İsrailin Avroviziya Mahnı Müsabiqəsində iştirakı parlaq qələbələr, mədəni ifadə və bitib-tükənməyən qalmaqalların vəhdətidir. Dörd dəfə (1978, 1979, 1998 və 2018) zirvəyə yüksəlsə də, bu yol heç vaxt hamar olmayıb – siyasi çəkişmələr, səhnə arxası dramlar və ictimai narazılıqlar daim bu müsabiqə səhnəsində İsrailin kölgəsi olub.
Hələ Avroviziyaya ilk addımını atdığı andan etibarən İsrail dramların mərkəzində olub – sanki qalmaqallar bu ölkədən əl çəkmək bilmir. 1973-cü ildə ilk dəfə səhnəyə çıxmağa hazırlaşan İsrail ciddi təhlükəsizlik problemləri ilə üz-üzə qalır. Ölkəni təmsil edəcək sənətçi kimi o dövrün hit ifaçısı İlanit seçilir.
Lakin bu iştirak adi bir debüt deyil – cəmi 11 ay əvvəl fələstinli “Qara Sentyabr” terror qruplaşması Münhen Olimpiadasında israilli idmançıları qətlə yetirib. Bu hadisənin yaratdığı gərginlik səbəbindən müsabiqədə misli görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirilir. BBC kanalının məşhur şərhçisi Terry Wogan sonradan bildirib ki, təşkilatçılar hər ehtimala qarşı İsrail çıxış edərkən tamaşaçılara yerində sakitcə oturmağı və hər hansı gözlənilməz hücuma qarşı tədbirli olmağı tapşırmışdılar.
“Ey Sham” mahnısı ilə İsraili təmsil edən əfsanəvi İlanitin səhnə performansı təkcə musiqisi ilə deyil, geyimi ilə də səs-küyə səbəb oldu. Müğənni geniş, bol bir üst geyimlə səhnəyə çıxmışdı və bu, dərhal fərziyyələrə yol açdı – iddialara görə, onun paltarının altında gülləkeçirməz jilet gizlədilmişdi. Təhlükəsizlik narahatlıqları fonunda yayılan bu söz-söhbət illərlə davam etdi. Nəhayət, İlanit özü illər sonra məsələyə aydınlıq gətirərək heç bir jilet geyinmədiyini etiraf etdi və bu mövzudakı şayiələrə son qoydu.
Növbəti il də İsrailin Avroviziya macərası qalmaqalsız ötüşmədi. 1974-cü ildə ölkəni təmsil edən mahnı mətnindəki bəzi ifadələrlə ciddi müzakirələrə səbəb olub. Xüsusilə aşağıdakı misralar ətrafında gərgin debatlar başladı:
Kimsə deyir ki, onun səması sona çatır / Halbuki bir və ya iki millət üçün yetərincə hava var.
İddialara görə, bu sözlər Fələstinə dəstək mesajı daşıyırdı. Uzun illər fərziyyələr səviyyəsində qalan bu iddia qrupun üzvü Danni Sanderson tərəfindən təsdiqləndi. O, açıq şəkildə bildirdi ki, mahnı o dövrün baş naziri Golda Meirə qarşı üstüörtülü siyasi etiraz idi və İsraillə yanaşı Fələstin dövlətinin yaradılmasını dəstəkləyən bir mesajı özündə ehtiva edirdi. Bu etiraf illər sonra belə İsrailin Avroviziyadakı iştirakının həmişə siyasətdən uzaq qala bilmədiyini bir daha sübut etdi.
Bundan sonrakı illərdə İsrail və Avroviziya səhnəsində nisbi sakitlik hökm sürürdü. Lakin bu sükut uzun çəkmədi – 1978-ci ildə İsrailin qalibiyyəti ilə yeni bir qalmaqal alovlandı.
İsrailin qələbəyə doğru irəlilədiyini anlayan ərəb ölkələri dərhal reaksiyaya keçdi. Müsabiqəni yayımlayan İordaniya və digər ərəb ölkələri İsrailin qalib olacağını görən kimi canlı yayımı dayandırdılar. Lakin İordaniya bununla kifayətlənmədi – ekranlara nərgiz gülü təsviri verildi ki, izləyicilər səsvermənin son nəticəsini görməsinlər. Üstəlik, yerli xəbərlərdə İsrailin deyil, ikinci yerə çıxan Belçikanın qalib olduğu elan edildi.
Bu hadisə Avroviziyanın təkcə musiqi deyil, həm də siyasi bir arenaya çevrildiyini bir daha sübut etdi. İsrailin yarışmadakı uğurları nəinki musiqi dünyasında, həm də beynəlxalq münasibətlərdə öz əksini tapmağa başladı.
1980-ci illər İsrail ilə Avroviziya arasında nisbətən sakit bir dövr kimi yadda qaldı. Bu onillikdə İsrail müsabiqədə əsasən arxa planda qaldı və yalnız iki dəfə – musiqidən kənar səbəblərlə – gündəmə gəldi.
Birinci hadisə 1980-ci ildə baş verdi. 1979-cu ildə ardıcıl ikinci qələbəsini qazanan İsrail, növbəti il Avroviziyaya ev sahibliyi etmək hüququ qazansa da, maliyyə çatışmazlığı səbəbindən bu imkandan imtina etdi.
İkinci hadisə isə daha mürəkkəb və diplomatik incəliklərlə yadda qaldı. 1980-ci il müsabiqəsinin final tarixi İsraildə qeyd olunan Anım Günü ilə üst-üstə düşdüyü üçün, İsrailin yayımçı kanalı IBA müsabiqənin tarixinin dəyişdirilməsi ilə bağlı Avropa Yayım Birliyinə (AYB) rəsmi müraciət etdi. Lakin AYB əməkdaşlarının ivrit dilindən tərcümədə buraxdıqları kobud səhv, IBA-nın AYB-dən ciddi şəkildə narazı qalmasına səbəb oldu. Nəticədə, İsrail müsabiqədən tamamilə geri çəkildi.
Sonradan AYB bu səhvi etiraf edib, üzr istəsə də, yarışmanın tarixini dəyişdirməmək niyyətindən dönmədi. Məhz eyni səbəbdən – Anım Günü ilə təqvim üst-üstə düşdüyü üçün – İsrail 1984-cü ildə də Avroviziyada iştirakdan imtina etdi.
İsrailə üçüncü Avroviziya qələbəsini qazandıran Dana International ölkəsini təmsil etmək üçün seçildikdən sonra cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu. Xüsusilə ortodoks yəhudi icmaları, bir trans fərdin tək yəhudi dövləti olan İsraili beynəlxalq səviyyədə təmsil etməsinə açıq şəkildə etiraz edirdilər. Onlar bu seçimin dini və mədəni dəyərlərə zidd olduğunu bildirir, Dana International-ın səhnəyə çıxışını İsrailin imici üçün təhlükə kimi qiymətləndirirdilər. Bütün bu təzyiqlərə baxmayaraq, Dana International 1998-ci ildə “Diva” adlı mahnı ilə səhnəyə çıxdı və qalib gələrək həm Avroviziya tarixində, həm də öz ölkəsində bir dönüş nöqtəsinə imza atdı. Qələbəsindən sonra müğənninin səsləndirdiyi sözlər isə illər boyu yaddaşlara həkk olundu:
Qələbəm sübut edir ki, Tanrı mənim tərəfimdədir.
2000-ci ildə İsrailin Avroviziya təmsilçisi olan PingPong qrupu, musiqi səhnəsində siyasətə toxunan cəsarətli bir addım atdı. Həmin il İsrail və Suriya arasında münasibətlərin nisbi olaraq yaxşılaşmağa başlamasından ilhamlanan qrup, təqdim etdikləri video klipdə Suriya bayrağından istifadə etdi. Bu jest, sülh mesajı kimi təqdim olunsa da, IBA tərəfindən xoş qarşılanmadı.
Yayımçı kanalın sədri Gil Samsonov məsələ ilə bağlı sərt açıqlama verərək, qrupun davranışının qəbulolunmaz olduğunu bildirdi:
Onlar müsabiqədə yarışacaqlar, lakin İsrail Yayım Təşkilatı və ya İsrail xalqı adından deyil… Onlar yalnız özlərini təmsil edirlər.
Bu bəyanatla birlikdə IBA qrupdan rəsmi olaraq bütün dəstəyini çəkdi və PingPong yarışmada tək buraxıldı. Lakin bütün bu təzyiqlərə və reaksiyalara baxmayaraq, PingPong qrupu Avroviziya səhnəsinə çıxdıqda həm İsrail, həm də Suriya bayrağını birlikdə dalğalandıraraq, sülh mesajlarını dünya auditoriyasına çatdırmağa çalışdı. Bu addım, Avroviziya tarixində həm musiqi, həm də siyasi jest kimi yadda qaldı və uzun illər müzakirə olundu.
PingPong qrupu İsraili Avroviziyada təmsil edərək səhnədə siyasətdən istifadə edən nə ilk, nə də son musiqi qrupu oldu. Onlardan bir neçə il sonra, 2007-ci ildə Teapacks qrupu da Avroviziya tarixində siyasi mövzuya toxunan ifası ilə yadda qaldı.
İranın o zamankı prezidenti Mahmud Əhmədinejadın İsraili atom bombası ilə təhdid etməsi fonunda, Teapacks qrupu bu gərginliyi ifalarına daşıdı. Onlar müsabiqəyə “Push the Button” adlı mahnı ilə qatıldılar. Mahnının mətnində nüvə müharibəsi qorxusu, liderlərin məsuliyyətsizliyi və dünyanı təhlükəyə atan qərarların satirik tərzdə tənqidi yer alırdı. Sözlərdə birbaşa ad çəkilməsə də, istinadlar açıq idi və bu, bir çox ölkələrdə ciddi müzakirələrə səbəb oldu. Avroviziya qaydalarına əsasən siyasi məzmunlu mahnılar qadağan olunsa da, Teapacks-ın ifası müsabiqəyə buraxıldı. Lakin onlar finala keçə bilmədilər. Buna baxmayaraq, “Push the Button” Avroviziya tarixində açıq siyasi mesaj daşıyan ən cəsarətli çıxışlardan biri kimi yadda qaldı.
2009-cu ildə İsrail Avroviziyaya tamam fərqli, bir qədər də simvolik və barışıq mesajı daşıyan yanaşma ilə qatılıb. Bu dəfə ölkəni səhnədə yəhudi mənşəli müğənni Noa və İsrailli ərəb sənətçi Mira Awad birlikdə təmsil etdilər. Onların ifa etdiyi “There Must Be Another Way” adlı mahnı, yəhudilərlə ərəblərin harmoniya və birgəyaşayış içində yaşaya biləcəyinə dair ümidverici bir mesaj daşıyırdı.
Bu cəsarətli duet və sülh çağırışı mahnısı beynəlxalq mediada maraqla qarşılanmasına baxmayaraq, həm yəhudi, həm də ərəb icmaları arasında birmənalı qarşılanmadı. Bəziləri onları idealist və reallıqdan uzaq olmaqda ittiham edirdi. Hətta Mira Awad müxtəlif təzyiqlərə məruz qaldı və müsabiqədən çəkilməsi ilə bağlı çağırışlar belə oldu.
Lakin o, bu reaksiyalara cavab olaraq verdiyi açıqlamada niyyətlərini açıqlayıb:
Biz hər hansı mövcud vəziyyəti təmsil etdiyimizi düşünəcək qədər sadəlövh deyilik. Noa və mən sadəcə lazımi səyləri göstərdiyimiz təqdirdə mümkün olacağına inandığımız bir vəziyyəti göstərməyə çalışırıq.
Tamaşaçı səsverməsində sonuncu olan mahnı münsif səsverməsində 9-cu yerdə qərarlaşıb.
Azərbaycanın 2012-ci ildə Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etməsi İsrail üçün bir sıra çətinliklər yaradıb. İlk baxışda bu, sadəcə musiqi yarışması olsa da, siyasi və təhlükəsizlik amilləri səbəbilə İsrailin iştirak qərarı ətrafında ciddi müzakirələr baş verdi.
Əsas narahatlıqlardan biri Azərbaycanın İranla açıq sərhədlərə malik olması idi. İran mənşəli terror qruplarının yarışma zamanı terror aktları keçirməklə hədələməsi, İsrailin təhlükəsizlik orqanlarını və yayımçı kanalını ciddi narahat etdi. Üstəlik, müsabiqənin final günü İsraildə qeyd olunan mühüm dövlət bayramı ilə üst-üstə düşürdü ki, bu da iştirak qərarını daha da çətinləşdirirdi.
Təhlükəsizlik riski, regional gərginlik və daxili təqvim çətinliklərinə baxmayaraq, İsrail yarışmadan geri çəkilmədi. Müxtəlif səviyyələrdə aparılan təhlükəsizlik tədbirləri və diplomatik koordinasiyalardan sonra İsrail müsabiqədə iştirak etməyə qərar verdi.
İsrailin 2018-ci ildə Netta Barzilainin “Toy” adlı mahnısı ilə qazandığı qələbə ölkəyə böyük sevinc gətirsə də, növbəti il müsabiqəyə ev sahibliyi edəcək şəhərin seçimi ətrafında ciddi mübahisələrə səbəb oldu. Ən çox müzakirə edilən məsələ ev sahibi şəhərin Qüds olub-olmaması idi. İsrailin Baş Naziri Benyamin Netanyahu qələbədən dərhal sonra məsələ ilə bağlı qəti və rezonans doğuran bir açıqlama verdi:
Kim ki, Qüdsdə Avroviziya istəmirdi – Qüdsdə Avroviziya görəcək!
Bu bəyanat, həm ölkə daxilində, həm də beynəlxalq arenada əks-səda doğurdu. Çünki Qüds şəhərinin statusu hələ də beynəlxalq səviyyədə həssas və mübahisəli məsələ olaraq qalır. Bir çox ölkələr və təşkilatlar, o cümlədən Avropa Yayım Birliyi, yarışmanın siyasi mübahisələrdən uzaq qalmalı olduğunu vurğulayaraq, Qüdsdə keçirilməsinə ehtiyatla yanaşdılar. Nəticədə, uzun müzakirələrdən sonra Avroviziya 2019-un ev sahibi olaraq Təl-Əviv şəhəri seçildi.
İsrailin Avroviziya 2019-a ev sahibliyi etməsi, müxtəlif ölkələrdən və nümayəndələrdən müsbət reaksiyalar aldığı halda, İslandiya bu qərara açıq şəkildə qarşı çıxdı. İslandiyanın təmsilçisi olan Hatari qrupu siyasi açıqlamaları ilə diqqət mərkəzində idi. Qrup İsrailin Avroviziya 2019-a ev sahibliyi etməsini tənqid etdi və bu qərara qarşı açıq şəkildə etirazını bildirdi.
Bununla kifayətlənməyən Hatari qrupu müsabiqənin finalında tamaşaçı səsləri elan olunarkən növbəti dəfə diqqətləri üzərinə çəkməyi bacardı. Qrup üzvləri canlı yayım zamanı Fələstin bayrağını nümayiş etdirərək, İsrailin ev sahibliyinə qarşı etirazlarını bir daha səhnəyə daşıdılar. Bu hərəkət Avroviziya tarixində nadir hallarda rast gəlinən açıq siyasi jestlərdən biri kimi yadda qaldı.
Diqqəti çəkən məqamlardan biri də, digər ölkələrin təmsilçilərinə bu qədər efir vaxtı ayrılmaması oldu. Hatari qrupunun bayraq nümayişi üçün sanki xüsusi şərait yaradılmışdı və bu, bir çox izləyicidə hərəkətin əvvəlcədən planlaşdırıldığı təəssüratını doğurdu.
Daha da maraqlısı odur ki, Fələstin bayrağı artıq 2016-cı ildən etibarən Avropa Yayım Birliyi tərəfindən qadağan olunmuş 10 bayraq arasında yer alır. Belə bir qadağaya baxmayaraq, bu bayrağın final gecəsi zala necə keçirildiyi və canlı yayım zamanı necə nümayiş etdirildiyi ciddi suallar doğurdu.
Bu hadisə yalnız Hatari qrupunun sərhəd tanımayan mövqeyi ilə deyil, həm də Avroviziya kimi “siyasi olmayan” bir platformada siyasətin özünə necə yer tapdığını göstərməsi ilə yadda qaldı.
İsrailin Avroviziya 2024-də iştirakı, demək olar ki, başdan sona qədər drama, siyasi gərginlik və ictimai reaksiyalarla müşayiət olundu. Yarışmanın əvvəlində İsrailin iştirakı sual altına düşmüş, sonradan isə iştirak edəcəyi təsdiqlənsə də, bu qərar həm xalq arasında, həm də iştirakçı ölkələr daxilində ciddi müzakirələrə səbəb olmuşdu.
Ölkənin təqdim etdiyi ilkin mahnı – “October Rain”, mətnində siyasi çağırışlar və 7 oktyabr 2023-cü il hadisələrinə istinad ehtiva etdiyi üçün Avropa Yayım Birliyi tərəfindən qəbul edilmədi. AYB, mahnının siyasi neytrallıq prinsipini pozduğunu əsas gətirərək, dəyişdirilməsini tələb etdi. Bu, İsrail daxilində ciddi narazılıqla qarşılandı, hətta İsrailin yarışmadan çəkiləcəyi ehtimalı belə gündəmə gəldi.
Lakin daha sonra İsrail “Hurricane“ adlı yeni bir mahnı təqdim etdi — bəstə eyni musiqi əsasında olsa da, sözlər AYB-nin tələb etdiyi tərzdə daha neytral və simvolik məzmunla yenidən yazıldı. Nəticədə ölkə yarışmada iştirak hüququnu qoruyub saxladı, amma bu dəfə də ictimai və siyasi reaksiya dalğası İsrail ətrafında səngimədi. Bir çox ölkələrdə İsrailin yarışmadan çıxarılması üçün petisiyalar imzalandı, bəzi tamaşaçılar isə yarışmanın siyasiləşdirilməsinə etiraz olaraq boykot çağırışları etdilər. Eyni zamanda, təhlükəsizlik məsələləri səbəbindən İsrail nümayəndə heyəti üçün xüsusi tədbirlər görülməli oldu.
Bütün bu mübahisələrə və təzyiqlərə baxmayaraq, Eden Golana yəhudi icmalarından böyük və birmənalı dəstək gəldi. Onun müsabiqədə üzləşdiyi təzyiqlər və reaksiyalar, xüsusilə yəhudi diasporları arasında birlik və həmrəylik hissini gücləndirdi.
Dünya üzrə yəhudi icmaları, Edenin yalnız bir müğənni deyil, İsrailin beynəlxalq arenada səsini duyuran simvolik bir təmsilçisi olduğunu vurğulayaraq, onu açıq şəkildə dəstəklədilər. Sosial şəbəkələrdə “#StandWithEden” və “#VoteForEden” etiketləri ilə geniş dəstək kampaniyaları təşkil olundu.
Bundan əlavə, İsrailin xaricdəki səfirlikləri və diplomatik nümayəndəlikləri də öz rəsmi kanallarında xalqa və diaspora nümayəndələrinə Eden Golan üçün səs verməyə çağırışlar etdilər. Bu çağırışlar xüsusilə ABŞ, Kanada, Almaniya, Fransa və Böyük Britaniya kimi böyük yəhudi icmalarının yaşadığı ölkələrdə daha da geniş yayıldı.
Avroviziya 2024 müsabiqəsinin mətbuat konfranslarında İsrail təmsilçisi Eden Golan, Niderland təmsilçisi Joost Klein və Yunanıstan təmsilçisi Marina Satti arasında müəyyən gərginliklər yaşandı.
Eden Golana yönələn sualın ardından onun komandasından ona “Cavab vermək istəmirsənsə, cavab vermə” mesajını verdi. Bu səssizliyə Joost Klein gözlənilməz bir şəkildə müdaxilə etdi və “Niyə də yox?” deyə irad bildirib Edeni cavab verməyə təşviq etdi.
Yunanıstan təmsilçisi Marina Satti isə mətbuat konfransında Eden Golanın sualına cavab verərkən yuxuluyurmuş kimi davranaraq diqqət çəkib.
İsrailin qalmaqallı və emosional Avroviziya 2024 macərası tamaşaçıların səsverməsində 2-ci yer, ümumi nəticələrdə isə 5-ci yer ilə yekunlaşdı. Bu nəticə, yarışma boyunca İsrailin ətrafında yaranan gərgin atmosfer, siyasi təzyiqlər və mübahisələr fonunda çoxlarının gözləmədiyi, eyni zamanda olduqca simvolik bir nəticə kimi dəyərləndirildi.
İsrail 69-cu Avroviziya Mahnı Müsabiqəsində Yuval Raphaelin ifasında səslənəcək “A New Day Will Rise” mahnısı ilə yoluna davam edir. Bu mahnı təkcə melodiyası ilə deyil, həm də verdiyi ümid və dirçəliş mesajı ilə diqqət çəkir. Sözlərinə baxdıqda açıq-aşkar görünür: bu sadəcə mahnı deyil, travmanın içindən doğan bir işıq, çətin günlərdən sonra yeni səhərə çağırışdır.
Müğənninin bu yarışmadakı varlığı həm simvolik, həm də şəxsi bir anlam daşıyır. O, 2023-cü ildə Nova musiqi festivalında baş verən qanlı hücumdan sağ çıxanlardan biridir. Ona görə də onun ifası səhnədə yalnız sənət nümayişi deyil, həm də dirçəlişin canlı hekayəsidir.
Bəzi ölkələrin İsrailin Avroviziyadakı iştirakına etiraz etməsinə baxmayaraq, hazırkı mərhələdə hələlik ciddi bir siyasi və ya təşkilati dram yaşanmayıb. Lakin söhbət İsraildən getdiyi üçün bu sakitçiliyin uzun ömürlü olacağından əmin olmaq mümkün deyil
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






