ciddi etik qaydalar müəyyən edib. Bu qaydalara görə, bütün qərarlar uşaqların maraqlarına uyğun şəkildə verilməli, onlara “təhlükəsiz və mənəvi baxımdan sağlam mühit” təmin olunmalıdır. Başqa sözlə, uşaqlar həm səhnədə, həm də səhnəarxasında istismardan və psixoloji təzyiqdən uzaq saxlanmalıdırlar. 2021-ci ildə qəbul edilən Etik Kodeksdə də bu məqam xüsusi vurğulanır.
https://junioreurovision.tv/about/code-of-ethics
EBU bu müsabiqəni rəqabət platforması kimi deyil, “yaradıcılıq, dostluq və mədəni mübadilə məkanı” kimi təqdim edir. Yəni uşaqlara qələbə uğrunda yarışmaqdan çox, bir-birlərindən öyrənmək, birgə musiqi yaratmaq və paylaşmaq təşviq olunur. Beləcə, Avroviziya Uşaq Mahnı Müsabiqəsi “ciddi” siyasəti və böyüklərə xas rəqabət hissini arxa plana keçirərək, uşaqlığı emosional, yumşaq və “təmiz” bir dəyər kimi təqdim edir.
Bununla belə, bu “təhlükəsiz uşaq müsabiqəsi” ideyası birmənalı qarşılanmır. Bəzi ölkələr, xüsusilə Skandinaviya dövlətləri, bu müsabiqədən uzaq durmaq qərarı veriblər. Onların fikrincə, uşaqların səhnəyə çıxması və media diqqətinin mərkəzinə düşməsi “böyüklərin dünyasına məcburi daxil olma” deməkdir. Danimarkanın dövlət televiziyasından olan Jan Lagermand Lundme bu barədə belə deyib: “Uşaqlar uşaqlıq etməlidirlər. Onlar səhnədə böyükləri oynamaq məcburiyyətində qalmamalıdırlar. Bu, bizim dəyərlərimizə uyğun deyil.” Skandinaviya ölkələri bu səbəbdən öz regional layihələrinə, “Uşaq Melodi Qran Pri”yə üstünlük veriblər.
Eyni zamanda, Avroviziya Uşaq Mahnı Müsabiqəsi uşaqları öz arzularını həyata keçirən gənc sənətçilər kimi təqdim edir. Təşkilatçılar bunu “gələcək musiqi karyerasına başlanğıc” kimi izah edirlər. Doğrudan da, bir çox keçmiş iştirakçı sonradan “Avroviziya Mahnı Müsabiqəsi’ səhnəsinə yüksəlib. Amma burada bir paradoks yaranır: uşaqların yaradıcılıq azadlığı qəbul olunur, lakin onların siyasi mövqeyi, yəni fikirlərini, dəyərlərini və baxışlarını ifadə etməsi məhdudlaşdırılır.
EBU-nun məşhur “Avroviziya siyasi tədbir deyil” qaydası bu müsabiqədə daha da sərtləşir. Böyüklər üçün olan Avroviziya Mahnı Müsabiqəsinin saytında “siyasi mesajlara icazə verilmir” cümləsini görmək mümkündür, amma uşaq versiyasında bu məsələ ümumiyyətlə qeyd olunmur. Bu səssizlik əslində özü bir siyasətdir. Müsabiqə uşaqları avtomatik olaraq “apolitik”, yəni siyasətdən uzaq və təmiz fiqurlar kimi təqdim edir. Bununla da “siyasət yoxdur” deməklə, yarışma əslində hansı mövzuların “uyğun” sayılmadığını müəyyənləşdirir. Bu, öz növbəsində, uşaqlığı həm ideallaşdırır, həm də siyasətsizləşdirir.
Nəticədə Avroviziya Uşaq Mahnı Müsabiqəsi ilk baxışda rəngli, şən və təhlükəsiz görünür. Amma bu parıltının arxasında çox mühüm sual dayanır: uşaqları qorumaq məqsədilə onların səsini nə dərəcədə boğuruq? Onların fikirlərinə, emosiyalarına, hətta siyasi baxışlarına yer varmı? Bəlkə də, bu müsabiqə “əyləncə” adı altında uşaqlığın təmiz, lakin səssiz bir versiyasını yaradır. Amma unutmaq olmaz ki, bəzən ən sakit səhnələrdə belə ən güclü mesajlar gizlənir.
Uşaq Avroviziyasını böyüklər üçün olan müsabiqədən fərqləndirən əsas xüsusiyyətlərdən biri hər il bütün iştirakçıların birgə mahnı səsləndirməsidir. Bu mahnı adətən ilin devizi ilə eyni olur, ”Share the Joy”, “Move the World”, “Imagine” və s. Məqsəd uşaqların birlik, dostluq və yaradıcılıq ruhunu paylaşmasıdır. Mahnını uşaqlar oxusa da, onun sözləri və xoreoqrafiyası müsabiqə təşkilatçıları tərəfindən hazırlanır. Beləcə, uşaqlar siyasətdən uzaq, “mükəmməl və saf uşaqlıq” obrazı ilə təqdim olunur.
Bundan başqa, birgə mahnılar tez-tez UNICEF kimi beynəlxalq təşkilatlarla əməkdaşlıqla hazırlanır. 2007-ci ildəki ilk belə mahnı “One World” UNICEF tərəfindən sifariş edilmişdi və gəlirlər uşaqlara yardım fondlarına yönəldilirdi. Amma səhnədə Avropalı uşaqlar “we’ll make the world a better place” oxuyarkən, arxa planda Afrikalı uşaqların səssiz görüntüləri göstərilirdi. Bu, hansı uşaqların görünə bildiyini, hansılarının isə sadəcə yardım obyektinə çevrildiyini açıq-aydın göstərirdi.
Beləcə, Uşaq Avroviziyası uşaqları bir araya gətirsə də, onların səsi tam azad deyil. Birgə mahnı dostluq və sevincin simvolu kimi təqdim olunur, amma əslində böyüklərin müəyyən etdiyi “siyasətsiz” və idarə olunan bir uşaqlıq obrazını möhkəmləndirir.
Uşaq Avroviziyası siyasətdən uzaq bir müsabiqə kimi təqdim olunsa da, uşaqlar da yaşadıqları ölkələrin mövqelərindən və münasibətlərindən tamamilə təsirlənmədən qala bilmirlər. Onlar böyüklərin yaratdığı dünyanın içində böyüyürlər, amma fərq bundadır ki, bu dünyanı daha təmiz, daha sadə görürlər. Uşaqları siyasətin gətirdiyi nifrəti bir anlıq kənara qoya bilirlər.
Bunun ən səmimi nümunələrindən biri 2021-ci ildə baş vermişdi. Azərbaycanın təmsilçisi Sona Əzizova finalda qalib gələn erməni iştirakçı Malenanı qucaqlayıb təbrik etmişdi. Həmin an sosial media hesabımızda paylaşılmış, soyuq münasibətlərin yerini bir anlıq istilik və dostluq almışdı. Bu, uşaqların böyüklərin qura bilmədiyi körpüləri necə asanlıqla qura bildiyini də göstərirdi.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






